Yeni baş katibin “Biz Azərbaycansız keçinə bilmərik” etirafı bu gerçəyin təsdiqidir
Avropa ilə Asiyanı birləşdirən TRACECA proqramı iştirakçı ölkələr arasında tranzit, nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında mühüm mexanizmlərdən biri kimi çıxış edir. Məhz bu çərçivədə mayın 15-də Qazaxıstanın paytaxtı Astanada TRACECA Hökumətlərarası Komissiyasının (HK) XVIII illik iclasının keçirilməsi regional nəqliyyat əməkdaşlığının gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İclasa iştirakçı ölkələrin nümayəndə heyətləri, TRACECA HK Daimi Katibliyinin nümayəndələri, müşahidəçi ölkələr, həmçinin beynəlxalq təşkilatlar və tərəfdaşlar qatılıblar. Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, region ölkələrinin tranzit potensialının gücləndirilməsi və TRACECA çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələlərinin müzakirə edildiyi toplantı iştirakçı ölkələrin nümayəndə heyətləri rəhbərlərinin çıxışları ilə öz işinə başlayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov çıxışında bildirib ki, 2025-ci ildə Azərbaycan ərazisindən tranzit daşımalarının ümumi həcmi 2019-cu illə müqayisədə 2,5 dəfə çox olub və 14,3 milyon tona çatıb. Onun sözlərinə görə, ümumi yükün təxminən 4,7 milyon tonu Orta Dəhliz vasitəsilə daşınıb. Konteyner daşımaları 21 faiz artaraq 67000 TEU-ya, Çindən gələn blok qatarlarının sayı isə 37 faiz artaraq 392-yə çatıb. C.Qurbanov, həmçinin bildirib ki, 2024-cü ilin may ayında başa çatan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi onun illik tutumunu 1 milyon tondan 5 milyon tona qədər artırıb. 2025-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında konteyner daşımaları 40 faiz artaraq rekord həddə – 107000 TEU-ya çatıb. 2030-cu ilə qədər limanın yükdaşıma qabiliyyətinin 25 milyon tona və 500000 TEU-ya çatacağı gözlənilir.
Nazir müavini vurğulayıb ki, Azərbaycan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını dövlət siyasətinin prioriteti kimi müəyyən edib və bütün TRACECA üzv dövlətləri ilə sıx əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib.
İclasda TRACECA HK-da sədrlik Qazaxıstana ötürülüb, tranzit və nəqliyyat əməkdaşlığı məsələləri üzrə sənədlər, o cümlədən avtomobil daşıyıcıları üçün icazələrin rəqəmsallaşdırılmasına dair sənəd imzalanıb. Sənədə TRACECA-nın 5 ölkəsi imza atıb. Həmçinin TRACECA HK Daimi Katibliyinin Baş katibi seçilib.
Qazaxıstan Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, sədrliyin əsas istiqamətlərindən biri 2027-2036-cı illər üçün TRACECA Dəhlizinin İnkişaf Strategiyasının tamamlanması olacaq. Qeyd edilib ki, Qazaxıstan sənədi iştirakçı dövlətlərlə birlikdə yekunlaşdıracaq və təsdiq olunması üçün onu 2027-ci ildə Bişkekdə keçiriləcək TRACECA HK-nın iclasına təqdim etmək niyyətindədir. “İkinci prioritet qlobal rəqəmsallaşma, beynəlxalq logistika zəncirlərinin transformasiyası, yeni texnologiyaların tətbiqi və tranzit trafik həcmlərinin artması nəzərə alınmaqla dəhlizin inkişafına müasir yanaşmaları müəyyən edəcək. TRACECA islahatı üçün yeni konsepsiyanın təsdiqi olacaq”, – məlumatda qeyd olunub. Bildirilib ki, iclasda TRACECA Vahid Tranzit İcazəsi Sazişinin imzalanması mühüm addım olub. Sənəd avtomobil daşıyıcılarına əlavə milli icazələr olmadan belə, iştirakçı ölkələrin ərazilərindən tranzit yükdaşımalarını həyata keçirməyə imkan verəcək. Saziş Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və Ukrayna tərəfindən imzalanıb. Qazaxıstanın sədrliyi dövründə əlavə üzv dövlətlərin də bu sənədə qoşulacağı gözlənilir. Qazaxıstanın TRACECA-ya sədrliyinin ölkənin Avropa ilə Asiya arasında əsas tranzit və logistika mərkəzi kimi rolunun gücləndirilməsində mühüm addım olacağı bildirilib.
