ain.az bildirir, Cebheinfo portalına istinadən.
Sabah, 17 may tarixində Bakı qlobal şəhərsalma gündəmində mühüm bir mərhələyə ev sahibliyi edir.
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (World Urban Forum 13 (WUF13) 22 mayadək davam edəcək.
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında keçirilən forum dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, ekspertləri və şəhər planlaşdırma sahəsinin aparıcı mütəxəssislərini bir araya gətirir.
Bu tədbir həm qlobal şəhərsalma çağırışlarının müzakirəsi, həm də dayanıqlı inkişaf hədəflərinin reallaşdırılması baxımından mühüm platforma kimi çıxış edir.
Bakı üçün isə bu forum yalnız beynəlxalq nüfuzun göstəricisi deyil, eyni zamanda şəhərin urban inkişaf təcrübəsinin paylaşılması və yeni əməkdaşlıqların qurulması baxımından strateji əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, WUF13-ün Azərbaycanda keçirilməsi kifayət qədər vacib hadisələrdən biridir:

“Çünki Ümumdünya Urban Forumu iştirakçılıq səviyyəsinə görə dünyada ikinci ən böyük tədbir hesab olunur. Bu foruma 35 min xarici nümayəndənin gələcəyi gözlənilir. Artıq 25 mindən çox nümayəndə qeydiyyatdan keçib. Ona görə də say və iştirakçılıq baxımından bu ciddi bir forumdur.
Forum həm Bakının infrastrukturunun, həm də Azərbaycanın bu istiqamətdə tətbiq etdiyi yeni modellərin təqdimatı baxımından vacibdir. Baxmayaraq ki, tədbirlərin keçiriləcəyi yer paytaxtdır, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yeni modellər və xüsusən də şəhərsalma modeli WUF13 vasitəsilə də təqdim ediləcək.
Sözsüz ki, bu, həm də turizmin inkişafı baxımından vacibdir. Bir tərəfdən 35 min nümayəndə heyəti gələcək və bu kifayət qədər ciddi bir rəqəmdir. Azərbaycan potensialının təqdimatına imkan verəcək və bu, sərmayənin cəlb edilməsi aspektindən vacibdir, xüsusən də qeyri-neft sektoru üçün. Çünki qeyri-neft sektoru və infrastrukturun təqdimatı nəticədə ölkə iqtisadiyyatının inkişafına töhfədir.”
Deputat qeyd edir ki, ona görə də COP29-dan (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP)) sonra ikinci ən böyük tədbir hesab olunan WUF13 xüsusən də iqtisadiyyatın inkişafı ilə bağlı hədəflərin reallaşması aspektindən Azərbaycan üçün vacibdir.
Aişə Abdulova
“Cebheinfo.az”
Açar sözlər:
şəhərsalma Vüqar Bayramov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.