Mehparə Əliyeva ali jurnalist təhsilli istedadlı qələm sahiblərindəndir. Onun barəsində bu qeydləri yazmaq bir həmkar kimi mənim üçün olduqca xoşdur. Birincisi ona görə ki, o, savadlı, bilikli, peşəkar jurnalistlərdəndir. Belələri isə, təəssüf ki, çağdaş jurnalistikamızda çox deyil. Birincidən heç də az əhəmiyyəti olmayan ikinci səbəb isə budur ki, Mehparə xanım çox sadə, səmimi, abırlı-həyalı, ismətli Azərbaycan xanımıdır.
Mən onun imzasını “Xalq qəzeti” ilə birləşməzdən əvvəl 18 il çalışdığı “Respublika” qəzetinin səhifələrindəki bir-birindən maraqlı yazıları ilə tanıyırdım. Amma həyatda heç vaxt üz-üzə gəlməmişdim və ötən ildən “Xalq qəzeti”ndə mədəniyyət şöbəsinin müdiri kimi çalışmağa başlayan yaxından tanımaq imkanı yarandı. Bu müddət ərzində onun həm yüksək peşəkar, həm də nəcib insani keyfiyyətlərini müşahidə etdim.
Tam səmimiyyətlə deyə bilərəm ki, Mehparə Əliyeva kollektivdə etik normaları ən yüksək səviyyədə gözləyən, onlara tam riayət edən, öz davranışı ilə əxlaqi dəyərlərimizi qoruyub saxlayan, gələcək nəsillərə ötürən dərin mənəviyyat adamıdır. O, rəhbərlik etdiyi şöbədə çalışan gənc jurnalistlərin istedadlarının parlamaları üçün əlindən gələni edir, qayğı və problemlərinə son dərəcə diqqətlə yanaşır. İnsafən, şöbədə yaradıcılıq şövqü aşıb-daşır. Buradakı səmimi, işgüzar mühit şəxsən mənə daxili məmnunluq gətirir.
Mehparə Əliyeva həm peşəkar, həm də məhsuldar jurnalistlərdəndir. “Xalq qəzeti”nin “daxili mətbəx”indən xəbərdar olanlar bilirlər ki, ölkənin 1 nömrəli aparıcı ictimai-siyasi qəzetində gərgin iş rejimi mövcuddur. Mən iş prosesində bircə dəfə də olsun onun kimdənsə və nədənsə narazı qaldığını, tam haqlı olduğu halda belə, hansısa həmkarına yüngül bir irad tutduğunu görməmişəm. Bəs deyirlər ki, müdirlər bir az sərt, bir qədər də acıdil olmalıdırlar ki, tabeçiliyində olanlar onu “saysınlar”. Sən demə, bu qədər yumşaq qəlb sahibi ola-ola da rəhbərlik etdiyin şöbədə yüksək etibar və etimad mühiti yaratmaq mümkündür.
Mehparə Əliyevanın istedadlı və təcrübəli qələm əhli olaraq yüksək peşəkarlığına nümunə gətirmək üçün həmkarımın son bir neçə həftə ərzində 3 məşhur incəsənət xadimindən aldığı geniş müsahibələrdən söz açmağı özümə borc bilirəm. Bunlar Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, eləcə də Azərbaycan Heykəltaraşlar İttifaqanın sədri, Xalq rəssamı Natiq Əliyev ilə çox çox dolğun, məzmunlu söhbətlərdir. Qeyd etmək lazımdır ki, Mehparə xanımın müsahibləri ayrı-ayrı sənət sahələrinin korifeyləridir. Gərək həmin yaradıcılıq sahələrinə dərindən bələd olasan ki, müsahiblərini dəqiq, peşəkar suallarla danışdıra biləsən. Hər 3 müsahibəni əvvəldən axıradək birnəfəsə oxuyub başa çatdıranda, dilimdən qopan yeganə söz “afərin!” oldu.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov bir dəfə dedi ki, Mehparə xanımın hər növbəti müsahibəsi dərc olunan gün onun kabinetində telefon zəngləri susmaq bilmir. Qəzetin daimi oxucuları, tanınmış ziyalılar baş redaktora belə gözəl müsahibə dərc etdiyinə görə minnətdarlıq etməyi özlərinə borc bilirlər. Arada əllərində tər gül dəstələri ilə redaksiyaya gələrək müəllifə yaxşı yazıya görə ürəkdən təşəkkür edənlər də olur. Əsl, istedadlı jurnalistin qazancı məhz oxucu diqqəti və sevgisidir!
Gənclik illərimdə “Bakinski raboçi” qəzetində müxbir vəzifəsində çalışırdım. Faner arakəsmə ilə ikiyə bölünmüş otaqdakı iç kabinetdə Oleq Zeynalov adlı orta yaşlı, çox istedadlı baş müxbir əyləşirdi. Adətən, ekoloji mövzularda esse və reportajlar hazırlayırdı. Mən dəfələrlə görmüşəm ki, redaksiyada çalışan makinaçılar əlyazmanı bitirər-bitirməz hələ qəzet səhifələrində işıq üzü görməmiş yazıya görə ona minnətdarlıq ediblər. Deyim ki, redaksiyada çox az jurnalist belə xüsusi jestə layiq görülürdü.
