AZ

Bakı həbsxanası, “Qarabağ kartı” və Ermənistanda “kim-kimi”?

David Babayanın sərsəmləmə səbəbləri

Canını tapşırmış qondarma “Dağlıq Qarabağ respublikası”nda müxtəlif oyuncaq postlar, o cümlədən “xarici işlər naziri” kimi qondarma vəzifə tutmuş, hazırda Bakı həbsxanasında cəza çəkən David Babayan audiomüraciət yayıb. Daha doğrusu, sərsəmləyib və bu məxluqun dediklərini iki kontekstdə qiymətləndirmək mümkündür – hüquqi və siyasi.

Hüquqi məsələlər üzərində dayanmağa lüzum yoxdur. Çünki onların da siyasi aspektə söykəndiyi aydındır. Necə deyərlər, ayının min oyunu bir armudun başındadır. Məsələn, Babayan iddia edib ki, guya, Azərbaycan tərəfi ona apellyasiya şikayəti vermək üçün şərait yaratmayıb, bununla əlaqədar müraciətləri yoxa çıxarılıb, nəticədə beynəlxalq məhkəmələrə üz tutmaq imkanı əngəllənib və sair. Əlbəttə ki, bunlar ağ yalandır, məhkəmə qanunvericiliyə tam uyğun şəkildə keçirilib.

Bilavasitə siyasi kontekstə gəlincə, vurğulanmalı bir çox məqamlar var. Ondan başlayaq ki, Ermənistanda gələn ay keçiriləcək parlament seçkilərinə doğru ölkənin bəzi siyasi dairələri “Qarabağ kartı”nı işə salıblar. Hərdən elə təsəvvür yaranır ki, erməni cəmiyyəti seçimi separatizmin davam etdirilməsi və etdirilməməsi, yaxud Azərbaycana qarşı düşmənçiliyin saxlanılması və ya saxlanılmaması arasında edəcək. Bir halda ki, Ermənistanın ikinci prezidenti, Xocalı cəlladı Robert Koçaryan seçki kampaniyası çərçivəsindəki mitinqdə 2 yaşlı körpəyə Qarabağa getmək arzusu “dedizdirirsə”, başqa cür düşünməyə əsas yoxdur.

Heç şübhəsiz, Babayanın audiomüraciəti Ermənistandakı seçki dramatizmini gücləndirmək məqsədindən qaynaqlanır. O, yaxşı bilir ki, nəinki özünün, eyni zamanda, birlikdə cəza çəkdiyi digər separatçıbaşıların gün üzü görmək şansı yoxdur. Görünür, həbsxanada qala-qala pul qazanmaq fikrinə düşüb. Tam mümkündür ki, belə bir müraciət üçün Koçaryandan ənam alıb, yəni sifariş yerinə yetirib. Sabah Davidin kamera yoldaşları eyni işi tutsalar, qətiyyən təəccüblənmərik və hesab edərik ki, onları Koçaryanla yanaşı, Rusiyanın Ermənistandakı digər maşası Samvel Karapetyan “qaza gətirib”.

Əlqərəz, Babayan bildirib: “...bu, məhkəmə prosesi deyil, xalqımızın keçmişinə, bu gününə və gələcəyinə qarşı etnosiyasi qisasdır, etnosiyasi linçdir”. Elə bu fikirdən onun sırf siyasi məqsədə kökləndiyini demək mümkündür. Babayan, öz aləmində, Qarabağ identikliyi yaradır, Ermənistandakı şovinist və revanşist kəsimin seçki gündəliyini “zənginləşdirir”. Hər halda, bu kəsimə Bakı həbsxanasından “dəstək” motivi lazımdır.

Babayanın daha bir həyasızlığı müqəddəs “Qurani-Kərim”dən sitat gətirməsidir. O deyir ki, Allah təkəbbürlü və özündənrazıları qəbul etmir. Hər halda, Allah başqasının torpağına göz dikənləri nəinki qəbul etmir, eyni zamanda, lənətləyir. Separatçıların düşərgəsində təmsil olunmuş məxluq kimi Babayanın işi-gücü Azərbaycanın ərazi bütövlüyünü şübhələndirmək idi. “Məqsədinə” çata bilmədi, özü yıxılan isə ağlamaz. David nəinki ağlayır və sızlayır, ən qəbuledilməzi budur ki, təmsil olunduğu üfunət düşərgəsi tör-töküntülərinin maraqları naminə çalışır. O düşərgə ki, tərkibi uşaq qatilləri və müharibə cinayətkarları ilə doludur.

Hüquqdan danışan şəxs Azərbaycanın beynəlxalq miqyasda tanınmış tarixi ərazilərindəki davranışının, tutduğu “xarici işlər naziri” və digər postların hüquqa zidd olduğunun fərqinə varmırsa, deməli, ortada böyük pataloji xəstəlik var və xəstə Babayanın müraciətindəki son fikir budur: “Biz ədalət istəyirik”. Görəsən, nə qədər həyasız olasan ki, ədalətdən dəm vurasan?! Təkcə Babayan yox, onunla birgə Bakı həbsxanasında cəza çəkən separatçılar varsa, deməli, ilahi ədalət təcəlli edib.

“Mən çıxışımda da bunu demişdim. Sadə insanların bununla əlaqəsi yoxdur. Burada mənə yaxşı münasibət göstərən çoxlu adi, normal insanlarla rastlaşmışam. Pis millət yoxdur. Buna görə bütün normal insanlara minnətdaram. Həqiqəti olduğu kimi demək lazımdır. Yaxşıya yaxşı, pisə pis demək lazımdır”, - deyən Babayanın Azərbaycan dövlətinin geosiyasi nifrət yaydığına dair fikir səsləndirməsi isə həyasızlığın pik nöqtəsidir.

Tam aydındır ki, özünü obyektiv şəxs kimi təqdim etməyə çalışan Davidin mesajları sırf erməni cəmiyyətinə, daha doğrusu, hay elektoratınadır. Mesaj təxminən belədir: dövlət səviyyəsində Ermənistana nifrət aşılayan Azərbaycanla sülh mümkün deyil və deməli, sülh və barış gündəliyini dəstəkləyən qüvvəyə səs vermək, onu seçki qalibinə çevirmək yolverilməzdir.

Ortaya elementar sual çıxır: əgər Babayan Azərbaycan dövlətinin ona qarşı ədalətsiz mövqe tutduğunu, heç hir şərait yaratmadığını, məhdudiyyətlər tətbiq etdiyini bildirirsə, o zaman onun səsli müraciəti necə Ermənistana çatıb? Hər halda, əngəl yaratmaq istəyənlər olsaydı, Davidin sərsəmləməsi “News.am”a gedib çıxmazdı. Gedib çıxıbsa, deməli, ona qarşı ədalətsizlik yoxdur. İndiki durumda Babayanın cəfəng çağırışındakı təfriqə motivinin düz yola gəlmək istəyən, sülh axtarışına çıxan erməni xalqını köhnə klişelərə qaytarmaq avantürizmi var ki, ən böyük ədalətsizlik məhz budur. Arzu edək ki, hay cəmiyyəti seçkidə doğru qərar verəcək, babayanların və onları ortaya atan buqələmunların yaydıqları Azərbaycana qarşı düşmənçilik təbliğatına uymayacaq.

R.ƏVƏZ
XQ

Seçilən
41
1
xalqqazeti.az

2Mənbələr