AZ

Azərbaycanın tarixi qələbəsi Cənubi Qafqaza sülh gətirir

Prezident İlham Əliyev 200 illik status-kvonu dəyişdi

Sovet İttifaqının son illərində Cənubi Qafqaz olduqca mürəkkəb və gərgin siyasi proseslərlə üz-üzə qalmışdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkar siyasəti bölgədə uzun illər davam edən müharibənin əsasını qoydu. Qarabağın işğalı təkcə Azərbaycanın deyil, bütövlükdə regionun təhlükəsizliyinə ciddi təhdid yaratdı. Ermənistan daxilində isə bu işğalçı siyasəti həyata keçirən qüvvələr özlərini “qəhrəman” kimi təqdim edərək cəmiyyəti yanlış istiqamətə yönəltdilər. Robert Köçəryan və Serj Sarkisyan kimi siyasi fiqurlar bölgədə sülhün deyil, qarşıdurmanın davam etməsinə xidmət etdilər. Onların fəaliyyəti nəticəsində Cənubi Qafqaz uzun illər ərzində münaqişə, humanitar faciə və siyasi qeyri-sabitlik məkanı oldu.

Ulu Öndərin əsasını qoyduğu yol...

Məhz belə bir çətin dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilasında mühüm rol oynadı. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin edildi, nizami ordu quruculuğuna başlanıldı və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi gücləndirildi. 1994-cü ildə əldə olunan atəşkəs Azərbaycanın öz gücünü toplamasına, iqtisadi və siyasi baxımdan inkişaf etməsinə şərait yaratdı. Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə bildirib ki, Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan ağır günlərdə öz müstəqilliyini qoruya bilmişdir: “O vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitlik yaradıldı, inkişaf başlandı və yavaş-yavaş ordu quruculuğu da artıq getməyə başladı”.

Dövlət başçısı qeyd edib ki, Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək: “Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq. Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik”.

Heydər Əliyev Azərbaycanın gələcək qələbəsinin strateji təməlini formalaşdırdı. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və beynəlxalq arenada haqq səsinin çatdırılması sonrakı uğurların əsasını təşkil etdi.

Tarixi missiya tamamlandı...

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirərək Azərbaycanın qarşısında duran ən böyük tarixi missiyanı yerinə yetirdi. Sovet dövründə Heydər Əliyevə qarşı aparılan təzyiqlərdən və onun siyasi səhnədən uzaqlaşdırılmasından sonra başlanan “Qarabağ hərəkatı”na son verildi. 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qələbə Azərbaycan xalqının milli iradəsinin və dövlət gücünün nümayişi oldu. Azərbaycan Ordusu işğal altındakı torpaqları azad edərək beynəlxalq hüququ öz gücü hesabına təmin etdi. Bununla yanaşı, antiterror tədbirləri nəticəsində separatizmin kökü tamamilə kəsildi və ölkənin suverenliyi tam bərpa olundu. Bu proses Köçəryan və Sarkisyan kimi müharibə cinayətkarlarının siyasi fiaskosu ilə nəticələndi. Vaxtilə bölgəni müharibəyə sürükləyən həmin qüvvələr artıq tarix səhnəsindən silinmiş vəziyyətdədir.

Bu gün Azərbaycan regionda yeni siyasi reallıq yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz qarşıdurma zonasından əməkdaşlıq və inkişaf məkanına çevrilməkdədir. Azərbaycanın təşəbbüsləri regional təhlükəsizliyin təmin olunmasına, iqtisadi layihələrin genişlənməsinə və dayanıqlı sülhün qurulmasına xidmət edir. Artıq bölgədə söz sahibi olan tərəf Azərbaycandır və formalaşan yeni geosiyasi nizam məhz Bakının siyasi iradəsinə əsaslanır.

