AZ

Klaudio Barbaro: "Mənzil böhranına xüsusi diqqət yetirilməlidir"

Hazırda ölkələr mənzil böhranına xüsusi diqqət yetirməlidir.

"Report" xəbər verir ki, bunu İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi məsələləri üzrə dövlət katibinin müavini Klaudio Barbaro Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, ölkələrin iqlim dəyişikliyindən tutmuş mənzil böhranına, sosial bərabərsizliklərdən resursların dayanıqlı idarə olunmasına qədər qarşılaşdığı əsas çağırışlar yerli səviyyədə xüsusilə ciddi hiss olunur: "Buna görə yerli hakimiyyət orqanlarını inkişafın ortaq yaradıcıları kimi tanımaq, inteqrasiya olunmuş yanaşmaları, təbiətə əsaslanan həlləri, dövri iqtisadiyyat modellərini və şəhər ilə kənd əraziləri arasında yenilənmiş balansı tətbiq etmək üçün onlara səlahiyyət vermək vacibdir. Bu gün sosial həmrəyliyə, ədalətə və insan ləyaqətinə birbaşa təsir edən mənzil böhranına xüsusi diqqət yetirilməlidir".

O əlavə edib ki, İtaliya üçün bu sahədə növbəti prioritet isə beynəlxalq səviyyə daxil olmaqla, qərar qəbulu proseslərinə yerli hakimiyyət orqanlarının daha sistemli cəlb olunmasını təmin etməkdir: "Şəhərlərin və regionların idarəetmə, təcrübə, məlumat və resurslar baxımından potensialına investisiya qoyulması dəyişiklik üçün zəruri şərtdir. Bu kontekstdə, Könüllü Milli Hesabatların (VNR) və Könüllü Yerli Hesabatların (VLR) inteqrasiyası prosesləri yerli, milli və qlobal səviyyələr arasında uzlaşmanı gücləndirmək və 2030-cu ildən sonrakı siyasətləri yönləndirmək üçün strateji bir alətdir".

İtaliyalı rəsmi vurğulayıb ki, ölkələr çoxtəbəqəli idarəetmənin gücləndirilməsinə yönəlmiş tərəfdaşlıqları möhkəmləndirməli, DİM-lərin yerliləşdirilməsini təşviq etməli və dayanıqlı inkişaf üçün siyasətlərin uzlaşdırılmasını təmin etməlidir: "Bu mənada İtaliya öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır".

Seçilən
11
far.az

1Mənbələr