Fələstinlilərin 1948-ci ildən bəri davam edən sürgünü və işğal siyasəti ilə bağlı paylaşım ABŞ-dа yeni qalmaqal yaradıb...
Nyu-York meri Zöhran Məmdani "Nəkbə günü" ilə bağlı paylaşım etdikdən sonra İsrail tərəfdarı təşkilatların və radikal sionist qrupların sərt hücumları ilə üzləşib.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
Merin paylaşımında 1947-1949-cu illərdə İsrail dövlətinin yaradılması zamanı 700 mindən çox fələstinlinin öz torpaqlarından qovulduğu xatırladılıb. Mereriyanın "X" hesabında yayılan videoda Nyu-York sakini İniya Buşnak uşaqlıq illərində Qüdsdən qaçmağa məcbur olduğunu danışıb:

"Doqquz yaşım var idi. Sionistlər gələndə evimizi tərk etdik", - deyə o bildirib. Paylaşımda vurğulanıb ki, fələstinlilər üçün "Nəkbə" yalnız tarixi hadisə deyil və onların məcburi köçürülməsi, torpaqlarının işğalı bu gün də davam edir.
Fələstin aksiyalarına qarşı kampaniya başladı
Mayın 15-də Nyu-Yorkda minlərlə insan Fələstinlə həmrəylik aksiyalarına qatılıb. Şəhərin müxtəlif meydan və küçələrində keçirilən aksiyalarda Qəzza, "Əl-Qüds" və fələstinlilərin öz torpaqlarına qayıtmaq hüququ ilə bağlı şüarlar səsləndirilib.
Vaşinqton-Skver parkında keçirilən əsas aksiyanın təşkilatçıları bildiriblər ki, tədbir İsraildə "Qüds günü" zamanı məscidül-Əqsaya və Köhnə Şəhərə qarşı həyata keçirilən təxribatçı addımlara cavab xarakteri daşıyır.
Aksiya iştirakçıları vurğulayıblar ki, 1948-ci ildə başlayan "Nəkbə" - yəni fələstinlilərin torpaqlarından qovulması prosesi bu gün də davam edir. Sonradan nümayişçilər Tayms-Skverdə axşam namazı qılıblar.

İsrail tərəfdarları merə hücum etdi
Zöhran Məmdani aksiyaları və səsləndirilən şüarları pisləmədiyi üçün İsrailə yaxın dairələrin hədəfinə çevrilib. Yəhudi təşkilatları və bəzi siyasətçilər onu "tarixi təhrif etməkdə" ittiham ediblər. Lakin merin paylaşımında yer alan faktlar beynəlxalq səviyyədə uzun illərdir müzakirə olunan və sənədlərlə təsdiqlənən hadisələrə əsaslanır.
Tarixçilər və insan hüquqları təşkilatları 1948-ci ildə yüz minlərlə fələstinlinin öz kənd və şəhərlərindən didərgin salındığını, sonrakı illərdə isə İsrailin işğal və məskunlaşdırma siyasətinin davam etdiyini dəfələrlə qeyd ediblər.
Qəzzada davam edən hərbi əməliyyatlar, mülki əhalinin kütləvi şəkildə həlak olması və yaşayış məntəqələrinin dağıdılması da beynəlxalq təşkilatlar tərəfindən etnik təmizləmə və soyqırımı əlamətləri
kimi qiymətləndirilir.
"Nəkbə davam edir"
Videoda çıxış edən İniya Buşnak bildirib ki, fələstinlilərin yaşadığı faciə yalnız keçmişdə qalmayıb: "Biz evlərimizi itirdik, amma bu gün də insanlar eyni taleyi yaşayır". Müşahidəçilər hesab edir ki, Nyu-York merinin paylaşımı ətrafında yaranan qalmaqal ABŞ cəmiyyətində Fələstin məsələsinə münasibətin dəyişdiyini göstərir. Xüsusilə Qəzzadakı müharibədən sonra ABŞ-də Fələstinlə həmrəylik aksiyaları genişlənib və İsrailin siyasətinə qarşı tənqidlər daha açıq şəkildə səsləndirilməyə başlayıb.