ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“Gününsəsi” saytında Orxan Saffari adlı jurnalistin Etibar Məmmədov haqqında bir yazısı gedib. Yazının qeyri-sağlam üslubu və etik çərçivələri aşması bir yana, başdan ayağa qərəz və həqiqətləri təhrif üzərində qurulub.
Yazının ruhundan da ilk anda aydın olur ki, bu sifarişdir və nifrət, kin-kidurətin bolluğu tələb olunub.
Əvvəla, Orxan Saffarı adlı bu şəxs kimisə uğursuz adlandırırsa, ilk növbədə öz uğurları ortada olmalıdır. Onun jurnalistika fəaliyyəti ancaq göründüyü kimi tanınmış şəxslərə hücum etmək, onların sayəsində məşhurlaşmaq cəhdlərindən ibarətdir.
İstedadı, zəhməti və qələmi ilə deyil, başqalarını hədəf almaqla nəyəsə nail olmaqdır. Ola da bilər ki, asılı vəziyyətə düşüb və məcbur qalıb. Ancaq səbəbin nə olmasından asılı olmayaraq, bu jurnalistika deyil, cəmiyyətdə faydalı iş görmək və mövqe tutmaq da deyil. Orxan Saffari gəncdir. Etibar Məmmədov 2004-cü ildə aktiv siyasətdən çəkiləndə onun 7-8 yaşı olub. Odur ki, başqalarının məkrli oyunlarının alətinə çevirilən bu gənci maarifləndirmək, çağdaş Azərbaycan tarxi ilə onu tanış etmək, hətta öyrətməyin gərəkli olduğu düşüncəsindəyəm.
Bu baxımdan da, tezis şəklində Etibar Məmmədovun siyasi fəaliyyətinin bəzi məqamlarını diqqətinə çatdırım, yaddaşına möhkəm-möhkəm həkk eləsin.
Milli Hərəkatın Milli Azadlıq Hərəkatına çevrilməsi
-Etibar Məmmədov hələ tələbəlik illərində Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsində oxuyarkən Sovet İmperiyasına qarşı fəaliyyət göstərən gizli dərnəkdə aktiv iştirakına görə həmin ali təhsil müəsissəsindən xaric olunmaqla cəzalandırılıb. O, 1985-ci ildə “Rus çarizmi və Ali müsəlman silki XIX əsrdə” mövzunda dissertasiya müdafiə edərək tarix elmləri üzrə fəlsəfə diktoru elmi dərəcəsi alıb.
-1988-ci ildə başlamış Xalq hərəkatına rəhbərlik edən AXC-nin təsisçilərindən biri olan E.Məmmədovun sayəsində bu hərəkat Milli Azadlıq Hərəkatına çevrilmiş və Azərbaycanın müstəqilliyi ilə nəticələnmişdir. O, Tətil Hərəkatına da rəhbərlik edərək Sovet iqtisadiyyatının çökməsində önəmli rol oynamışdır.
-1990- ci ilin qanlı 20 Yanvar hadisələrini dünya ictimaiyyətinə çatdırmaq və Azərbaycanı informasiya blokadasından çıxarmaq üçün həyatını risqə ataraq gizli yollarla İmperiyanın mərkəzinə, Moskvayadakı Azərbaycanın Daimi Nümayəndəliyinə gedib Mətbuat Konfransı keçirən Etibar Məmmədov bunun bədəlini 9 ay məşhur və vahim Lefortovo həbsxanasında keçirməklə ödədi.
Müstəqillik aktının həmmüəllifi, dövlət quruculuğu və tanınma E.Məmmədov 18 oktyabr 1991-ci ildə həmmüəlifi olduğu “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsinə nail oldu. Həmin akt həm də 1995-ci il tarixdə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilənədək Ana Yasa oldu. Yeri gəlmişkən, Azərbaycanın İlk Konstitusiya Komissiyasının üzvlərindən biri də məhz elə Etibar Məmmədov idi.
– E.Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ankarada və İstanbulda ən yüskək səviyyələrdə keçirdiyi görüşlər və danışıqlardan sonra Türkiyə 10 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini rəsmən tanıyan ilk ölkə oldu.
