ain.az, Xalq qazeti saytına istinadən bildirir.
Yaxud imperialist düşüncənin yeni yanaşmaları buxovlaması
Dahi Dostoyevskinin 1880-ci ildə çapdan çıxmış və dünya ədəbiyyatının incilərindən sayılan “Karamazov qardaşları” romanındakı sujet xətti belədir: ata daha artıq itaət tələb edir, oğul isə müstəqillik. Romanın əsas məziyyəti formal bağlılığın qalmasına baxmayaraq, mənəvi nüfuzun çökməsidir. Yəni əsərdəki Fyodr Karamazov ailə başçısıdır, amma artıq hörmət görmür, yalnız keçmişdəki statusuna arxalanır. Oğullar isə müxtəlif istiqamətlərə gedirlər - biri Qərb tipli rasionalizmə yuvarlanır, o biri dini mistikaya üstünlük verir, digəri isə üsyançıdır.
“Karamazov qardaşları”nı təsadüfən xatırlamadıq. Məsələ ondadır ki, romanda ifadəsini tapan məqam rus siyasi şüurunun postsovet məkanı seqmenti üçün tam xarakterikdir. Təxminən belə: Biz sizi yaratdıq, qoruduq, indi isə bizdən uzaqlaşırsınız. Mövcud xüsusda Rusiya Prezidenti Vladimir Putinin Ermənistana münasibətdə dilə gətirdiyi “boşanma” metaforu, yumşaq qarşılana bilməz. Çünki “Karamazov qardaşları”na xas ailəvi-emosional tonun işə düşdüyünün şahidiyik. Çünki Putin, sanki, dövlətlərarası münasibət hüququndan yox, məişət münasibətlərindən söz açır. “Boşanma”ya qayıdacağıq.
...Üzərindən müəyyən müddətin keçməsinə baxmayaraq, həm Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri və səfər gedişində Prezident Putinlə, bir növ, söz güləşdirməsinə bənzər söhbəti, həm də “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında səslənmiş anti-Rusiya tezisləri ciddi müzakirə olunmaqdadır. Daha doğrusu, müzakirə Rusiyanın siyasi industriyasını cənginə alıb. Mövcud xüsusda Ermənistana nankor damğasının vurulduğunu görürük. Müzakirəni şiddətləndirən isə Putinin Moskva-İrəvan münasibətləri ilə bağlı dilə gətirdiyi və haqqında bəhs etdiyimiz “boşanma” sözüdür. Paşinyanın bu sözə dərhal cavab verdiyi məlumdur. Cavab təxminən belədir: Ailə-məişət terminləri siyasətə gəlməməlidir. Başqa sözlə desək, yalnız “Karamazov qardaşları”nı oxumaq lazım deyil. Paşinyan-Putin söz güləşdirməsinə gəlincə, burada durum daha dramatikdir. İkinciyə cavab verən birinci bildirmişdi ki, Ermənistan konstitusiyasına görə, seçmək və seçilmək ixtiyarı yalnız ölkə pasportunu daşıyan şəxslərə verilir. Görəsən, Putinə bu tərzdə saymazyana cavabı eşitmək çoxmu lazım idi? Rusiyanın öz dostları kimi qiymətləndirdiyi şəxslərin Ermənistanda seçkidə iştirakından danışmağa bu qədərmi ehtiyac duyulurdu? Yaxşı, tutalım duyulurdu. Ehtiyac beləmi ifadə olunmalı idi?
Bəli, hazırkı rus ictimai-siyasi düşüncə sisteminə görə ətraf nankorlarla doludur. İndi ən böyük nankor Ermənistandır. Amma bu yerdə, istər-istəməz, ya da Qoqolun “Ölü canlar”ı düşür. Əsərdə formal strukturların real həyatdan qopma səhnəsi canlanır. Yəni hamı əvvəlki imperiya-bürokratik dilində danışır, amma sistem daxilən çürüyüb. Hazırda Rusiya fikir industriyasının postsovet inteqrasiyası barədə ritorikası da buna bənzəyir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, MDB, Avrasiya İqtisadi İttifaqı və mövcud arealdakı strateji müttəfiqlik kimi anlayışlar formal qalır, onların real emosional-siyasi məzmunu yalnız boş təsir bağışlayır.
Rusiya-Ermənistan münasibətlərində də görünən məhz budur: institutlar var, etimad yoxdur. Belədə ortaya sual çıxır: niyə Rusiya üçün ətraf nankorlarla doludur? Hesab edirik ki, başlıca məqam məhz bu suala cavabla bağlıdır. Sualı isə sualla cavablandıraq: Rusiya niyə “ata” olmalı və ya “atalığa” iddia etməlidir? Ermənistanla bağlı durumda məsələ bir az da dramatikdir: Nə üçün Rusiya “ər” olmalıdır? Hər halda, Putin “boşanma” dedikdə ölkəsini “arvad” qiyafəsində görmürdü.
Bəli, Rusiya erməniləri, belə demək mümkünsə, heçdən var edib. Yəni onları Cənubi Qafqaza köçürən, haylar üçün vilayət formalaşdıran çarizm olub. O vilayət ki, sonradan dövlətə çevrildi. O vilayət ki, yeni ərazilərlə təmin edildi. Ermənilər isə bunun “haqqını” verdilər – yaramaz əməllərlə Moskvanın imperiya ambisiyalarında alətə çevrildilər. Məsələn, Qarabağ avantürasına girişdilər.
