Türk Dövlətləri Təşkilatının mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirilən növbəti qeyri-rəsmi Zirvə görüşü bu qurumun gələcək inkişafına xidmət edəcək strateji əhəmiyyətli çıxışlarla yadda qaldı.
İlk növbədə, sözügedən tədbirin Türküstanda keçirilməsi simvolik olaraq türk birliyini nəzərdə tutduğundan sammit üçün məhz bu məkanın seçilməsi yəqin ki, təsadüfi deyildi.
Məlumdur ki, tarixi mənbələrdə hazırkı Mərkəzi Asiya ərazisi türk məkanı adını verən Türküstan adlandırılır. Bu termin indi də özünü Qazaxıstanın Türküstan şəhərinin adında qoruyub saxlyıb. Qeyd edilən səbəbdən, Türküstanda baş tutan qeyri-rəsmi görüş Türk Dövlətləri Təşkilatının bütövlüyü, birliyi mənasını özündə ehtiva edir.
Qeyd edək ki, mayın 15-də baş tutan Zirvə görüşü türk dövlətləri liderlərinin sayca ikinci toplantısıdır. Birinci dəfə 2021-ci il martın 31-də Türk Dövlətləri Əməkdaşlıq Şurasının Türküstan şəhərində qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Həmin toplantıda Türküstan şəhərinin Türk Şurasının mənəvi paytaxtı elan edilməsi barədə qərar qəbul olunub.
Hər iki tədbir türk dövlətlərinin əməkdaşlığının, təşkilat daxilində inteqrasiyasının dərinləşdirlilməsi, ümumi maraqların və dəyərlərin müəyyən edilməsi, strateji istiqamətlərin formalaşdırılmasına xidmət edən bəyannamənin qəbulu ilə nəticələnib.
Bu kontekstdə mayın 15-də qəbul edilmiş Türküstan Bəyannaməsinin TDT-nin fəaliyyətinin koordinasiyalı şəkildə davam etdirilməsi və perspektiv inkişaf prinsiplərinin müəyyənləşməsində mühüm sənəd hesab oluna bilər.
Regional münaqişələrin sayının artdığı və çoxqütblü dünya nizamının yarandığı müasir dövrdə dağıdıcı proseslər Türk dövlətləri məkanından yan keçir. Hazırda sülh və sabitlik TDT-ni birləşdirən əsas amillər sırasında birinci yeri tutur.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli və iki ölkə arasında sülh mühitinin formalaşması bu mənada, xüsusi vurğulanmalıdır. Türkiyə ilə Mərkəzi Asiya arasında etnik, mədəni, tranzit bağları təşkil edən Azərbaycan ərazisində sülhün bərqərar olması TDT-nin regional quruma çevrilməsində strateji əhəmiyyət kəsb edir.
Qazaxıstanın Türküstan şəhərində keçirilən növbəti qeyri-rəsmi Zirvə görüşü TDT-nin yaxın gələcəkdə geosiyasi və geoiqtisadi proseslərdə fəal rol oynayacağını növbəti dəfə sübut etdi.
Bu, TDT-nin hər hansı geosiyasi iddialarla çıxış etməsini nəzərdə tutmur. Sadəcə olaraq, türk dövlətlərinin Avropadan Çinə, Rusiyadan Hind okeanına qədər uzanan nəqliyyat-ticarət marşrutlarının üzərində yerləşməsi bu coğrafiyanın strateji əhəmiyyətini getdikcə artırır.
Xüsusilə də, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması və ticarətin bərpa olunması perspektivdə Çin-Mərkəzi-Asiya-Türkiyə-Avropa İttifaqı istiqamətində əsas nəqliyyat-ticarət yollarının birləşdiyi Orta Dəhlizin reallaşmasına əlverişli şərait yaradır.
Zəngəzur dəhlizinin inşası istiqamətində işlərə başlanılması Orta Dəhlizin əsas seqmentlərindən biri olan Trans-Xəzər nəqliyyat dəhlizinin fəallaşmasını zəruri edir.
Bu da öz növbəsində, beynəlxalq daşıma marşrtularının münaqişələr və böhranla üzləşdiyi bir vaxtda alternativ yol kimi Orta Dəhlizə, eləcə də onun bir hissəsi olan Azərbaycana tələbatın artmasına səbəb olur.
Nəhayət, Türküstan şəhərində keçirilən görüş TDT-nin fəaliyyəti və gələcək inkişafı ilə bağlı yeni yanaşmaları ortaya çıxartdı. Yəni təşkilat və üzv ölkələr birgə əməkdaşlığı müasir texnologiyaların tətbiqi əsasında qurmağa üstünlük verirlər.
Dövlət başçılarının imzaladığı bəyannamə Rəqəmsal İqtisadiyyat sahəsində Tərəfdaşlıq Sazişini, “Rəqəmsal İpək Yolu” layihəsinin icrasını, türk dünyasında texnoloji əməkdaşlığın və rəqəmsal qarşılıqlı əlaqənin gücləndirilməsini nəzərdə tutur.
Artıq 1990-cillərdə bərpa olunan və türk dünyanın birliyinə xidmət edən müasir “İpək Yolu”nun müasir texnologiyaların tətbiqi sayəsində ən yeni məna kəsb etdiyini görmək olar.
Prezident İlham Əliyevin öz çıxışında yaxın aylarda istifadəyə veriləcək Azərbaycanla Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttini bu kontekstdə xüsuqi qeyd etməsi TDT-yə daxil ölkələr arasında əlaqələrin texnolji baxımdan, yeni mahiyyət daşıdığına sübutdur.
Eyni zamanda, Azərbaycan Prezidentinin Orta Dəhliz boyunca gömrük prosedurlarının sadələşdirildiyini, Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanmış “e-Permit” sistemi elektron icazələrin operativ şəkildə verilməsini öz çıxışında vurğulayıb ki, bu da birliyin fəaliyyətini müasir çağırışlara uyöunlaşdırılmasından xəbər verir.
Eyni zamanda, Azərbaycan Prezidentinin türk dövlətlərinin inkişafı üçün süni intellektin tətbiqinin vacibliyindən danışması da diqqəti cəlb edir.
Çağdaş texnologiyaların tətbiqi, bu məqsədlə investisiyaların cəlbi təşkilatın bir çox sahələr üzrə tərəqqisinə xidmət etmiş olar ki, bu da qurumla əməkdaşlığı digər dövlətlər üçün cəlbedici edə bilər.