AZ

Prezident Türk dünyasını vahid bir ailə kimi səciyyələndirdi

Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk ölkələrinin inteqrasiyası yolunda növbəti uğurlu addım oldu. Zirvə görüşü çərçivəsində liderlər önəmli görüşlər keçirdilər və aktual müzakirələr apardılar. Zirvə görüşündə liderlərin çıxışlarında üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini özündə ehtiva edən bir sıra mühüm mesajlar verilib”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, hazırda qlobal miqyasda sürətli transformasiyalar baş verir, dünya dəyişir, yeni nizam formalaşır. Belə bir şəraitdə Türk dünyası üçün də mühüm çağırışlar yaranıb. Zirvə görüşündə bu kontekstdə də müzakirələr aparılıb. Yüksəksəviyyəli təmaslar çox olduqca münasibətlərin dərinləşməsi üçün də daha geniş imkanlar yaranır. Artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir.

Millət vəkili xatırladıb ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi TDT-nın tarixində yeni bir başlanğıcdır. Bu ənənə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında həyata vəsiqə alıb. Belə ki, TDT-nın dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü Türk dünyasının qədim şəhəri Şuşada baş tutub. Ötən ilin mayında isə bu formatda sammit Macarıstanda keçirilib. Keçən ilin oktyabrında isə Azərbaycanın Qəbələ şəhərində növbəti Zirvə görüşü reallaşıb.

Ümumiyyətlə, Azərbaycan TDT-nın güclənməsinə və onun funksionallığının artmasına davamlı töhfələr verir. Dövlətimizin başçısı Türk dünyasını vahid bir ailə kimi səciyyələndirib və bildirib ki, bizi başqa yerdə gözləmirlər. Qeyd edək ki, Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Biz qürur duyuruq ki, TDT-nın yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Sonradan bu platforma TDT-ə çevrilib. Sammitdə Prezident İlham Əliyevin dediyi kimi, bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. “Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Seçilən
74
publika.az

1Mənbələr