AZ

Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir

Azərbaycan Prezidenti İlham Əliyev TDT Dövlət başçılarının Türküstan görüşündə bu mesajı verdi

TDT-nin budəfəki qeyri-rəsmi Zirvə Görüşünün Qazaxıstanın Türküstan şəhərində keçirilməsi faktının rəmzi məna daşıması məkanın adından məlumdur. Görüşün gündəminin hazırda dünyanın nəzərlərinin dikildiyi 2 münaqişə ocaqları kimi operativ və siyasi mövzudan formal olaraq kənar sayılmasına baxmayaraq, təşkilatın son illər etnomədəni birlikdən nüfuzlu geosiyasi güc mərkəzinə çevrildiyi üçün regional proseslərin diqqət mərkəzinə gətirilməsi təbii idi.

Bəli, bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu artır, qlobal proseslərə yön verən aktor kimi bu müstəvilərdə oynadığı rolu və mövqeyi güclənir.

“Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikirləri Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşündə çıxışı zamanı səsləndirib. Yaxın tarixə nəzər yetirəndə maraqlı bir məqamı qeyd etməyə bilmərik: Azərbaycanın mədəniyyət paytaxtı Şuşa işğaldan azad olunandan sonra qardaşlaşdığı ilk şəhər məhz Qazaxıstanın Türküstan şəhəri oldu. Bunu görüş iştirakçılarının nəzərinə çatdıran İlham Əliyev şəhərlərimizin də xalqlarımız kimi qardaş olduğunu, eləcə də liderlər arasında formalaşmış səmimi dostluq münasibətlərini qürurla dilə gətirdi: “Qazaxıstan ilə Azərbaycan arasındakı sıx əlaqələri nümayiş etdirmək üçün təkcə prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərləri göstərmək kifayətdir. Son 5 ildə bu, mənim Qazaxıstana səkkizinci səfərimdir. Prezident Tokayev isə Azərbaycana altı dəfə səfər etdib. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırıb”.

Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü təşəbbüsünün artıq ənənəyə çevrildiyini sevindirici hal kimi səciyyələndirdi: “Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir. Yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək”.

Daha sonra çıxışında türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk dünyası həftəsi”nin iyun ayında Bakıda keçiriləcəyini xüsusi vurğulayan İlham Əliyev bu tədbirin xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcəyinə əminliyini ifadə edib.

***

TDT-nin budəfəki qeyri-rəsmi Zirvə Görüşünün gündəliyində duran məsələ qloballaşan dünyanın aktual çağırışlarını və prioritetlərini özündə əks etdirirdi. Artıq rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar bəşəriyyətin keyfiyyətcə tamamilə yeni və strateji inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir. Aydın məsələdir ki, böyük coğrafiyanı əhatə edən Türk dünyası da bu çağırışlara adekvat cavab verməli, inklüziv inkişafa zəmin yaradacağı şübhə doğurmayan prosesin öndə gedənləri sırasında yerini möhkəmləndirməlidir. Bu kontekstdən yanaşanda, Azərbaycan liderinin çıxışında “ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” mesajı məhz TDT-nin gələcəyə yönəlik planlarının preambulası kimi qəbul olunmalıdır.

İndi dünyanın aparıcı dövlətləri rəqəmsal suverenliyinin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi kimi məsələləri ən önəmli prioritetlərdən biri hesab edirlər. Azərbaycan da çağdaş dövrün bu çağırışına uyğun inkişaf xəttini formalaşdırmaqdadır. Prezidentin çıxışında qeyd etdiyi kimi, bu məqsədlə Azərbaycanda Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılıb: “Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilib. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır”.

İlham Əliyevin çıxışında toxunduğu vacib məsələlərdən biri də TDT-nin Türküstan sammitinin gündəliyinə uyğun olaraq, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı idi. Əməkdaşlığın məhz bu istiqamətini TDT liderlərinin diqqətinə xüsusi olaraq çatdıran dövlətimizin başçısı çıxışında rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlığın uğurla davam etdirildiyini vurğuladı. Ardınca Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunduğunu bildirən İlham Əliyev bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Transxəzər fiber-optik kabel xəttinin yaxın aylarda istifadəyə verilməsinin planlaşdırıldığını görüş iştirakçılarının diqqətinə çatdırmağı da unutmadı.

***

Azərbaycan Prezidentinin TDT-nin bugünə qədərki toplantılarında etdiyi bütün çıxışlar təşəbbüskarlığı və novatorluğu ilə seçilib. Oxuculara xatırladaq ki, TDT-nin 2025-ci ilin oktyabrında Qəbələdə keçirilən Zirvə Görüşündə “Regional sülh və təhlükəsizlik” mövzusunda Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın tarixində bəlkə də böyük əks-səda doğurmuş təşəbbüslə çıxış etmişdi. Ölkəmizin başçısı Azərbaycanın ərazisində türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi ideyasını irəli sürmüşdü. İlham Əliyevin yeddi ay bundan əvvəlki mesajının məntiqi aydın idi: TDT üzvləri arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək. O vaxta qədər Azərbaycan Qazaxıstan, Özbəkistan və Türkiyə ilə ikitərəfli təlimlər keçirmişdi. Elə isə niyə bu təcrübəni TDT-nin bayrağı altında rəsmiləşdirməyək? Təşəbbüs irəli sürüldü və az sonra o, əmələ çevrildi. İndi Azərbaycan liderinin Türk dünyasının iyirminci yüzilliyin nüfuzlu geosiyasi güc mərkəzinə çevrilməsi ilə bağlı ideyasının da gerçəkləşəcəyinə heç kimin şübhəsi olmasın.

Son vaxtlar TDT-yə üçüncü ölkələrin marağının artması tendensiyasını da qeyd etməyi vacib sayırıq. Yaponiya 2025-ci ildə TDT ilə əməkdaşlıq təşəbbüsü göstərdi və bununla bağlı danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. Yaxın Şərqdə müşahidə olunan hərbi-siyasi gərginlik fonunda Fars körfəzi ölkələrinin də baxışları TDT-yə yönəlib. Bunlar heç də təsadüfi sayıla biləcək hadisələr deyil. Bunlar Türk Dövlətləri Təşkilatının artıq eyni soya və tarixə malik xalqların mədəni birliyi kimi deyil, “böyük güclər”, qlobal aktorlar, eləcə də etibarlı müttəfiqə və təhlükəsizliyinə ehtiyac duyan ölkələr tərəfindən nüfuzlu geosiyasi güc mərkəzi kimi qəbul edilməsinin göstəricisidir.

İmran BƏDİRXANLI
XQ

Seçilən
44
xalqqazeti.az

1Mənbələr