AZ

Eldar Mansurov: "Əvvəlcə mahnı yaz, sonra ciddi musiqilərinə baxarıq dedilər və mən küsdüm"

"Məktəbdə qonaq olan hər bir elm və sənət adamı, hər bir görkəmli bəstəkar, yazıçı və ya idmançı ömürlük şagirdlərin yaddaşına yazılır. Bu insanların həyat və yaradıcılıq yolu, qazandığı uğurlar məktəblilər üçün əsl örnəyə çevrilir". Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə "Kaspi" qəzetinin reallaşdırdığı "Məktəbdə..." layihəsinin növbəti qonağı tanınmış bəstəkar, Xalq artisti Eldar Mansurov şagirdlərlə görüşünü ən gözəl xatirə adlandırıb.

Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada keçirilən görüşdə bəstəkar öz mahnılarının melodiyası ilə qarşılandı.

Azreform.info  "Kaspi" qəzetinin müsahibəsini təqdim edir:

O günlər geri qayıtmır...

"Mən də hamı kimi uşaq olmuşam. Bir az dəcəl idim. Oğlan uşaqları dəcəl olur. Amma bizim dövrümüzdə dəcəllik başqa cür idi..." - deyə qonaq uşaqlıq illərini xatırladı: "Sizin dəcəllik daha çox intellektualdır. O vaxt telefon, planşet yox idi, küçə oyunları vardı. Biz küçədə futbol və digər oyunlar oynayırdıq. İndi uşaqların küçədə futbol oynamaq üçün yerləri yoxdur. Hər tərəfdə göydələnlər tikildiyindən oyun üçün yerlər qalmayıb. Yadımdadır, dərsdən qaçıb kinolara gedərdik. İndi kinolara gedən də yoxdur. Uşaqlığımız xoşbəxt keçirdi. Uşaqlıq xoşbəxtliyi ayrı şeydir. O günlər bir də geri qayıtmır. Odur ki, uşaqlığınızın qədrini bilin..." E.Mansurov yaddaşında qalan təhsil aldığı orta məktəblə bağlı da xatirələrini bölüşdü: "40 ildən sonra oxuduğum 190 saylı məktəbə getdim. "Köhnə müəllimlərimdən hansınısa görəcəyəm və ya keçmişdən olan bir şeylə qarşılaşacağam", - deyə düşünürdüm. Amma gördüm ki, bizim müəllimlərdən heç kim yoxdur, hamısı dünyasını dəyişmişdi. Təkcə sinif müəllimim qalmışdı. Oturub müəllimimlə söhbət etdim. Dedi ki, indi burada sənin müəllimlərinin övladları dərs deyir. Bu, mənə həm xoş, həm də ağır idi. Amma ondan sonra daha məktəbə getmədim. Çünki o illəri yada salmaq çox çətindir, adamı duyğulandırır. Mən duyğulanmaqdan yorulmuşam..."

"O səhnədə hansı korifeyləri görməmişdim?"

Qonaq sözünə davam edərək musiqini uşaqlıqdan sevdiyini söylədi: "Bağça yaşlarımda atam Bəhram Mansurov məni özü ilə Opera Teatrına aparardı. O, teatrın solist-tarzəni idi. Müslüm Maqomayevin operalarında tar parçalarını ifa edirdi. Mənim üçün yanlarında balaca "taburetka" qoyub otuzdururdular. Evimizdə də, o səhnədə də muğamı dinləyirdim. O səhnədə hansı korifeyləri görməmişdim? Onlar bizim evimizə də gəlirdilər. Bütün bunlar mənim musiqiyə, muğama olan sevgimi formalaşdırdı. Mənim 16 yaşım olan ildə Bakıda estrada musiqi festivalları, "Qızıl payız" festivalı keçirilirdi. Mən həmin festivallarda müxtəlif qrupların heyətində iştirak edirdim. O qruplarda müxtəlif janrda musiqilər ifa edilirdi. Məktəb yaşlarında estrada musiqilərinə böyük həvəsim vardı. O zaman "Bitlz" qrupu çox populyar idi. Biz də o cür qrupları sevirdik. Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyanda klassik musiqi təhsili aldım. Yavaş-yavaş həm musiqinin nəzəriyyəsini öyrənməyə başladım, həm də bəstəkarlığa keçdim. Düşünürdüm ki, ciddi musiqi yazacağam - opera, balet, xor, operetta... Amma belə oldu ki, yolumu kəsdilər: "Əvvəlcə mahnı yaz, görək necə yazırsan, sonra sənin ciddi musiqilərinə baxarıq..." - deyildi. Mən küsdüm".

