Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.
“Qusarda oynasaydıq, daha yaxşı olardı. Söz veriblər ki, gələn il stadion hazır olacaq”.
Bu sözləri Birinci Liqa təmsilçisi “Şahdağ Qusar”ın prezidenti və kapitanı Rahid Əmirquliyev qol.az-a müsahibəsi zamanı deyib. O, Qusardakı stadion problemi, bölgə klublarının Premyer Liqada çıxış etməsinin əhəmiyyəti və özünün gələn mövsüm futbolçu kimi çıxış edib-etməyəcəyi ilə bağlı fikirlərini bildirib.
Həmin müsahibəni təqdim edirik.
– Birinci Liqanın 26-cı turunda səfərdə “Səbail”lə heç-heçə etdiniz. Qolsuz başa çatan oyun barədə nə deyə bilərsiniz?
– Çempionluğa oynayan bir komandaya qarşı mübarizə aparırdıq. Qalib gəlmək istəyirdik. Bu matçda qalib olsaydıq, son turdan əvvəl üçüncü yeri tutmaq şansımız qalacaqdı. Əlimizdən gələni etdik ki, qalib gələk və azarkeşlərimizi sevindirək. Təəssüf ki, bu, alınmadı.
– Qusardakı stadion hazır olmadığı üçün komanda ev oyunlarını doğma meydanda keçirmir. Növbəti mövsümə qədər bu problem həllini tapacaqmı?
– Qusarda oynasaydıq, daha yaxşı olardı. Əziyyət çəkib Bakıya bu qədər azarkeş gəlirsə, Qusarda bunun 2–3 qatı olardı. Futbol azarkeş üçündür. Biz də istəyərdik ki, Qusarda, doğma azarkeşlərimizin önündə oynayaq. Lakin təəssüf ki, stadion problemi var. Bu ilə çətin çatdırsınlar, amma söz veriblər ki, gələn il stadion hazır olacaq. Biz də gözləyirik.
– Növbəti mövsümdə “Şahdağ Qusar” Birinci Liqada çempionluq uğrunda mübarizə apara biləcək?
– Çempionat bitəndən sonra hədəfləri müzakirə edəcəyik. İstəyərdik ki, bu komanda Premyer Liqada olsun. Ümumiyyətlə, tək “Şahdağ” yox, Lənkəran və digər region klubları da olsun. Nə qədər region klubu çox olsa, bu, Premyer Liqa üçün üstünlükdür.
– Sizi gələn mövsüm də yaşıl meydanlarda görə biləcəyik?
– Hələ qərar verməmişəm. Çempionat bitəndən sonra düşünüb qərar verəcəyəm.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.