AZ

Rəşad Sadıqov: “Bizə ən çox təsir edən legioner limiti oldu” – ARENA.AZ

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə futbolçularıma təşəkkür edirəm. Bu gün oyuna köklənmək çox çətin idi. Çünki üç gün bundan qabaq ağır məğlubiyyətlə qarşılaşmışdıq. Ona baxmayaraq, futbolçular tələblərimizi nəzərə alıb, ilk dəqiqələrdən sona qədər ən yaxşısını etməyə çalışdılar. Mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Rəqibin qapıçısı bu gün möhtəşəm idi.

Cavid Cəlilov bizim oyununuzda verilən səhv qərardan sonra cəzalandırılmışdı. Amma bu gün yenə bizim oyununuza təyinat almışdı. Açığı, mən də təyinatı başa düşmədim. Aydın məsələdir ki, səhv olub. Kim cəzalanıbsa, “Zirə”nin oyunlarında cəzalanıb. Nə hikmətdirsə, baş açmadım. Çempionatda başqa səhvlər olmayıb. Bəlkə də cəzalanıblar, biz hiss etməmişik. Amma açıq-aşkar bu şəkildə cəzalanan, Birinci Liqaya, Əvəzedicilər Liqasına göndərilmiş hakimlər “Zirə”nin oyunundan sonra olub. Birinci oyunda Cavid Cəlilovun baş hakim, İnqilab Məmmədovun VAR-da olması çox təəccübləndirici idi. Mövzu açıldı, sual verirəm: İnqilab Məmmədovun cəzalandırılması nə ilə bağlı idi, mənə çox maraqlıdır. Neçə vaxtdır ki, bu sual ürəyimdədir. Oyundakı əsas problem ofsayd epizodu ilə bağlı idi. Bunu ya yan xətt hakimi görməlidir, ya da VAR məsələyə qarışmalıdır. Onda elə çıxır ki, baş hakim bundan sonra ofsayd epizodlarına müdaxilə edə bilər. Bu, o anlama gəlir? Passiv ofsayda müdaxilə edə bilər? Baş hakim topa, qapıya baxır, İnqilab Məmmədov ofsayda necə müdaxilə edə bilər? Tamam, VAR-a çağırıldı, ofsayd vermədisə, buna qarışmıram, cəza tətbiq oluna bilər. Amma bu günə qədər başa düşmədim ki, İnqilab Məmmədovun cəzası nə ilə bağlıdır”.

“Start heyətini görəndə məndə bir az məyusluq oldu”

Rəşad Sadıqov çempionluğu təmin etmiş “Sabah”ın bu gün “Neftçi”yə qarşı oyunda meydana buraxdığı heyətlə də bağlı fikirlərini bölüşüb:

“Gizlətməyəcəyəm. Heyətlər bir saat əvvəl bilinir. Düzü, start heyətini görəndə məndə bir az məyusluq oldu. Təbii ki, rəqabətdir. Biz də istəyirik ki, rəqabət apardığımız komandalar xal itirsinlər. “Neftçi”ni ürəkdən təbrik edirəm. Xüsusilə də, çempionatın sonuna yaxın meydanda amansız mübarizə apardılar. Onlar da avrokuboklara getməyə layiq idilər, biz də. Onlara da avrokuboklarda uğurlar arzulayıram. Bütün klublarımıza avrokuboklarda uğurlar arzulayıram. Amma suala qayıtsam, bəli, start heyətini görəndə məndə məyusluq oldu.

Son 3 ildə 4 yarışda 2-ci olmuşuq. Bu da “Zirə” üçün çox böyük nəticədir. Azarkeşlər daha çoxunu istəyir. Bizə ən çox mənfi təsir edən məqam legioner limitinin dəyişdirilməsi idi. Limitin dəyişməsi bizə rəqabətdə ciddi problem yaratdı. Mövsüm boyu da onu hiss edirdik. Çempionat boyu zədələr, gedənlər… İl başlayandan bu günə qədər yaşadığımız problemləri nəzərə alsaq, 6-7-ci yerlərdə olsaydıq da, təəccüblənməyəcəkdim. Amma klubumuza, camiəmizə, azarkeşlərimizə təşəkkür etmək istəyirəm ki, sona qədər mübarizənin içində olduq. Əlimizdən gələni etdik, amma alınmadı”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
1
2
arena.az

10Mənbələr