AZ

"İstəmərəm ki, avrokuboklarda 1 tur oynayıb məğlub olaraq geri dönək" - Yuri Vernidub

Misli premyer-liqasının 32-ci turunda "Sabah"ın qonağı olan "Neftçi" 2:1 hesablı qələbə sayəsində Konfrans Liqasına vəsiqə qazandı.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Düşünürəm ki, çox gözəl axşamdı. Biz maksimum hədəfə çatdıq.

- Komandaya gələrkən "Neftçi" avrokuboklar zolağından uzaq idi. Bu işi üzərinizə götürərkən əmin idiz ki, öhdəsindən gələcəksiz?
- Bəli, qarşıma məqsəd qoyulmuşdu ki, "Neftçi" avrokuboklarda çıxış etsin. 4-cü pillədən çox uzaqda idik. Amma bunu reallaşdırmaq mümkün idi. Gəldikdən 2 matç sonra yaxşı oldu ki, fasiləyə getdik. Həmin fasilədən maksimum yararlandıq, oyunçularımı yaxından tanımaq şansım oldu. Sizə səmimi olaraq deyirəm ki, bu gün çox xoşbəxt insanam.

- Motivasiya amili öz yerində, amma baş məşqçi əsas nəyi dəyişdi ki, uğur qazanmağa başladız?
- Hər bir futbolçu ilə fərdi söhbətlər etdim. Sonra nizam-intizamı qaydasına saldıq. Anlayırdıq ki, biz "Neftçi"yik və hər matçı 1 nömrə kimi oynamalıyıq. Ən azı, "Qarabağ" və "Sabah" kimi görünməli idik. Bura gələndə ən güclü komanda bu iki rəqib idi. Oyunçulara inandım, onlar da mənə inandılar. Klubun işçilərinə də təşəkkür edirəm. Onlar da əllərindən gələni etdilər. Xüsusi olaraq da, rəhbərliyə təşəkkür edirəm. Hər zaman bizim yanımızda oldular. Bu cür nəticələrin əldə edilməsində birlik önəmlidi. Bu bizim qələbəmizin təminatçısıdı.

- Bu heyətlə avrokuboklarda uğur qazanmaq olar?
- Bəzi futbolçuların müqavilələri bitir, bəzilərində isə davam edir. Bunu mövsüm bitdikdən sonra ətraflı düşünəcəyik. Təbii ki, komandaya yeni qan da lazımdı. İstəmərəm ki, avrokuboklarda 1 tur oynayıb məğlub olaraq geri dönək. Görəcəyimiz həddindən artıq çox iş var. Qarşıya qoyulan məqsədlərə çatmaqdan ötəri çox çalışmalıyıq.

Seçilən
1
5
football-plus.az

7Mənbələr