Yoxsulluq vətəndaşların mənzil, təhsil, sosial sabitlik kimi əsas xidmətlərə, eləcə də ölkənin iqtisadi həyatında iştiraka çıxışını məhdudlaşdırır. Ən vacib məqamlardan biri mənzilə çıxışın təmin edilməsidir.
Teleqraf xəbər verir ki, bu barədə Mərakeş Krallığının Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyinin Mənzil Məsələləri üzrə Dövlət Katibi Ədib Benbrahim Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində panel sessiyada çıxışında deyib.
O qeyd edib ki, insanların mənzilə çıxışı olmadıqda onların sabit həyatı olmur və bu da aktiv ictimai və iqtisadi həyata qoşulmalarına mane olur:
“Aşağı gəlirli vətəndaş mənzil əldə etmək istədikdə, gəlirinin böyük hissəsini buna sərf etməli olur. Bu isə onun gündəlik həyatdakı digər ehtiyaclarını qarşılamağa imkan vermir. Bu gün mənzil xərcləri orta gəlirli vətəndaşlar üçün belə o qədər yüksəkdir ki, təhsil və səhiyyə kimi digər vacib ehtiyacların ödənilməsini çətinləşdirir. Buna görə də mənzil məsələsində sürətli addımlar atılmalıdır.
Mərakeş bu problemin fərqindədir və yoxsulluğun azaldılması üçün mənzili əsas vasitələrdən biri hesab edir. Ölkə mənzil siyasətini ərazi bütövlüyü və sosial ədalət siyasətlərinin milli prioritetinə çevirib. Bu istiqamətdə üç əsas sütun mövcuddur: sosial mənzil tikintisinə dövlət dəstəyi, ümumi hüquqi və institusional çərçivənin təkmilləşdirilməsi, həmçinin aşağı gəlirli insanlar üçün sosial maliyyələşdirmə, xüsusilə də gecəqondu məhəllələrinin aradan qaldırılması.
Bu gün Mərakeşdə “Mənzil və Şəhər İnteqrasiyası üzrə Həmrəylik Fondu” adlı mənzil fondu mühüm rol oynayır və onun sayəsində bir çox gecəqondu məhəllələri ləğv edilib:
“Hazırda şəhərlərin 61 faizi gecəqondusuzdur. Aşağı və orta gəlirli təbəqələr üçün dövlət-özəl tərəfdaşlığı da mühüm nəticələr verib. Sosial mənzil proqramı çərçivəsində 720 min ailə üçün 720 min mənzil təklif olunub. Digər mühüm yenilik isə əvvəlki yanaşmadan fərqli olaraq tikinti şirkətlərinin deyil, birbaşa vətəndaşların dəstəklənməsidir. Vətəndaşlara mənzilin yerləşdiyi əraziyə uyğun olaraq 70 minlə 100 min dirhəm arasında maliyyə dəstəyi verilir ki, bu da mənzilin qiymətinin təxminən üçdəbirini təşkil edir.
Əvvəlki proqramlardan fərqli olaraq, vətəndaşlar yalnız sosial mənzillərin yerləşdiyi ərazilərdə deyil, istədikləri yerdə yaşamaq imkanı əldə edirlər. Bu proqram 2024-cü ilin ortalarında başlayıb və artıq 100 mindən çox insan bundan faydalanıb.
Bununla yanaşı, anlayırıq ki, təkcə mənzil kifayət deyil. İnsanların bütün zəruri xidmətlərə çıxışını təmin etmək üçün lazımi infrastruktur və ictimai xidmətlər də təmin olunmalıdır”.