AZ

SON DƏQİQƏ! Hacıbaba Əzimov VƏFAT ETDİ

Bu gün Azərbaycan öz mübariz, prinsipial və böyük ziyalı oğullarından birini itirdi. Keçmiş millət vəkili, milli azadlıq hərəkatının ön sıralarında dayanan fədakar mübariz, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktının əsas müəlliflərindən biri, tarix elmləri doktoru, professor, Lənkəran Dövlət Universitetinin yaradıcısı və ilk rektoru Hacıbaba Əzimov bu gün saat 12:00-da dünyasını dəyişdi.

Musavat.com-un məlumatına görə, bu barədə sabiq maliyyə naziri, professor Saleh Məmmədov bildirib.

S.Məmmədov qeyd edib ki, 1941-ci ildə dünyaya göz açan Hacıbaba müəllimin həyatı bütövlükdə Azərbaycan ideyasına, milli düşüncəyə, azadlıq və dövlətçilik amalına xidmət nümunəsi idi: “O, sadəcə alim və siyasətçi deyildi. O, bir dövrün vicdanı, milli yaddaşın daşıyıcısı, ağır və mürəkkəb zamanlarda qorxmadan mövqe göstərən ziyalı idi”.

S.Məmmədov daha sonra H.Əzimovla münasibətlərindən bəhs edib:

“Biz uzun illər eyni yolun yolçusu olduq. Milli azadlıq hərəkatının ən çətin və taleyüklü günlərində çiyin-çiyinə mübarizə apardıq. Meydanların gur səsi, istiqlal uğrunda keçirilən saysız toplantılar, xalqın iradəsini müdafiə edən çıxışlar, gecə-gündüz davam edən fikir savaşları — bütün bunların içində Hacıbaba müəllim hər zaman təmkinli, prinsipial və əyilməz mövqeyi ilə seçilirdi”.

Sabiq nazir mərhum professorun xidmətlərini yüksək qiymətləndirib:

“Onun Azərbaycan dövlətçiliyinə xidməti yalnız siyasi fəaliyyətlə məhdudlaşmırdı. O, təhsili milli gələcəyin əsas dayağı hesab edir, bu düşüncə ilə Lənkəran Dövlət Universitetinin yaradılmasına rəhbərlik edir, universitetin formalaşması və inkişafı üçün böyük əmək sərf edirdi. Yüzlərlə tələbənin taleyində, minlərlə insanın düşüncə dünyasında onun zəhməti və izi yaşayır. Hacıbaba müəllim sözü ilə əməli üst-üstə düşən nadir insanlardan idi. Vəzifəyə görə dəyişməyən, çətin məqamlarda susmayan, şəxsi maraqlarını heç vaxt xalqın və dövlətin maraqlarından üstün tutmayan şəxsiyyət idi. Bu gün onu itirmək yalnız ailəsinin və yaxınlarının deyil, bütövlükdə Azərbaycan ictimai fikrinin, milli-demokratik hərəkat tarixinin ağır itkisi sayılmalıdır.

Dərin hüznlə dostumun, həmkarımın, mübarizə yoldaşımın ailəsinə, doğmalarına, tələbələrinə, yaxınlarına və onu sevən hər kəsə başsağlığı verirəm”.

H.Əzimovla vida mərasimi bu gün saat 16:00-da Bakı şəhərində yerləşən Təzəpir Məscidində keçiriləcək, daha sonra dəfn mərasimi Yasamal qəbiristanlığında olacaq. “Hacıbaba Əzimovun adı Azərbaycanın istiqlal tarixində, milli düşüncə salnaməsində və onu tanıyan insanların yaddaşında daim yaşayacaq”, S.Məmmədov yekunda bildirib.

Allah rəhmət eləsin!

Musavat.com

Seçilən
44
5
musavat.com

6Mənbələr