AZ

Yuri Vernidub: “Komandaya yeni qan lazımdır” – ARENA.AZ

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 32-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü “Neftçi”nin 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Fikrimcə, çox gözəl axşamdır. Hədəfimizə çatdıq. Sizə səmimi olaraq deyirəm ki, bu gün çox xoşbəxtəm. Mən Bakıya gələndə qarşıma elə bir məqsəd qoyulmuşdu ki, “Neftçi” avrokuboklarda çıxış edə bilsin. Bilirdim ki, 4-cü pillədən çox uzaqdayıq. Amma bunu reallaşdırmaq mümkün idi. Gəldikdən 2 matç sonra yaxşı oldu ki, fasiləyə getdik və həmin fasilədən maksimum yararlanaraq oyunçularımı yaxından tanımaq şansım oldu. Hər bir futbolçu ilə fərdi söhbət etdim. Sonra nizam-intizamı yerinə oturtduq. Anlayırdıq ki, biz “Neftçi”yik və hər bir matçı 1 nömrə kimi oynamalıyıq. Ən azından biz “Qarabağ” və “Sabah” kimi görünməli idik. Buraya gələndə ən güclü komanda onlar idilər. Oyunçulara inandım və onlar da mənə inandılar. Klubun işçilərinə də təşəkkür edirəm. Onlar da əllərindən gələni etdilər. Xüsusi olaraq da, rəhbərliyə təşəkkür edirəm. Hər zaman bizim yanımızda oldular. Bu cür nəticələrin əldə edilməsində birlik önəmlidir. Bu, bizim qələbəmizin təminatçısıdır”.

Yuri Vernidub bu heyətlə avrokuboklarda uğur qazanmağın mümkünlüyü barədə sualı da cavablandırıb:

“Bəzi futbolçuların müqavilələrinin müddəti bitir, bəzilərində isə davam edir. Bunu mövsüm bitəndən sonra ətraflı düşünəcəyik. Təbii ki, komandaya yeni qan da lazımdır. İstəmərəm ki, avrokuboklarda 1 tur oynayıb və məğlub olaraq geri dönək. Bizim görəcəyimiz həddindən artıq çox iş var. Qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü çox çalışmalıyıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
18
8
arena.az

10Mənbələr