“Mən bu foruma Qvineya Respublikasını təmsil etmək üçün qatılmışam. Qvineya Respublikası digər qardaş ölkələrlə birlikdə dünyada mənzil məsələlərinin müzakirəsində iştirak edir. Hesab edirəm ki, insanların harada yaşamasından asılı olmayaraq, hər bir vətəndaş layiqli yaşayış şəraiti ilə təmin edilməlidir”.Bu fikirləri Metbuat.az-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Qvineya Respublikasının şəhərsalma, mənzil və ərazi inkişafı naziri Romer Lamine Samadri bildirib. Nazir hesab edir ki, yaşayış məkanlarının qurulması zamanı infrastruktur məsələləri də nəzərə alınmalıdır: “Bu yanaşma həm Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, həm də ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanda yağan bol yağışı bərəkətin rəmzi kimi qiymətləndirirəm. Biz burada sosial mənzil təminatı ilə ətraf mühitin mühafizəsi arasında balans yaratmaq, eləcə də iqlim dəyişikliyi fonunda dayanıqlılığı gücləndirmək məqsədilə böyük həvəslə bir araya gəlmişik. Qeyd etməliyəm ki, Azərbaycan ötən ay Nayrobidə keçirilən Afrika Forumunda qəbul olunmuş öhdəliklərin icrası istiqamətində nümunə göstərən ölkələrdən biridir.”Gülbəniz Hüseynli / Metbuat.az