ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp, haqqında yalan məlumat yaydıqları iddiası ilə Ağ Evin sabiq mətbuat katibi Cen Psaki və "MS Now" telekanalına qarşı hüquqi müstəvidə mübarizəyə başlayır.
İttihamların mərkəzində nə dayanır?
Məhkəmə çəkişməsinə səbəb Cen Psakinin müəllifi olduğu proqramın efirində səsləndirdiyi iddialar olub. Psaki efir vasitəsilə Erik Trampın atasının Çinə etdiyi son rəsmi səfər zamanı onu müşayiət etdiyini və bu xarici səfərdən öz şəxsi biznes maraqları üçün istifadə etdiyini irəli sürüb.
"Məhkəməyə müraciət edirəm"
Erik Tramp mayın 15-də özünün "X" (keçmiş Twitter) sosial şəbəkə hesabından etdiyi paylaşımla bu iddiaları kəskin şəkildə rədd edib. O, haqqında yayılan məlumatların tamamilə əsassız və yalan olduğunu vurğulayıb:
"Mən Cen Psaki və 'MS Now' telekanalını məhkəməyə vermək niyyətindəyəm. Mənim Çində heç bir kommersiya marağım yoxdur".