"İndi artıq mahnı yazmıram"

Bəstəkar bundan sonra evdə özü üçün işləməyə başlayıb: "Bir gün anam mahnı yazmağımı istədi. İlk mahnım yaradıcılığımda uğurlu oldu. Mahnılarımı Azərbaycanın ən məşhur ifaçıları oxudular. Yalçın Rzazadə, Elmira Rəhimova, Flora Kərimova, Mirzə Babayev, Akif İslamzadə üçün yazmağa başladım. Beləcə mənə həvəs gəldi. Daha sonra Brilyant Dadaşova, Aygün Kazımova, Faiq Ağayev kimi məşhur müğənnilərlə mahnı yaradıcılığıma davam etdim. Uzun illər mahnı yazdım. İndi artıq mahnı yazmıram. Simfonik musiqiyə meyl edirəm. Çünki mahnı janrında artıq sözümü demişəm. Bir çox mahnılarım təkcə Azərbaycanda deyil, xaricdə də səslənir. Əlbəttə, Azərbaycan simfonik musiqisi Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Aqşin Əlizadə kimi görkəmli bəstəkarlarla tanınıb. Musiqimiz xaricdə məhz bu bəstəkarlarla təmsil olunurdu. Onlardan sonra Azərbaycan musiqisini xaricdə tək-tək adamlar təmsil edirlər. Mən də özümü o böyük bəstəkarların işini davam etdirməyə həsr etdim: yalnız klassik musiqi yazmağa başladım. İndi daha çox xaricdə konsertlər keçirirəm. Son illər Macarıstan, İtaliya, Türkiyə kimi ölkələrdə konsertlərim olub. Xaricdə dinləyicilər klassik musiqiyə üstünlük verirlər. Simfonik orkestrin müşayiəti ilə keçirilən konsertlər anşlaqla keçir. Həmişə yenilənmiş proqramlar təqdim etməyə çalışıram. Bizim estrada musiqisi ancaq öz dilimizdə səslənir, amma xaricdə dinlənilmək istəyirsənsə, onlar əsasən simfonik musiqiyə qulaq asırlar. Başqa xarici ölkələrdə də konsertlərim nəzərdə tutulur. Həmçinin bu yaxınlarda Bakıda mahnılarımdan ibarət bir konsertim olacaq. İndi bir sıra gənc müğənnilər - Aysel Teymurzadə, Nigar Camal, Eldar Qasımovun ifasında mahnılarım səslənir".

"Çox istərdim ki, nəvələrim də bəstəkar olsunlar"

Bəstəkar bildirdi ki, uğurlu mahnının taleyi ifaçıdan da asılıdır: "Rəssamın ən gözəl əsəri fırçadan, kətandan ya rəssamdan asılıdır? Bunlar hamısı biri-birini tamamlayır. Yəni kətan, fırça olmasa, rəssam necə çəkəcək? Mahnı da belədir: şair sözlərini, bəstəkar musiqini yazır - buna ruh verən isə ifaçıdır. İfaçı ya o mahnını hamı üçün populyarlaşdırır, ya da camaatın gözündən salır".

E.Mansurov musiqi sənətində atası, babası və ulu babasının onun idealı olduğunu bildirdi: "Mən ata babamın davamçısı olmaq istədim. Mansurovların musiqi irsini davam etdirmək mənim üçün böyük şərəf və məsuliyyət olub. Çox istərdim ki, nəvələrim də bəstəkar olsunlar. Babamın 115 illik yubileyi keçiriləndə nəvələrimi də tədbirə apardım. "Qoy eşitdikləri yaxşı şeylər onların yaddaşında qalsın", - deyə düşündüm. İnsan beyni sandıq kimidir. Bir gün o xatirələr elə bir küncdən çıxacaq ki..."

"İndiki musiqilərin çoxu bayağıdır"