Tarixi ədalətsizliyə əsaslanan status-kvo məhv edildi

Uzun illər ərzində Cənubi Qafqazda formalaşdırılmış status-kvo tarixi ədalətsizliyin nəticəsi idi. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz rejim yaradaraq bu vəziyyəti uzunmüddətli hala çevirməyə çalışırdı. Dünya güclərinin ikili standartları və beynəlxalq təşkilatların passivliyi işğalın davam etməsinə şərait yaradırdı. Lakin Azərbaycan dövləti bu reallıqla heç vaxt barışmadı və illər ərzində siyasi, iqtisadi və hərbi gücünü artıraraq tarixi zəfərə hazırlaşdı.

Vətən müharibəsi və sonrakı antiterror tədbirləri nəticəsində təxminən iki əsr boyunca ermənilərin regionda həyata keçirməyə çalışdığı qeyri-hüquqi, ədalətsiz genişlənmə siyasətinin qarşısı qətiyyətlə alındı. Ermənistanın müxtəlif dövrlərdə həyata keçirməyə çalışdığı planlar iflasa uğradı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, bölgədə yeni təhlükəsizlik sistemi formalaşdırdı. Bu qələbə yalnız hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası idi. Azərbaycanın əldə etdiyi nəticə regionun gələcəyini dəyişdirən böyük geosiyasi hadisədir. Artıq Cənubi Qafqazda separatizmə, işğala və xarici müdaxilələrə əsaslanan siyasətin gələcəyi yoxdur. Azərbaycan açıq şəkildə göstərdi ki, bölgədə destruktiv addımlara yer olmayacaq. Sülhə və sabitliyə qarşı yönələn hər hansı təhdid dərhal qarşısını alacaq güclə üzləşəcək. Bu gün regionda təhlükəsizliyin əsas təminatçısı məhz Azərbaycan dövlətidir.

Ermənistan üçün də yeganə yol sülhdür

Ermənistan artıq reallığı qəbul etməli və anlamalıdır ki, bölgədə Azərbaycanın təşəbbüsü ilə yaranan sülh prosesi ilk növbədə onun öz maraqlarına xidmət edir. Uzun illər ərzində xarici güclərin təsiri altında olan Ermənistan müstəqil siyasət yürütmək imkanından məhrum vəziyyətdə qalıb. Sovet İttifaqının dağılmasından sonra formal müstəqillik əldə etsə də, ölkə faktiki olaraq müxtəlif mərkəzlərin təsiri altında “forpost” funksiyası yerinə yetirib. Bu siyasət Ermənistanı iqtisadi böhran, siyasi asılılıq və regional təcrid vəziyyətinə salıb. Azərbaycanın təklif etdiyi sülh modeli isə Ermənistan üçün yeni imkanlar yarada bilər. Kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və regional layihələrə qoşulmaq Ermənistanın inkişafına ciddi təkan verə bilər. Bunun üçün ilk növbədə revanşist düşüncədən imtina edilməlidir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı iddialar tam dayandırılmalı, konstitusiyada yer alan əsassız torpaq iddiaları çıxarılmalı və regionda qarşıdurmanı təşviq edən siyasətə son qoyulmalıdır.

Sülh Ermənistan üçün sadəcə siyasi seçim deyil, tarixi zərurətdir. Əgər rəsmi İrəvan yeni reallıqları düzgün qiymətləndirsə, uzun illərdən sonra həqiqi müstəqil dövlət kimi inkişaf etmək imkanı qazana bilər. Əks halda revanşist qüvvələrin təsiri altında qalmaq Ermənistanı daha ağır siyasi və iqtisadi böhranlara sürükləyəcək. Azərbaycan isə öz prinsipial mövqeyini dəyişməyəcək və bölgədə davamlı sülhün təmin olunması üçün qətiyyətli addımlarını davam etdirəcək.

Ulu Öndərin vəsiyyətini yerinə yetirdik...

Azərbaycan son illərdə təkcə hərbi deyil, siyasi və diplomatik baxımdan da tarixi qələbə əldə edib. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bununla regionda onilliklər boyu davam edən münaqişə mərhələsi başa çatıb və yeni geosiyasi reallıq yaranıb. İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə bildirib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi: “Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik”.

P.İSMAYILOV

Seçilən
12
1
yeniazerbaycan.com

2Mənbələr