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayaraq iclas çərçivəsində imzalanmış TRACECA Vahid Tranzit İcazəsi Sazişinin iştirakçı dövlətlərin daşıyıcıları üçün digər üzv ölkələrin ərazilərindən tranzit keçidlər zamanı tələb olunan tranzit icazələrinin sayının azaldılmasına xidmət edəcəyini bildirib.
TRACECA HK Daimi Katibliyinin yeni baş katibi və Özbəkistanın nəqliyyat nazirinin müavini Casurbek Çoriyev iclasın yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Orta Dəhlizin inkişafında əsas aktor olaraq qalacaq: “Biz Azərbaycansız keçinə bilmərik. Bütün yollar Azərbaycandan keçir – bunlar əsas limanlardır. Azərbaycanın töhfəsi hər il artır”.
C.Çoriyevin sözlərinə görə, özəl sektor və Azərbaycan hökuməti infrastruktura böyük investisiyalar yatırır. O, həmçinin Ələt qəsəbəsində – Ələt Azad İqtisadi Zonasında yeni hava limanının inşasının davam etdiyini xatırladıb. Yeni baş katib TRACECA ilə digər nəqliyyat təşkilatları və forumları arasında sıx əməkdaşlığın qurulmasının vacibliyini, eləcə də vacib infrastruktur layihələrinin maliyyələşdirilməsi üzrə bank sektorunun və özəl kapitalın cəlb edilməsinin zəruriliyini də vurğulayıb.
***
Qeyd edək ki, TRACECA (Transport Corridor Europe–Caucasus–Asia) Avropa–Qafqaz–Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyata dair Əsas Çoxtərəfli Sazişi imzalamış 14 dövləti birləşdirən beynəlxalq səviyyədə tanınmış proqramdır. Proqramda Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqarıstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Ukrayna iştirak edir. TRACECA çərçivəsində əsas məqsəd Avropa ilə Asiya arasında təhlükəsiz, sürətli və səmərəli nəqliyyat əlaqələrinin formalaşdırılmasıdır. Proqram iştirakçı ölkələr arasında tranzit imkanlarının genişləndirilməsi, logistika infrastrukturunun modernləşdirilməsi və ticarət dövriyyəsinin artırılmasına xidmət edir.
Girişdə qeyd etdiyimiz kimi, qlobal ticarət marşrutlarının yenidən formalaşdığı, geosiyasi dəyişikliklərin beynəlxalq logistika zəncirlərinə birbaşa təsir göstərdiyi bir mərhələdə TRACECA platformasının aktuallığı daha da artır. Astanada keçirilən TRACECA HK-nın XVIII illik iclası da göstərdi ki, Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizi artıq yalnız regional təşəbbüs deyil, Avrasiya məkanında iqtisadi və strateji maraqların kəsişdiyi əsas marşrutlardan birinə çevrilir.
Qazaxıstanın TRACECA üzrə sədrliyi dövründə prioritet kimi 2027–2036-cı illəri əhatə edən yeni inkişaf strategiyasının hazırlanması təsadüfi deyil. Çünki son illərdə dünya ticarətində müşahidə olunan transformasiya ənənəvi marşrutların alternativlərlə əvəzlənməsini sürətləndirib. Xüsusilə Orta Dəhlizə marağın artması TRACECA iştirakçılarının qarşısında yeni imkanlarla yanaşı, yeni çağırışlar da yaradıb. Bu baxımdan uzunmüddətli strategiyanın hazırlanması dəhlizin rəqabət qabiliyyətinin qorunması və tranzit imkanlarının genişləndirilməsi üçün vacib hesab olunur.
Astanadakı müzakirələrdə Azərbaycanın xüsusi vurğulanması isə təsadüfi deyil. TRACECA HK Daimi Katibliyinin yeni baş katibi Casurbek Çoriyevin “Biz Azərbaycansız keçinə bilmərik” fikri ölkəmizin Orta Dəhlizdə oynadığı strateji rolu açıq şəkildə nümayiş etdirir. Coğrafi mövqeyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və genişlənən logistika infrastrukturu Azərbaycanı Avropa ilə Asiya arasında əsas tranzit qovşaqlarından birinə çevirib. Yeni hava limanının tikintisi, multimodal daşımaların inkişafı və özəl sektorun prosesə cəlb olunması ölkənin tranzit potensialının uzunmüddətli perspektivdə artacağını göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, TRACECA artıq sadəcə nəqliyyat layihəsi deyil, region ölkələrinin iqtisadi inteqrasiyası, ticarət təhlükəsizliyi və geoiqtisadi əməkdaşlığı üçün strateji platformaya çevrilməkdədir. Bu prosesdə Azərbaycanın rolu isə yaxın illərdə daha da artacaq.
Səxavət HƏMİD
XQ