Türk dövlətləri arasında həmrəylik gündən-günə daha da güclənir.
Bunu "Far.Az"un Türkiyə bürosuna açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım deyib.
Onun sözlərinə görə, hazırda enerji təhlükəsizliyi və təminatı bölgə üçün mühüm əhəmiyyət kəsb edir, bu baxımdan Azərbaycanın üzərinə düşən rol çox böyükdür.
Millət vəkili həmçinin bildirib ki, Türkiyə və Azərbaycanın artıq "bir millət, iki dövlət" anlayışından da irəli gələrək böyük bir ailəyə çevrilib:
"Cənubi Qafqazda artıq davamlı sülhün yaxınlaşdığı müşahidə olunur. Hər iki ölkə bölgədə qalıcı sülh üçün mühüm səylərini əsirgəmir. Bu gün dünya və bölgəmiz olduqca mürəkkəb bir dövrdən keçir. Bir tərəfdə İran-İsrail gərginliyi, digər tərəfdən Rusiya-Ukrayna müharibəsi davam edir. Bütün bu hadisələr fonunda bölgədə ön plana çıxan iki mühüm lider var: Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev. Hər iki lider öz xalqlarının gələcəyi, bölgənin sabitliyi və rifahı üçün mühüm işlər görür. Biz bütün bu səyləri dəstəkləyirik. İqtisadi çətinliklərə və dünyadakı müharibə şəraitinə baxmayaraq, Cənubi Qafqazda davamlı sülhün təmin olunmasını istəyirik".
Ş.Ayrım eyni zamanda Azərbaycanın müstəqillik mübarizəsinə də toxunaraq bu yolun çox məşəqqətli keçdiyini də ifadə edib:
"Azərbaycan çox böyük çətinliklərdən keçdi. Biz də bunu hər zaman qəlbimizdə hiss etdik. Xüsusilə Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi hamımızda böyük coşqu yaratdı. Türkiyə və Azərbaycan xalqları arasındakı birlik, bərabərlik və qardaşlıq, həqiqətən də, dünyada bənzəri az olan bir bağdır. Türkiyədə heç bir xalqa Azərbaycana göstərilən sevgi qədər səmimi sevgi göstərilməyib. Bu qardaşlıq sayəsində Türk dövlətləri arasında həmrəylik gündən-günə daha da güclənir".