AZ

Türküstan Bəyannaməsi: “TDT-nin potensialını daha da möhkəmləndirir”

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.

Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış zamanı Prezident İlham Əliyev bildirib ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü təşəbbüsü artıq ənənəyə çevrilir: 

"Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Keçən ilin oktyabr ayında Qəbələ Zirvə görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir. 

Əziz dostlar, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək". 

Sonda dövlətimizin başçısı və digər prezidentlər Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Türküstan Bəyannaməsini imzalayıblar.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü və burada Türküstan Bəyannamənin imzalanması ziyalılar, ictimaiyyət nümayəndələri tərəfindən yüksək qiymətləndirilir.

Millət vəkili Elman Nəsirov "Cebheinfo.az"-a bildirib ki, ötən ilin oktyabr ayında Qəbələdə Türk Dövlətləri Təşkilatının rəsmi sammiti keçirildi və Azərbaycan bu təşkilata sədrliyi qəbul etdi:

"Dünən isə Qazaxıstan respublikasının Türkistan şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü keçirildi. Bildirim ki, məhz belə qeyri-rəsmi sammitlərin keçirilməsinin təşəbbüskarı və müəllfi Azərbaycandır. İlk dəfə 2024-cü ildə Şuşada belə bir görüş keçirildi. Cənab Prezidentin bu təşəbbüsü böyük əhəmiyyət kəsb edir.

Çünki təşkilata üzv olmayan, müşahidəçi statusunda olan dövlətlər də var. Üzv olmayan ölkələrdə də belə bir görüşün keçirilməsi onların təşkilata tam inteqrasiyası üçün əlavə imkanlar yaratmış olur.

Məsələn, Budapeştdə belə bir görüş keçirilib. İstina deyil ki, Şimali Kipr və Türkmənistanda da belə bir görüş keçirilsə, məhz bunun böyük strateji əhəmiyyət kəsb edəcəyi öncədən hamıya bəllidir. 

Ancaq Türküstanda keçirilən bu görüşün bir rəmzi mənası da var. Çünki adından da göründüyü kimi Türküstan elə türk adının daşıyıcısıdır. 

Bu baxımdan da həmin şəhərdə keçirilməsi tədbirə əlavə üstünlük gətirir. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi Türk Dövlətləri Təşkilatının dünyanın aparıcı platformalarından birinə çevrildiyini təsdiqləyir. 

Artıq təşkilat öz fəaliyyətində keyfiyyətcə yeni bir mərhələyə daxil olur və burada həm iqtisadi, ticarət, humanitar, təhsil sahəsində əlaqələrlə yanaşı, eyni zamanda hərbi-texniki, müdafiə sahəsində əməkdaşlıq məsələləri də ön plana keçir. 

Eləcə də üzv dövlətlər arasında silahlı qüvvələrin birgə hərbi təlimlərinin də yer alması onu göstərir ki, təşkilat bu gün müasir beynəlxalq münasibətlər sistemində adekvat addımlar atır və bu da təşkilatın gücünü, potensialını daha da möhkəmləndirmiş olur". 

Onun sözlərinə görə, hazırda Türk Dövlətləri Təşkilatının potensialı böyükdür:

"Belə ki, 4,8 milyon kvadratkilometrlik bir ərazini əhatə edir və əhalisinin sayı 200 milyona çatıb. Eləcə də bu dövlətlər 2,1 trilyon dollarlıq ÜDM-yə malikdir. Bir il öncə dünya üzrə iqtisadi artım 3,5 faiz idisə, TDT-yə üzv olan dövlətlərin orta iqtisadi artımı birlikdə 5,5 faiz təşkil edirdi.

Hazırda təşkilatın potensialı çox böyükdür və böyük sərvətlərə malikdirlər. Görüşün keçirildiyi Qazaxıstanın neft ehtiyatları 30 milyard bareldən çoxdur və bu çox yüksək nəticədir. Bütün bunlar onu göstərir ki, TDT çox böyük resurslara malik olan bir təşkilatdır.

Azərbaycan özü bu gün Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynayır və biz hazırda 16 dövlətə qaz ixracını həyata keçiririk. Çexiya da artıq bizdən qaz almaq istəyini açıqlayıb. Bu yaxınlarda biz Almaniya və Avstriyaya da qaz ixracını həyata keçirdik. 

TDT-yə üzv dövlətlərin beynəlxalq siyasətdə də rolu, çəkisi kifayət qədər böyükdür və cənab Prezidentin də görüşdə çıxışında qeyd etdiyi kimi biz müxtəlif sahələrdə əməkdaşlığı genişləndiririk. Yeni çağırışlar, yeni təhdidlər fonunda bu sammitlərin, görüşlərin əhəmiyyəti böyükdür. 

Mürəkkəb dünya reallığında beynəlxalq münasibətlər sistemində istənilən stiuasiyaya hazır olmalıyıq. Adekvat reaksiya qabiliyyətimiz olmalıdır. Bu istiqamətdə proseslər gedir.

Bununla yanaşı cənab Prezident öz çııxışında üzv dövlətlər arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq, Data mərkəzləri, süni intellekt, “yaşıl enerji”yə keçid və digər məsələlər barədə də əməkdaşlığın genişləndirilməsi barədə maraqlı, əhəmiyyətli fikirlər səsləndirildi.

Görüşün sonunda Türküstan Bəyannaməsi qəbul edildi və bu Bəyannamə indiyə qədər qəbul edilmiş bəyannamələrdəki prinsipləri müdafiə edir. Eyni zamanda, bundan sonrakı dövr üçün yeni çağırışlar, yeni təhdidlər, reallıqlar fonunda təşkilatın ata viləcəyi addımların bir yol xəritəsi də sayıla bilər. 

Türküstan Bəyannaməsində əksini tapmış müddəalar nəticə etibarilə TDT-nin potensialını daha da möhkəmləndirir, birliyinin daha da güclənməsinə xidmət göstərir. 

Bu nəticə etibarilə regional və beynəlxalq səviyyədə sülhün və təhlükəsizliyin təminatına bir töhvə kimi də dəyərləndirilə bilər".

Seçilən
109
cebheinfo.az

1Mənbələr