Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa vermək niyyətində olduğunu yaxın ətrafına bildirib.
Redaktor.az xəbər verir ki, Britaniyanın "Daily Mail" qəzeti bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzet mənbədən sitat gətirərək bildirib ki, “O, mövcud xaosun davamlı olmadığını başa düşür. O, sadəcə bunu ləyaqətlə və özünün uyğun bildiyi şəkildə etmək istəyir. O, cədvəl tərtib edəcək”.
Qeyd olunur ki, Starmerin yüksək vəzifəli müttəfiqləri onu Böyük Mançesterdəki Makerfild seçki dairəsində İcmalar Palatasında (aşağı palata) əlavə seçkilərdə ilkin səsvermə nəticələrini və səslərin sayılmasını gözləməyə çağırdıqları üçün mümkün istefa elanının tarixi hələ də məlum deyil. Populyar Leyborist siyasətçisi Endi Börnhem bu seçki dairəsində yer axtaracaq. Qalib gələrsə, İcmalar Palatasının üzvü olacaq və bu da ona partiya liderliyi uğrunda Starmerə qarşı mübarizə aparmağa imkan verəcək. Rəy sorğuları göstərir ki, Börnhem Starmeri vəzifəsindən kənarlaşdırmaq üçün ən güclü namizədlərdən biridir.
Başqa bir mənbə Starmerin heç bir risk götürmək istəmədiyini, çünki əlavə seçkilərdə məğlub olmağın çox alçaldıcı olacağını bildirib.
Aminə ŞAHSUVARQIZI