Amma hazırda Paşinyan deyir ki, ermənilər daha mübarizə aparmaq yox, davasız-şavasız, rahat şəraitdə ömür sürmək istəyirlər və Ermənistan üçün “Qarabağ hərəkatı” səhifəsi qapanıb. Putin isə bu “hərəkatın” ermənilərdən əl çəkməməli olduğunun mesajını verir. Niyə, nə üçün? Axı Qoqolun “Taras Bulba”sındakı Andrey sevmək istəyirdi və sevirdi. Bu səhvdir, ya düzdür, başqa söhbətin mövzusudur. Ola bilər, Andrey sonra polyak qızının ona xəyanət səhnəsini yaşayacaq, amma Taras Bulbanın onu nankor qismində görməsi düzgün deyildi. Hər halda, seçim olmalıdır.
Bu gün, dediyimiz kimi, Rusiya ictimai rəyi Ermənistanı xəyanətkar və nankor olaraq təsəvvürə gətirir. Ona görə ki, haylar müstəqil seçim yolundadırlar. O zaman əvvəldə anonsunu verdiyimiz səbəbə qayıdaq və sual verək: Taras Bulbanın, yaxud “Karamazov qardaşları”ndakı Fyodrun, yəni Rusiyanın heçmi səhvi yoxdur? Görəsən, nə üçün ətraf Rusiyadan üz döndərir? Bəs Moskvanın İravana ondan “boşanmaması” üçün təklif etdiyi yaşam dividendi nədir? Görünən odur ki, təklif yalnız Qarabağ avantürası, yaşam yox, ölümdür və Ermənistan bununla razılaşmır. Rus düşüncə industriyası isə yuxarıdakı suallara cavab tapmaqdansa, özünü ittihama kökləyir. Sanki bütövlükdə Cənubi Qafqaz, loru dildə desək, Rusiyanın dədə mülküdür. Bəli, məhz dədə mülkü. Halbuki, dövr dəyişib. Deməli, yanaşma da dəyişməlidir.
Problem ondadır ki, Rusiya yanaşmasını dəyişmək istəmir. Hətta dəyişməməkdə israrlıdır və nəticədə Ermənistana münasibətdəki isterika diqqətdən yayınmır. Təsəvvürü mümkünsüz olsa da, 3 milyonluq ölkə 150 milyonluq ölkəni hövsələdən çıxarır. Durum, həqiqətən, tragikomikdir. Görəsən, Rusiya niyə bu gündədir? Səbəbdən danışacağımızı bildirmişdik. Əlbəttə, Rusiyada reallığı görənlərin mövcudluğunu da söyləmək mümkündür. Məsələn, Yaroslavlın keçmiş meri Yevgeni Urlaşov bu günlərdə maraqlı fikir səsləndirib. O, Cənubi Qafqaz xüsusundakı anti-Rusiya meyillərindən söz açarkən deyib ki, ölkəsinin Azərbaycan və Ermənistanla münasibətləri soyuqdur, Gürcüstanla isə qeyri-müəyyənlikdir. Sabiq merin fikrincə, bu, Rusiyanı qayğılandırmamalı, ölkə yalnız sülh yolu tutmalı, imperiya ambisiyalarından uzaq durmalıdır: “Mən ölkəmizin gələcəyini heç kəsi təhdid etməyən obrazında görürəm. Belə olmalıdır: biz sülh yolu tutan dövlətik, istəyirik ki, iqtisadi, mədəni və sair sahələrdə əməkdaşlıq edək, fikir mübadiləsi aparaq. Heç bir halda, heç kəsin torpağının 1 santimetrinə iddia etməməliyik”.
Görəsən, Rusiyada urlaşovların sayı nə qədərdir? Hər halda, çox az. Amma Vladimir Solovyov kimi jurnalist cildinə girmiş şovinistlərin sayının çoxluğu nəzərimizdən yayınmır və onlar hələ də Rusiya üçün ənənəvi jandarm obrazını təlqin edirlər. Onlar üçün sərhədlər, dövlətlər anlayışı yoxdur, hesab edirlər ki, Rusiya istənilən ölkəni ən müxtəlif bəhanələrlə işğal edə bilər.
İndiki durumda, hətta, birbaşa sərhədi olmayan Ermənistana raket atılmasının mümkünlüyü barədə sərsəmləyənlər tapılır. Sən demə, Ermənistanda Rusiyaya rəğbət bəsləyən əhalini qorumaq lazım imiş! Bu qədər cəfəng formul ola bilərmi? Sualımız ritorikdir, bəla cəfəngiyyat daşıyıcılarının, səbəb-nəticə əlaqələrini heçə sayanların Rusiyada at oynatmasında, Urlaşov kimi mütərəqqi düşüncə sahiblərinin ya azlığında, ya da onlar üçün meydanın darlığındadır.
Sonda belə qənaətə gəlirik ki, Rusiya dəyişməli, rahat nəfəs almalıdır. Dəyişmək və rahat nəfəs almaq üçün isə onun, ilk növbədə, öz vətəndaşı üçün cəlbediciliyi mütləqdir. Ölkədə ciddi şəkildə dərk edilməlidir ki, yeganə misyası dinlərini və millətlərini katolik polyaklardan, tatarlardan, yəhudilərdən və türklərdən qorumaq olan kazaklara və onların başında dayanan taras bulbalara daha ehtiyac yoxdur.
Dostoyevskinin Rusiyanın gələcək nicatını xalqın, millətin rus pravoslav dininə tapınaraq mənəvi kamilləşmə yolunu seçmə kazusu, yəni ənənələrə söykənmiş mühafizəkarlıq tipik imperialist düşüncə qarşısında yeni durumdadır və bu çatlar doğurur. Axı dünya güc dünyası olsa da, bu düşüncə keçmir. Çünki gücün və üstünlüyün sərt, bəzən də bağışlamağı bacarmayan olsa da, bəlli məntiqə əsaslandığı dünyada yaşayırıq.
Əvəz CAHANGİROĞLUXQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.