Azərbaycanın dövlət müstəqilliyinin rəsmən tanıdılması ilə bağlı Etibar Məmmədovun ikinci uğurlu səfəri dünyanın ən güclü dövlətlərindən biri, nüvə silahına malik Pakistana oldu. İslamabadda o, ali qonaq və dövlət başçısı kimi çox yüksək hörmət və təntənə ilə qarşılanır. 4 dekabr 1991-ci ildə Pakistan Azərbaycanın dövlət müstəqilliyini rəsmən tanıyır. Pakistan həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında (keçmiş adı İslam Konfransı Təşkilatı) da iştirakına yaşıl işıq yandırır. Etibar bəy Azərbaycanın Türkiyə və Pakistan tərəfindən tanınmasına imzası olan siyasətçidir.
Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün müdafiəsi və Ordu quruculuğu Etibar Məmmədov Dövlət Müdafiə Şurasının üzvü kimi müdafiə sahəsində də böyük işlər görüb.
Həmin vaxtlar hökumətin verdiyi rəsmi rəqəmlərə görə, ordunun arsenalında cəmi çox az yüngül avtomatik atıcı silahlar vardı.
Belə bir çətin və kritik dönəmdə Etibar Məmmədov dövlət bir qəpik xərcləmədn Türkiyədən 5000 ədəd avtomat silah, sursat və digər müdafiə təyinatlı ləvazimatlar gətirməyə müvafiq olur. Həmin silahlar Türkiyədən Naxçıvana gətirilir, bir qismi Naxçıvanın müdafiəsinə, qalan hissəsi isə Azərbaycan Müdafiə Nazirliyinə təqdim edilir.
Siyasi partiya məktəbi
-Azərbaycanda ilk siyasi partiya da onun rəhbərliyi və təşkilatçılığı sayəsində təsis olunub. AMİP-lə Azərbaycanda təkpartiyalı siyasi sistemdən çoxpartiyalı siyasi sistemə keçidin əsası qoyuldu. Partiya 1997-ci ildən dünyanın 60-dan çox ölkəsinin 80-ə yaxın sağ-mərkəzçi partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının üzvüdür və E.Məmmədov da dörd dəfə ardıcıl olaraq həmin nüfuzlu beynəlxalq ittifaqın sədr müavini seçilib. AMİP qədər Azərbaycanda beynəlxalq əlaqələri və nüfuzu geniş olan ikinci partiya yoxdur. Bu əlaqələrdən həmişə Azərbaycanın daha dərindən tanıdılması, maraqalarının qorunması üçün istifadə edilib və indi də edilməkdədir. AMİP-in hazırladığı sənədlər BDİ-nin Zirvə görüşlərində əsas sənədlərdən biri kimi qəbul edilir və yayılır. Etibar Məmmədov yeganə müxalif siyasi partiya rəhbəri olub ki, 20 dən çox dövlətin liderləri ilə rəsmi görüşləri olub. Bu dövlətlərə ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, Türkiyə, Pakistan, Argentina, İtaliya, Avstraliya, Kanada və s. kimi dövlət liderlərini misal çəkə bilərik.
Güney Azərbaycana baxış
-Etibar Məmmədov üçün Güney Azərbaycan məsələsi də daima aktuallıq kəsb edib. 2005-ci ildə İsveç Reystaqında (parlamentində) Güney Azərbaycanla bağlı 8 maddədən ibarət qətnamə qəbul edildi. Ardınca Güney Azərbaycan məsələsi BDİ-nin Sammitində müzakirəyə çıxarılıdı. 2018-ci ildə BDİ-nin Madriddə növbəti qurultayında o zaman Ermənistanda hakimiyyətdə olan S.Sarksiyanın rəhbərlik etdiyi partiyanın təşkilata üzvülük məsələsinin qarşısı alındı.
Bilməmək eyib deyil, öyrənməmək eyibdir.
Orxan Saffari yazısında qeyd edir ki, “Mənə elə gəlir ki, Etibar Məmmədovu tamamilə unutmaq lazımdır. Hətta gördüyü yaxşı nəsə bir iş varsa, elə acığa birinci o işi unutmaq lazımdır”.
Bu o deməkdir ki, çağdaş Azərbaycan tarixinin böyük və əsas hissələrini, müstəqilliyə doğru aparılan mücadiləni unutmaq lazımdır. 20 ildən çoxdur ki, Etibar Məmmədov aktiv siyasətdə deyil. Lakin görünən odur ki, Etibar Məmmədovun kölgəsindən də kimlərsə dərin qorxu və narahatlıq keçirirlər.
Sonda Orxan Saffariyə tövsiyyə edərdim ki, intihara meyilli olmasın, onsuz da onda hər şey uğursuz alınır.
Əli Orucov
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.