AZ

Kral Qarabağ atlarının şousunu izlədi

Birləşmiş Krallıqda ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından News365.az-a bildirilib ki, Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə 150 nəfərlik böyük nümayəndə heyəti tərəfindən təmsil edilir.

Bu ilin ən möhtəşəm çıxışlarından “Azerbaijan – Land of Fire” şou-kompozisiyasında çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və orkestrin çıxışları ilə nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi 23 Qarabağ atı ilə ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanıb.

Şou-kompozisiyanın rəhbəri Əməkdar artist Gövhər Həsənzadə, quruluşçu rejissoru və xoreoqrafı Dövlət Sərhəd Xidmətinin əməkdaşı Əməkdar artist Fərid İbrahimov, süvarilər dəstəsinin məşqçisi baş təlimatçı İmran Əhmədli, Nümunəvi Hərbi Orkestrin baş dirijoru Əməkdar artist Səməd Vəkilovdur.

Peşəkar Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz yaradıcılığının şah əsərlərindən sayılan, klassik Azərbaycan musiqisinin incisi olan “Arşın mal alan” operettasının ecazkar musiqisi əsasında hazırlanmış rəngarəng və duyğusal kompozisiya tamaşaçılara təqdim olunub. Bu kompozisiya milli musiqimizin zənginliyini və incəliyini bir daha parlaq şəkildə nümayiş etdirib.

Tədbirdə iştirak edən İngiltərə kralı III Çarlz Azərbaycan nümayəndə heyətini hörmət və ehtiramla qarşılayıb, “Azerbaijan – Land of Fire” şou-kompozisiyasını yüksək maraqla izləyib.

Operettada əsas qəhrəman obrazları böyük ustalıq və yüksək peşəkarlıqla canlandırılıb. Gülçöhrə obrazını Əməkdar artist Afaq Abbasova və solist Fatimə Cəfərzadə, Əsgər obrazını Əməkdar artist Tural Ağasiyev və solist Fəxri Kazım Nicat, Vəli obrazını isə Rauf Zeynalov canlandırıblar. Onların səhnədə nümayiş etdirdikləri yüksək aktyorluq məharəti, obrazlara bəxş etdikləri xüsusi ruh və emosional çıxışları tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Qeyd edək ki, nümayəndə heyətimizin çıxışları mayın 17-dək davam edəcək və “Land of Fire” polo komandasının çıxışı bu gün baş tutacaq.

Seçilən
1
12
news365.az

10Mənbələr