AZ

271 nömrəli məktəbdəki olayın ŞOK pərdəarxası

271 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən və sosial şəbəkələrdə yayılan şagird zorakılığı görüntüləri cəmiyyətdə ciddi rezonans doğurub. Tənəffüs zamanı məktəbin sanitar qovşağında iki IX sinif şagirdi arasında baş verən münaqişənin videosunun çəkilərək paylaşılması məktəbdaxili nəzarət, yeniyetmələr arasında zorakılıq və psixoloji təzyiq məsələlərini yenidən gündəmə gətirib. Hadisədən sonra müxtəlif tərəflərin açıqlamaları yayılsa da, döyülən və döyən tərəfin ailələrinin söylədikləri məsələnin göründüyündən daha dərin və uzunmüddətli konflikt zəmininə söykəndiyini göstərir.

Hadisə ilə bağlı Musavat.com-a açıqlama verən Dilarə Qulamhüseyn qızı Allahverdiyeva oğlunun uzun müddətdir psixoloji təzyiq altında saxlanıldığını deyib. Onun sözlərinə görə, baş verən hadisənin ani davaya çevrilməsi bir ildən artıqdır davam edən aşağılamaların, təhqirlərin nəticəsidir: “Mənim oğlumu o vəziyyətə salan qarşı tərəfdir. O döyülənin başçısı olduğu qrup oğlumu 2025-ci ilin noyabrında məktəbin yaxınlığında bıçaqladı. Bıçaqlayan qrup üzvü də da o döyülənin təhriki ilə bu cinayəti edib. Hazırda da cinayət işində o, şahid kimi keçir. Oğlumun bıçaqlanması ilə bağlı Sabunçu Rayon Məhkəməsində, hakim Günel Məmmədovanın sədrliyi ilə F.B. Səbuhi oğlu ilə bağlı 1(5-101)-147/2026 saylı cinayət işi üzrə məhkəmə gedir. Belə bir vaxtda oğlumdan əl çəkmirdi, onu hər gün aşağılayır, təhqir edirmiş. Oğlum də dözüb, bu haqda bizə də məlumat verməyib. Bilsəydik, əvvəlcədən tədbir görülməsi üçün addımlar atardıq”.

Ana deyir ki, oğlu sakit xarakterli, voleybolla məşğul olan yeniyetmədir və davamlı şəkildə təhqir, alçaldılma və psixoloji təxribatlarla üzləşməsi belə bir xoşagəlməz durumun yaşanmasına gətirib çıxarıb: “Mənim oğlum sakit, təmkinli, cəmiyyətə yararlı övladdır. Dərsi ilə yanaşı voleybolla məşğuldur. Ona sataşan isə başına dəstə yığıb oğlumu ələ salmaqla, aşağılamaqla özünün döyülməsinə yol açıb. Oğluma deyirmiş ki, “bıçaq yarası necədir?” Bir az o yana, bir az bu yana olsaydı sənə necə təsir edərdi...”


Dilarə Allahverdiyeva xüsusi olaraq vurğulayır ki, son olayın kökündə illərlə davam edən psixoloji təzyiq dayanır: “Əlbəttə ki, baş verənlərə haqq qazandırmıram. Baş verənlərin kökündə qarşı tərəfin oğluma davamlı psixoloji təsirlər göstərməsi, təhqir və söyüş halları baş verməsi dayanır. İllərdir ki, oğlum bu qrupun təzyiqi altında olub. Baş verən son hadisəyə cəmiyyət tərəfindən bəzən səthi yanaşılır. Halbuki bu vəziyyət oğlum, ailəmiz üçün çox ağır psixoloji gərginlik yaradıb. Oğlum hazırda çox ağır psixoloji sarsıntı keçirib”.

Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən Allahverdiyevlərin vəkili Ceyhun Yusifov bildirib ki, hadisəyə yalnız sosial şəbəkələrdə yayılan görüntülər prizmasından yanaşmaq doğru deyil: “Burada söhbət təkcə məktəbdə baş verən bir mübahisədən getmir. Hadisələrin kökü daha əvvələ gedib çıxır. Müdafiə etdiyim tərəfin övladı bundan əvvəl bıçaqlanıb və həmin fakt üzrə hazırda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində cinayət işi araşdırılır. Bu səbəbdən son baş verən olay ayrıca deyil, əvvəlki hadisələrin davamı və nəticəsi kimi qiymətləndirilməlidir”.

Vəkil qeyd edib ki, yeniyetməyə qarşı uzun müddət aparılan psixoloji təzyiq hüquqi baxımdan tam araşdırılmalıdır.

Məktəb rəhbərliyi isə məsələ ilə bağlı açıqlamasında hadisənin tənəffüs zamanı baş verdiyini bildirib. Məktəbdən verilən məlumata görə, şagirdlər əvvəlcədən müəllimlərə və rəhbərliyə məlumat verməyiblər: “Videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb”.

Məktəb rəhbərliyi valideynlərin məktəbə dəvət olunduğunu, psixoloqun prosesə cəlb edildiyini və aidiyyəti qurumlara məlumat verildiyini açıqlayıb. Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri də məktəbdə olublar və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
18
4
moderator.az

5Mənbələr