AZ

"Neft tədarükü üçün Hörmüz boğazına alternativ varmı?" - "Deutsche Welle"

"Yaxın Şərqdəki müharibə göstərdi ki, Hörmüz boğazı hələ də dünya enerji bazarının ən həssas nöqtəsidir..."
 
Yaxın Şərqdə müharibənin genişlənməsi bir daha sübut edib ki, Hörmüz boğazı qlobal enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. İranın boğazı bağlamasından sonra yüzlərlə neft və qaz tankeri bölgədə ilişib qalıb, dünya enerji təchizatının təxminən beşdə biri dayanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Məqalədə qeyd olunur ki, vəziyyət Körfəz ölkələrini alternativ ixrac marşrutları yaratmağa məcbur edib. Səudiyyə Ərəbistanı hələ İran-İraq müharibəsi dövründə Qırmızı dənizə çıxışı təmin edən "Şərq-Qərb" neft kəmərini tikib. Daha sonra BƏƏ də Əbu-Dabidən Oman körfəzinə qədər uzanan Habşan-Füceyrə kəmərini istifadəyə verib.
 
Mövcud marşrutlar artıq kifayət etmir
 
İndi isə region ölkələri bu layihələri genişləndirmək və Hörmüz boğazından asılılığı azaltmaq üçün yeni planlar hazırlayır. "Financial Times" yazır ki, Səudiyyə Ərəbistanı, BƏƏ və digər dövlətlər əlavə neft kəmərlərinin çəkilməsi və yeni ixrac terminallarının tikintisini müzakirə edir.
 
Ekspertlər hesab edir ki, hazırkı infrastruktur böhranı tam həll etməyə kifayət etmir. Hazırda Səudiyyə Ərəbistanının "Şərq-Qərb" kəməri gündəlik maksimum 7 milyon barrel neft daşıyır, BƏƏ isə əlavə 1,8 milyon barrel ixrac edə bilir. Halbuki müharibədən əvvəl Hörmüz boğazından hər gün təxminən 15 milyon barrel neft keçirdi.
 
Dubaydakı "Qamar Energy" şirkətinin rəhbəri Robin Mills bildirib ki, mövcud alternativ marşrutların gücü ən azı iki dəfə artırılmalıdır: "Yeni kəmərlərin tikintisi illər tələb edir və böyük siyasi razılaşmalar olmadan mümkün deyil".
 
Körfəz ölkələri çıxış yolu axtarır
 
Ən böyük problem isə Küveyt, Bəhreyn və Qətər üçün yaranıb. Bu ölkələrin coğrafi mövqeyi səbəbindən onların neft və qaz ixracı demək olar tam şəkildə Hörmüz boğazından keçir. Ekspertlərin fikrincə, həmin dövlətlər alternativ marşrut üçün ya Səudiyyə Ərəbistanı, ya da İran ərazisindən keçən uzun neft kəmərlərinə ehtiyac duyacaq.
 
Bu arada beynəlxalq təşkilatlar da yeni regional layihələrin vacibliyini vurğulayır. Beynəlxalq Enerji Agentliyi İraqdan Türkiyənin Ceyhan limanına qədər yeni böyük neft kəmərinin çəkilməsini təklif edir. Agentliyin rəhbəri Fatih Birol bildirib ki, bu layihə xüsusilə Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
 
İraq hökuməti də yeni ixrac marşrutları üzərində işi sürətləndirib. Bağdad Bəsrə-Hədisa xətti üzrə 4, 6 milyard dollarlıq layihəni tenderə çıxarıb. Gələcəkdə bu marşrutun İordaniyanın Əqəbə limanına, hətta Suriya və Türkiyə istiqamətinə qədər uzadılması planlaşdırılır.
 
Yeni enerji xəritəsi formalaşır
 
Körfəz ölkələri yalnız neft kəmərləri ilə kifayətlənmək istəmir. Bölgədə yeni dəmir yolu və avtomobil magistralları layihələri də sürətləndirilib. Körfəz Əməkdaşlıq Şurasının planına əsasən, 2030-cu ilə qədər altı ölkəni birləşdirən 2100 kilometrlik dəmir yolu şəbəkəsi yaradılmalıdır.
 
Mütəxəssislər hesab edir ki, bütün bu layihələr dəniz daşımalarını tam əvəz etməsə də, gələcəkdə Hörmüz boğazının siyasi təzyiq alətinə çevrilməsi riskini ciddi şəkildə azalda bilər. Hazırkı böhran isə dünya enerji sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Seçilən
46
1
moderator.az

2Mənbələr