AZ

Türk dövlətləri seçim qarşısında: Tramp etiraf etdi, liderlər toplandı – Çin detalı

ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin yekunlaşdığı gün – mayın 15-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomard Tokayevin sədrliyi ilə Türk dünyasının mənəvi paytaxtı Türküstanda “Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusuna həsr olunmuş Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü keçirildi.

Tədbir hazırkı mərhələdə kifayət qədər diqqət çəkir. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman və TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev iştirak ediblər.

TDT gənc və hələ formalaşmaqda olan bir təşkilatdır. Bu mənada üzv və müşahidəçi ölkələrin ardıcıl görüşlərinin baş tutması təşkilatın inkişafı və güclənməsi baxımından olduqca mühümdür. Təşkilat gənc olmasına baxmayaraq qısa zamanda mühüm irəliləyişlərə də nail olub.

Budəfəki Zirvə görüşünün “Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusu altında keçirilməsi isə ən çox diqqət çəkən məqamlardandır. Rəqəmsal güc mərkəzlərinin formalaşdığı qlobal rəqabətin Türk dünyasına da sirayət etdiyini göstərir. Belə ki, dünya siyasətində texnologiya artıq təkcə iqtisadi inkişaf vasitəsi deyil, həm də strateji təsir alətidir. Zirvə görüşündə ön plana çıxan Trans-Xəzər Fiber-Optik Kabel xətti və “Rəqəmsal İpək Yolu” təşəbbüsü regionun enerji və logistika mərkəzindən rəqəmsal tranzit mərkəzinə keçidini simvolizə edir. Bu da Orta Dəhlizin artıq yalnız yük daşımaları deyil, həm də məlumat və rəqəmsal axınlar üçün strateji arteriyaya çevrildiyini göstərir.

Digər tərəfdən, süni intellekt və rəqəmsal suverenlik məsələlərinin gündəmə gətirilməsi TDT-nin artıq yalnız iqtisadi əməkdaşlıq platforması olmadığı, texnoloji idarəetmə və normativ çərçivə formalaşdırmaq iddiasına da malik olduğu mənasına gəlir.

Zirvənin siyasi nəticələri

Türk dünyasının “2040 Vizyonu” çərçivəsində birgə fəaliyyət xətti təkcə ideoloji yaxınlıq deyil, həm də strateji koordinasiya modelinə keçidi göstərir.

Qeyd etdiyim kimi TDT kifayət qədər gənc bir təşkilatdır. Bu mənada indiki məqamda əsas hədəf “bir superblok yaratmaq” kimi romantik ideya deyil. Daha realist və mərhələli inteqrasiya xəttinin qurulmasına çalışılırd. Yəni addım-addım güclənən koordinasiyalı əməkdaşlıq modelidir.

İlk olaraq iqtisadi və tranzit xətti ön plandadır. Orta Dəhliz, Zəngəzur perspektivi, Xəzər dənizi üzərindən keçən logistika və enerji marşrutları Türk dövlətlərini Avropa ilə Asiya arasında daha vacib tranzit mərkəzinə çevirmək məqsədi daşıyır. Burada əsas ideya regionun “keçid zona” olmaqdan çıxaraq “idarə olunan strateji dəhliz” rolunu qazanmasıdır.

Rəqəmsal inteqrasiya

Trans-Xəzər fiber-optik layihələr, “Rəqəmsal İpək Yolu”, süni intellekt və elektron idarəetmə təşəbbüsləri göstərir ki, təşkilat artıq yalnız fiziki deyil, rəqəmsal bağlantı qurmağa çalışır. Bu da gələcəkdə məlumat axını və texnologiya sahəsində daha az asılı, daha çox daxili dayanıqlığa malik sistem yaratmaq istəyini göstərir.

Dördüncü istiqamət mədəniyyət və kimlik ölçüsüdür. Türkoloji irs, ortaq tarix və mədəni layihələr siyasi deyil, uzunmüddətli identiklik bazası yaradır. Bu da inteqrasiyanın emosional dayağıdır.

Lakin türk dövlətlərini gözləyən ehtimal problemlər də var. Söhbət Çinin artan gücündən, ABŞ-ın bu güc balansını qəbul etməsindən və gələcəkdə yeni soyuq müharibə ssenarisinin formalaşmasından gedir. Bu məqamda TDT-nin necə mövqe tutacağı əsas suallardan biridir.

Ən real ehtimal budur ki, Türk dövlətləri heç bir blokun tam içində yer almağa çalışmayacaq, əksinə aralarında manevr sahəsi saxlayacaq.

Çin böyük istehsal və investisiya mərkəzidir, ABŞ və Qərb isə maliyyə, texnologiya və bazar gücünə sahibdir. türk dövlətləri bu ikisi arasında seçim edən tərəf yox, hər ikisi ilə işləyən körpü zonası olmağa çalışacaq. Orta Dəhliz kimi layihələr də bunu mümkün edir. Yəni Çin məhsulu Avropaya, Avropa texnologiyası isə Asiyaya məhz Türk coğrafiyası üzərindən keçə bilər.

Əgər Çin öz blokunu daha sərt şəkildə formalaşdırsa belə, türk dövlətləri çox güman ki, açıq qarşıdurmaya girməyəcək, amma tam inteqrasiyaya da getməyəcək.

Türk dövlətlərinin əsas üstünlüyü blokların içində olmaq yox, onların arasında qalmaqdır. Əgər ABŞ–Çin rəqabəti daha da dərinləşəsə, logistika, enerji və data axınları uğrunda mübarizə artacaq. Bu zaman Türk dünyası coğrafiyası strateji keçid və filtr rolunu gücləndirə bilər.

TDT hələlik nə NATO kimi hərbi blokdur, nə də Avropa İttifaqı kimi hüquqi birlik. Qısa zamanda belə olmayacağıda açıqdır. Ona görə də böyük güclər arasında sərt seçimdən çox, çoxvektorlu siyasət davam edəcək. Bu model həm Çinlə iqtisadi əlaqəni, həm də ABŞ və Avropa ilə texnoloji və maliyyə əməkdaşlığını saxlamağa imkan verir.//Globalinfo.az

 

Seçilən
33
1
konkret.az

2Mənbələr