AZ

Türkiyədə xarici casus şəbəkəsi ifşa edildi - MİT-dən genişmiqyaslı əməliyyat

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyə Milli Kəşfiyyat Təşkilatı ölkə əleyhinə fəaliyyət göstərən beynəlxalq casusluq şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirib. Ankara mərkəz olmaqla bir neçə bölgədə təşkil edilən eyni vaxtlı əməliyyat nəticəsində çoxsaylı şəxslər saxlanılıb.

TurkicWorld xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının həyata keçirdiyi kəşfiyyat tədbirləri nəticəsində iki müxtəlif xarici kəşfiyyat xidmətinə işlədiyi bildirilən agent şəbəkəsinin tərkibində ümumilikdə 9 nəfər müəyyənləşdirilib. Ankara Respublika Baş Prokurorluğu və Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin xüsusi qrupları ilə koordinasiya şəraitində həyata keçirilən əməliyyat çərçivəsində 7 nəfər saxlanılıb.

Məlumata görə, şəbəkə üzvlərindən digər iki nəfərin isə başqa cinayət işləri üzrə artıq həbsdə olduğu müəyyən edilib. Casusluq ittihamı ilə məhkəmə orqanlarına göndərilən 7 nəfər barəsində həbs qərarı çıxarılıb.

Araşdırma zamanı B.E. adlı şəxsin rəhbərlik etdiyi şəbəkənin Türkiyə ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, ictimai birliklər, etnik qruplar və dövlət qurumları ilə bağlı həssas məlumatları topladığı və bunları xarici kəşfiyyat xidmətlərinə ötürdüyü müəyyənləşdirilib.

İstintaq materiallarına əsasən, şəbəkə üzvlərinin fəaliyyətləri uzun müddət fiziki müşahidə, texniki dinləmə və rəqəmsal nəzarət üsulları ilə izlənilib. Bu müddət ərzində xarici xidmətlərlə qurulan əlaqə mexanizmləri, məlumat ötürmə üsulları, maliyyə əməliyyatları və tapşırıq sistemi tam şəkildə qeydə alınıb.

Məlumatda qeyd olunub ki, şəbəkənin rəhbəri və digər üzvləri fəaliyyətlərinin gizli qaldığını hesab etsələr də, uzunmüddətli kəşfiyyat fəaliyyəti nəticəsində təşkilatın bütün struktur sxemi tam şəkildə ifşa edilib.

Əməliyyat nəticəsində yalnız şəbəkə üzvlərinin şəxsiyyətləri deyil, eyni zamanda xarici kəşfiyyat xidmətlərinin Türkiyə daxilində istifadə etdiyi əlaqə üsulları, fəaliyyət modeli və strateji məqsədləri barədə də məlumat əldə edildiyi bildirilib.

Seçilən
40
turkic.world

1Mənbələr