Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Qalatasaray” Türkiyə Super Liqasının 2025–2026 mövsümünün çempionluğunu möhtəşəm tədbirlə qeyd edib.
İstanbuldakı RAMS Park stadionunda təşkil olunan “Dörd Dördlük Gecə” adlı mərasimdə sarı-qırmızılı komanda həm ardıcıl 4-cü, ümumilikdə isə 26-cı çempionluğunu azarkeşlərlə birlikdə qeyd edib. Tədbiri stadionda 54 min 527 azarkeş izləyib.
Çempionluq tədbiri şəhər turu ilə başlayıb. “Qalatasaray” liseyindən yola düşən futbolçular və klub nümayəndələri şəhər gəzintisindən sonra RAMS Parka gəliblər. Stadionda xüsusi olaraq 5 ulduzlu platforma qurulub və səhnənin üzərində “Dörd dördlük çempion” yazısı yerləşdirilib. Tədbir DJ çıxışları ilə başlayıb, Suat Ateşdağlı, Yalçın Asan və Doğuş Çabakçor səhnə alıblar.
Gecənin diqqətçəkən məqamlarından biri də dron şousu olub. Stadion üzərində təşkil edilən şou zamanı “Hər il çempion sənsən”, “Dominasiya” və “Hədəf 27” kimi yazılar yaradılıb, həmçinin baş məşqçi Okan Buruk və komandanın ulduz futbolçularının təsvirləri nümayiş etdirilib.
Klub prezidenti Dursun Özbek səhnəyə çıxarkən isə azarkeşlər onu “Böyük başqan” şüarları ilə qarşılayıblar. Daha sonra texniki heyət və futbolçular bir-bir səhnəyə dəvət olunublar. Baş məşqçi Okan Buruk azarkeşlərlə birlikdə ənənəvi “üçlü” çağırışı edib.
Futbolçular seçdikləri musiqilərlə səhnəyə çıxıblar. Lukas Torreyra atasının müşayiəti ilə səhnəyə gələrkən göz yaşlarını saxlaya bilməyib.
Fransalı müdafiəçi Saşa Boey səhnəyə Fələstin bayrağı ilə çıxaraq İsrailin hücumlarına diqqət çəkib. Nigeriyalı hücumçu Viktor Osimhen isə azarkeşlərin ən çox maraq göstərdiyi futbolçulardan biri olub.
Komandanın argentinalı ulduzu Mauro İkardi isə ənənəvi olaraq “Aşkın olayım” mahnısı ilə səhnəyə çıxıb.
Tədbirin sonunda futbolçulara medalları klub prezidenti Dursun Özbek təqdim edib. Çempionluq kuboku komanda kapitanlarına verildikdən sonra stadionda “We Are the Champions” mahnısı səsləndirilib, işıq və atəşfəşanlıq şousu təşkil olunub.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.