AZ

“Yelo Bank”a tətbiq edilən sanksiyalar “Lukoil” YDM-lərinə də təsir etdi

Avropa İttifaqı Şurasının “Yelo Bank” ASC-yə tətbiq etdiyi sanksiyaların təsirləri artıq gündəlik ödəniş xidmətlərində də hiss olunmağa başlayıb. “PostMedia” xəbər verir ki, “LUKOIL-Azərbaycan” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində mobil ödəniş xidmətləri ilə bağlı məhdudiyyət yaranıb.

 

Məlumata görə, YDM-lərdə istifadə olunan POS-terminallar “Yelo Bank”a məxsus olduğundan hazırda “Apple Pay” və “Google Pay” vasitəsilə ödənişlərin həyata keçirilməsi mümkün deyil.

 

Bildirilib ki, sürücülərdən ödənişlərin nağd şəkildə və ya fiziki bank kartı vasitəsilə aparılması tələb olunur.

 

Xatırladaq ki, Avropa İttifaqının Şurası aprelin 23-də Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin 20-ci paketini rəsmi şəkildə qəbul edib.

 

Paket çərçivəsində digər tədbirlərlə yanaşı, üçüncü ölkələrdə fəaliyyət göstərən dörd maliyyə qurumuna qarşı əməliyyatların qadağan olunması nəzərdə tutulur. Bu qurumlar Qırğızıstan, Laos və Azərbaycanda yerləşir. Azərbaycan üzrə siyahıya “Yelo Bank” da daxil edilib.

 

Avropa İttifaqı Şurası bu qərarı əsaslandırarkən bildirib ki, sözügedən maliyyə institutları ya Aİ sanksiyalar rejiminin pozulmasına şərait yaradıb, ya da Rusiya Mərkəzi Bankının SWIFT sisteminə alternativ kimi yaratdığı Maliyyə Mesajlarının Ötürülməsi Sisteminə (SPFS) qoşulub.

 

xatırladaq ki, “Yelo Bank”ın əsas səhmdarı Müşahidə Şurasının sədri Marina Kulişovadır. Onun Bankda payı 98,94%-dir. Bankın İdarə Heyətinin sədri Anar Həsənovun 0,96%, “İSR Holdinq” MMC-nin isə 0,10% payı var.

Tarix: 16 May 2026, 14:39   
Seçilən
16
1
pravda.az

2Mənbələr