“Bakinski raboçi” qəzetində şahidi olduğum bu olaya bənzər hadisəni 30 ildən sonra “Xalq qəzeti” redaksiyasında müşahidə etmişəm. Belə ki, bir neçə dəfə qəzetin axşam növbəsində təcrübəli korrektorlar Sevda Səlimova və Mahmud Qəzənfəroğlunun dilindən bu sözləri eşitmişəm: “Mehparə xanım bu məqaləni necə də gözəl yazıb! Onun yazıları təzə, tər bənövşə kimidir!”. Redaksiyada tərifə “xəsislik” edən həmkarım belə etiraf etdi ki, “Mehparə Əliyeva, həqiqətən, çox şirin yazır!”.
O, jurnalist peşəsinə hələ yeniyetməlik illərindən könül verərək gələnlərdəndir. Naxçıvandakı 6 saylı şəhər orta məktəbinin yuxarı siniflərində oxuyarkən onun ilk qələm təcrübələri muxtar respublika mətbuatında işıq üzü görüb. Rəhmətlik valideynləri qızlarının jurnalistikaya olan sonsuz marağından xəbərdar idilər. Sevimli anası Zərifə xanım onu həkim görmək istəyirdi. Amma gənc Mehparə orta məktəbi gümüş medalla bitirib elə birinci imtahandan əla qiymət alaraq Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunanda xeyir-duasını əsirgəmədi.
“Xalq qəzeti”nin mədəniyyət şöbəsi müdirinin əsas vəzifəsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas istiqamətlərini, bu sahədə əldə olunan uğur və problemləri əks etdirməkdir. Mehparə Əliyeva və rəhbərlik etdiyi şöbənin əməkdaşları onların qarşısına qoyulan bu vəzifənin öhdəsindən layiqincə gəlirlər. Qəzetin səhifələrində mədəniyyət mövzusu sistemli şəkildə, yüksək peşəkarlıqla, xüsusi zövqlə işıqlandırılır. Oxuculara təqdim olunan mədəniyyət xəbərləri öz operativliyinə görə də seçilir.
Təbii ki, yaxşı iş üz ağardır. Bu yazı üzərində işləyərkən baş redaktorun müavini, Əməkdar jurnalist Tahir Aydınoğlu Mehparə xanım barədə yazı yazmaq təşəbbüsümdən xəbər tutub onu xeyli təriflədi və dedi ki, bu xanımın redaktə etdiyi yazılara çox vaxt gözucu nəzər yetirməyə belə ehtiyac qalmır.
Qəzetin baş redaktoru Əflatun Amaşovun da Mehparə Əliyeva haqqında fikirlərini öyrəndim:
– Bilirsən ki, bu gün çap mətbuatı sosial şəbəkələr tərəfindən sıxışdırıldığından çətin günlərini yaşayır. Qəzet redaksiyaları bu sərt rəqabətə tab gətirmək üçün istedadlı jurnalistlərə meydan verib yaxşı yazılarla oxucuların qəlbinə yol tapmalıdır. Qəzetlərin tirajlarını kütləvi şəkildə artırmaq hələlik, təəssüf ki, mümkünsüz görünür. Amma zövqlü, diqqətli oxucu üçün keyfiyyətli qəzet buraxmaq mümkündür və başqa çıxış yolu da yoxdur.
Əflatun müəllimin fikrincə, qəzetlərə “ikinci nəfəs” vermək missiyası məhz istedadlı jurnalistlərin öhdəsinə düşür. Ümid etmək istərdik ki, hazırkı gənc və orta nəsil qələm sahibləri hələlik həlli çətin görünən bu işin öhdəsindən gələ biləcəklər.
Bir vaxtlar deyirdilər ki, kino sənəti meydana çıxandan sonra teatrlara ehtiyac qalmayacaq. Xoşbəxtlikdən belə olmadı. Teatr yaşayır və özəlliyini qoruyub saxlaya bilir. Çap mətbuatı da hələ uzun müddət yaşayacaq, xalqa və dövlətə xidmət edəcək.
Bu gün hörmətli həmkarımız Mehparə Əliyevanın 55 yaşı tamam olur. Şübhə etmirəm ki, bu özəl gündə onun gözünün işığı olan hər iki övladı, Birinci Qarabağ müharibəsi vetaranı olan ömür-gün yoldaşı, xətrini çox istəyən həmkarları, doğma və yaxınları, eləcə də yeni yazılarını səbirsizliklə gözləyən sədaqətli oxucuları Mehparə xanımı ürəkdən təbrik etməyə tələsəcəklər. O isə həmişəki öz şəfqətli gülüşü ilə hər kəsə ürəkdolusu təşəkkür edərək qəlbində duyğusal anlar yaşayacaq. İstedadlı jurnalist həmkarımız Mehparə Əliyeva bu böyük sevgiyə, hörmət və ehtirama, həqiqətən, layiqdir!
Məsaim ABDULLAYEV
XQ