Qonaq şagirdlərə mütaliə ilə bağlı məsləhətlərini verdi: "Mən çox kitab oxumuşam. Yaxşı ilə pisin fərqini ayırd etmək üçün bəzən yaxşı və pis kitabları da oxumuşam. Pis kitablar da kimin üçünsə yazılır. Mən daha çox uşaqların mənəvi qidalanmasının tərəfdarıyam. Riyaziyyat, fizika kimi fənlər onsuz da irəli gedəcək. Ona görə mənəvi tərəfi boş buraxmaq lazım deyil. Yaxşı musiqiyə qulaq asın, yaxşı filmə baxın. "Babək", "Nəsimi" filmlərinə baxmısınız? O filmlərə baxanda orada səslənən musiqiləri yadınızda saxlayın. Bunlar sizin gələcəkdə şəxsiyyəti kimi yetişməyinizə kömək edəcək". E.Mansurov hazırda yazılan musiqilərə diqqət çəkdi: "Bizim köhnə klassik musiqiləri dinləyin. İndiki musiqilərin çoxu bayağıdır. Onların başına elə bir oyun açırlar ki, toyxana mahnılarına çevrilir. Bununla zövqü formalaşdırmaq olmaz. Onlar bir saatlıq musiqilərdir. Elə mahnılar var ki, onları dəyişmək olmaz. Məsələn, Şövkət Ələkbərovanın oxuduğu mahnını cavanlardan kimsə rəqs musiqisi kimi edib. O, sizin yadınızda qalmayacaq. Qara Qarayev deyəndə indiki gənclik "metro Qarayev"i düşünür. Bilmirlər ki, o, Azərbaycanın görkəmli bəstəkarıdır. Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Cövdət Hacıyev kimi bəstəkarların əsərləri hər zaman üçün klassikdir. Siz həm də təkcə klassik Azərbaycan musiqisini dinləməyin, dünya musiqisinə qulaq asın. Mən daha çox klassik musiqiləri xoşlamışam".

Hamının canındakı vətənpərvərlik

Bəstəkar şagirdlərə yaradıcılığında mühüm yer tutan vətənpərvərlik mahnılarından da danışdı: "Vətənpərvər musiqi hamının canında var. Cavanşir Quliyevin "Əsgər marşı"nı eşitməyən varmı? Mənim "Qalx, qalx, ulu torpaq" mahnımı Mübariz Tağıyev oxudu. O mahnını hamı eşidib. Bu gün o mahnını çox müğənni oxuyur. Bunlar Birinci Qarabağ müharibəsi zamanı yazılan mahnılar idi. O zaman yazdığım "Yada sal" mahnısı İkinci Qarabağ müharibəsi zamanı populyarlaşdı. Bu mahnı şəhidlərə həsr olunmuşdu. Hər mahnının öz vaxtı var. 30 il sonra bu mahnı qəbul olundu. Bizim millət hər şeyi sərraf dəqiqliyi ilə görür və özününküləşdirir. Çox xoşbəxtəm ki, bu mahnı da camaatımız tərəfindən sevildi. Bu mahnıları sevgi və məişət mahnılarından üstün tutun. Bu mahnılar bizi sevindirir, kədərləndirir və ruhlandırır. Bizi yaşadan belə musiqilərdir..."

"Əsər barmaqlarımdan süzülübsə, onların hamısını sevirəm"

E.Mansurov bəstəkarın yaradıcılıq ilhamına toxunaraq bunun üçün hazır bir reseptin olmadığını dedi: "Heç kəs deyə bilməz ki, mən oturdum belə yazdım və ya yazmaq istəyirəm. Qarşına qələm, kağız qoyub "indi mən musiqi yazacağam" deyə yazmaq olmur. Hər hansı musiqi nədənsə duyğulananda yaranır. Amma yaradıcılıqda maraqlı bir paradoks da var: bir də görürsən ki, çox kədərli bir halın var. Oturursan yazmağa, şən bir musiqi alınır. Elə məqam olur ki, sən heç yazmağı düşünmürsən, amma hansısa hadisənin, anın təsiri altında piano arxasına keçirsən..."

Bəstəkar onun üçün bütün əsərlərinin sevimli və doğma olduğunu söylədi: "Əgər o əsər mənim barmaqlarımdan süzülübsə, onların hamısını sevirəm. Mənim üçün "güclü" və "zəif" əsər yoxdur. Bu, bilirsiniz nəyə bənzəyir: iki övladdan biri xəstə olursa, onu sevməmək lazımdır? Hər ikisini eyni məhəbbətlə sevirsən. Ola bilər, siz o musiqini bəyənmirsiniz, amma mən bəyənirəm. Hamısı mənim üçün əzizdir".

E.Mansurov bütün yaradıcılığı boyu Allah-təalanın ona arxa-dayaq olduğunu söylədi və Tanrıya şükürlər etdi: "İnsan dünyaya gələndə arxa-dayağı onun ata-anası olur. Zaman keçir, bir gün ata-ana dünyanı tərk edir və sən özün kiməsə arxa-dayaq olursan. Amma insanın həmişə bir dayağa ehtiyacı olur. Bu baxımdan, mən Allaha minnətdaram!"

Seçilən
23
50
azreform.info

10Mənbələr