Son həftələrdə Azərbaycanda, Türkiyədə, İranda və Dağıstanda müşahidə olunan leysanlar artıq adi hava hadisəsi kimi izah edilmir. Bölgədə bəzən bir aylıq normanın 24 saat ərzində düşməsi, Bakıda küçələrin su altında qalması, bölgələrdə dolu və sel hadisələrinin artması yeni müzakirə yaradıb.
Turkustan.az xəbər verir ki, Türkiyə media seqmentində və sosial şəbəkələrdə bu mövzu artıq “bulud toxumlama”, “yağmur hırsızlığı”, “iqlim silahı” və “hava modifikasiyası” başlıqları ilə müzakirə olunur. "CNN Türk"ün sosial media platformasında yayılan materiallarda belə iddialar gündəmə gətirilib: İranın BƏƏ-dəki bulud toxumlama təsislərini vurduğu, bundan sonra Türkiyə və bölgədə yağışların artdığı irəli sürülüb.

Türkiyənin "Teyit" platforması da bu iddiaları ayrıca araşdırıb. Orada yayılan versiyaya görə, İsrail və Körfəz ölkələrinin bulud toxumlama texnologiyaları vasitəsilə Türkiyəyə düşməli olan yağışları öz ərazilərinə çəkdiyi, İranla savaşdan sonra isə hava məkanlarının bağlanması və bəzi təsislərin sıradan çıxması nəticəsində bölgədə yağıntıların artdığı iddia olunur. Teyit bu iddiaların elmi baxımdan sübuta yetirilmədiyini yazsa da, mövzunun Türkiyə ictimaiyyətində ciddi rezonans doğurduğunu təsdiqləyir.
"Anadolu Agentliyi"nin “Teyit Hattı” bölməsi də “yağmur hırsızlığı” iddiasını araşdırıb və professor Mikdat Kadıoğlunun rəyinə istinad edib. Kadıoğlu bu iddiaları elmi əsasdan uzaq saysa da, bulud toxumlama texnologiyasının real mövcudluğunu inkar etmir.
Əsas məsələ də buradan başlayır: bulud toxumlama fantastika deyil, real texnologiyadır. Birləşmiş Ərəb Əmirliklərinin rəsmi Milli Meteorologiya Mərkəzi bu proqramın ölkədə tətbiq olunduğunu açıq şəkildə göstərir. BƏƏ-nin “Rain Enhancement” proqramı da su təhlükəsizliyi və yağışların artırılması məqsədilə fəaliyyət göstərir.
Lakin mübahisə bu texnologiyanın miqyası ilə bağlıdır. "Reuters", "AP" və "Al Jazeera Dubay" daşqınlarından sonra yazırdılar ki, bulud toxumlama mövcud olsa da, mütəxəssislərin böyük hissəsi 2024-cü ildə BƏƏ-də baş verən tarixi daşqınları əsasən iqlim dəyişikliyi və güclü atmosfer sistemləri ilə izah edir.

İran faktoru isə bu müzakirələrə əlavə siyasi və hərbi qat gətirib. Fevraldan başlayan İran-İsrail-ABŞ qarşıdurması zamanı qarşılıqlı raket zərbələri nəticəsində Körfəz ölkələrində, Səudiyyə Ərəbistanında, İraqda, ABŞ bazalarında, məlumat mərkəzlərində və strateji obyektlərdə ciddi hədəflərin vurulduğu barədə xəbərlər yayıldı. Bu fonda Türkiyə sosial mediasında belə bir versiya gücləndi: İranın zərbələri bölgədə illərdir fəaliyyət göstərən hava və iqlim modifikasiyası sistemlərinin bir hissəsini sıradan çıxarıb, nəticədə bulud axınları əvvəlki kimi yönləndirilməyib və yağıntılar yenidən təbii marşrutlarına qayıdıb.
Bu versiya hələ sübut olunmuş fakt deyil. Amma onu qidalandıran reallıqlar var.
Birincisi, Körfəz ölkələrində süni yağış proqramları açıq şəkildə mövcuddur.
İkincisi, İran illərdir ağır quraqlıq yaşayır. Prezident Məsud Pezeşkian ötən il dəfələrlə Tahranın su böhranı səbəbindən artıq yaşanmaz hala gəldiyini, paytaxtın köçürülməsinin zərurətə çevrildiyini bildirib. AP yazırdı ki, Tehran bəndlərində su ehtiyatları son 60 ilin ən aşağı səviyyəsinə düşüb və Pezeşkian yağış olmazsa, su norması və hətta evakuasiya ehtimalından danışıb.
"The Guardian" və "Scientific American" da Pezeşkianın Tehranın paytaxt kimi saxlanmasının artıq mümkün olmadığına dair çıxışlarını su böhranı, quraqlıq, əhali sıxlığı və torpağın çökməsi ilə əlaqələndirib.

Üçüncüsü, son aylarda mənzərə dəyişib. İran, Türkiyə, Azərbaycan və Dağıstan xəttində uzunmüddətli, ağır və aqressiv yağışlar müşahidə olunur. Əvvəllər yaz yağışları bir neçə saat çəkirdisə, indi 24, 36, hətta 48 saat davam edən leysanlar qeydə alınır. Bu, cəmiyyətdə “buludlar geri qayıdır” versiyasını gücləndirir.
Elmi dairələr bu versiyanı hələ təsdiqləmir. Amma mütəxəssislərin qəbul etdiyi bir həqiqət var: iqlim dəyişib, atmosfer daha çox rütubət saxlayır və yağışlar daha dağıdıcı xarakter alır. AP-nin istinad etdiyi tədqiqatlarda Dubay daşqınları kimi hadisələrdə qlobal istiləşmənin yağıntıları 10-40 faiz artırdığı qeyd olunur.
Beləliklə, bölgədə baş verənlər iki xətt üzrə izah olunur: rəsmi elmi yanaşma bunu iqlim dəyişikliyi, istiləşmə və atmosfer dövranı ilə əlaqələndirir; alternativ regional nəzəriyyə isə Körfəz ölkələrindəki süni yağış proqramlarının və müharibə zamanı vurulan strateji obyektlərin hava balansına təsir etdiyini iddia edir.
Hər iki halda bir nəticə dəyişmir: Azərbaycan, Türkiyə və İran artıq yeni iqlim reallığı ilə üz-üzədir. Yağışlar daha uzun, daha güclü, daha təhlükəli və daha dağıdıcı olur./Musavat.com