ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Səbail rayonu, Nigar Rəfibəyli küçəsində yol hərəkətinin təşkilində müşahidə olunan uyğunsuzluq sürücülərin narazılığına səbəb olub.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına videomaterial göndərərək məlumat verib. Görüntülərdən aydın olur ki, iki istiqamətli yolun ortasında enli qoşa xətt çəkilib və nəticədə manevr üçün nəzərdə tutulan hissədə məhdudiyyət yaranıb.
Şikayətçinin sözlərinə görə, geriyə dönmə nişanının tələbinə uyğun manevr etmək istəyən sürücülər çətinliklə üzləşirlər. O bildirib ki, əksər hallarda sürücülər təhlükəsiz manevr edə bilmək üçün avtomobili dəfələrlə irəli-geri hərəkət etdirməyə məcbur qalırlar ki, bu da həm vaxt itkisinə, həm də yol hərəkətində əlavə risklərə səbəb olur.
İzləyici aidiyyəti qurumlara müraciət edərək, məsələyə aydınlıq gətirilməsini və yol xəttlənməsinin məqsəd və funksional baxımdan yenidən nəzərdən keçirilməsini zəruri sayıb.
Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən ərazidə işlər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi nəzərə alınmaqla, standartlara uyğun həyata keçirilib.
Onun sözlərinə görə, layihəyə əsasən zolağın eni 3,20 metr saxlanılıb. Bu isə sürücülərin piyadaların intensiv hərəkət etdiyi küçəyə daxil olarkən maksimal dərəcədə diqqətli olmaları və aşağı sürət rejimindən istifadə etmələri məqsədilə edilib.
Tural Orucov qeyd edib ki, geriyə dönmə yerində zolağın eni 4 metrə qədər artırılıb: “3,2 metrlik zolaq eni istənilən minik avtomobilinin və 3,5 tona qədər yük avtomobilinin rahat keçidi üçün kifayətdir. Dönmə radiusları normativ tələblərə uyğundur”.
Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.