AZ

WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı keçirilir

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşü - Açılış Sessiyası" təşkil olunur.

Trend xəbər verir ki, tədbirdə 2016-2036-cı illəri əhatə edən Yeni Şəhər Gündəliyinin icrasının orta mərhələsində görülən işlər qiymətləndirilir, mövcud çatışmazlıqlar müzakirə edilir və 2036-cı ilədək fəaliyyətin sürətləndirilməsi yolları nəzərdən keçirilir.

Nazirlər görüşü 2026-cı ildə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum (HLPF) və BMT Baş Assambleyasının icmal prosesi öncəsi mühüm platforma hesab olunur. Tədbirdə dayanıqlı şəhər inkişafının əsas istiqamətlərindən biri kimi mənzil məsələsinə xüsusi diqqət ayrılır.

Müzakirələr Yeni Şəhər Gündəliyinin üç əsas istiqaməti - sosial inklüzivlik və yoxsulluğun azaldılması, ümumi rifahın artırılması və ekoloji dayanıqlılıq - əsasında aparılır. Çıxışlarda mənzilin yalnız fundamental insan hüququ deyil, həm də iqtisadi imkanların genişlənməsi, şəhərlərin dayanıqlığının artırılması və iqlim fəaliyyətinin gücləndirilməsi üçün əsas amillərdən biri olduğu vurğulanır.

Tədbir çərçivəsində yüksək səviyyəli tematik panel müzakirələri keçirilir. Panellərdə mənzilin sosial inklüzivlik və yoxsulluğun azaldılmasındakı rolu, şəhər rifahı və iqtisadi imkanların genişləndirilməsinə təsiri, eləcə də ekoloji dayanıqlı və iqlimə davamlı şəhər inkişafındakı əhəmiyyəti müzakirə olunur.

Nazirlər və digər iştirakçılar yaxşı təcrübələri bölüşür, innovativ siyasət və maliyyələşdirmə mexanizmlərini müzakirə edir, çoxsəviyyəli idarəetmə yanaşmalarının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparırlar.

Görüşün yekununda Yeni Şəhər Gündəliyinin icrasına dair siyasi öhdəliklərin gücləndirilməsi, mənzil siyasətinin dayanıqlı şəhər inkişafının mərkəzinə yerləşdirilməsi və 2036-cı ilədək fəaliyyətin sürətləndirilməsi məqsədilə yeni yanaşmaların formalaşdırılması nəzərdə tutulur.

Tədbirin nəticələri sədr yekun sənədində əks olunacaq və bu sənəd NUA üzrə aralıq icmal prosesinə, HLPF 2026 müzakirələrinə, həmçinin WUF13-ün əsas yekun sənədlərindən biri olan Baku Call to Action təşəbbüsünə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
2
olaylar.az

7Mənbələr