AZ

Türk dünyasında texnoloji dönüş: Türküstan Zirvəsinin yeni gündəliyi

Türk dünyası da “Sİ” deyir

Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü təşkilatın inkişaf trayektoriyasında dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu görüşün əsas fərqləndirici cəhəti ondan ibarət idi ki, burada ənənəvi siyasi və iqtisadi məsələlərlə yanaşı, ilk dəfə olaraq süni intellekt (Sİ) məsələsi sistemli və strateji müstəvidə müzakirə olundu.

Müasir qlobal iqtisadiyyatda rəqabət artıq təkcə təbii resurslar və logistika üstünlükləri ilə deyil, bilik, data və texnologiya üzərində qurulur. Bu mənada Türküstan zirvəsi TDT ölkələrinin gələcək inkişaf modelinin texnoloji əsaslara söykənəcəyini açıq şəkildə nümayiş etdirdi. Zirvə görüşünün əsas mövzusu – “süni intellekt və rəqəmsal inkişaf” – təsadüfi seçilməmişdir.

Zirvə görüşündə formalaşan süni intellekt gündəliyi strateji yanaşmadan praktik əməkdaşlığa doğru mühüm istiqaməti aydın şəkildə formalaşdırdı.

Əvvəla, TDT məkanında vahid süni intellekt ekosisteminin yaradılması ideyası ön plana çıxdı. Bu, təkcə texnoloji əməkdaşlıq deyil, həm də data mübadiləsi, ortaq tədqiqat platformaları və regional innovasiya mühitinin qurulmasını nəzərdə tutur. Bu cür inteqrasiya modeli Avropa İttifaqının rəqəmsal bazar yanaşmasına bənzər şəkildə, lakin daha çevik və regional xüsusiyyətlərə uyğun şəkildə formalaşa bilər.

İkinci mühüm istiqamət “Rəqəmsal İpək Yolu”nun inkişafı ilə bağlıdır. Trans-Xəzər rəqəmsal infrastruktur layihələri – fiber-optik xətlər, data mərkəzləri və bulud texnologiyaları – TDT regionunu qlobal data axınlarının əsas keçid məntəqələrindən birinə çevirə bilər. Bu, enerji və nəqliyyat dəhlizlərinin rəqəmsal analoqu kimi çıxış edir.

Üçüncü istiqamət isə dövlət idarəçiliyində süni intellekt tətbiqlərinin genişləndirilməsidir. “Ağıllı hökumət” konsepsiyası çərçivəsində Sİ texnologiyalarının tətbiqi dövlət xidmətlərinin daha sürətli, şəffaf və effektiv həyata keçirilməsinə imkan yaradır.

Nəhayət, zirvə görüşü insan kapitalının inkişafını prioritet kimi müəyyənləşdirdi. Süni intellekt sahəsində ortaq təhsil proqramları, tədqiqat mərkəzləri və mütəxəssis mübadiləsi gələcək əmək bazarının formalaşmasında həlledici rol oynayacaq.

Azərbaycan: Regional təşəbbüskardan texnoloji liderliyə doğru TDT çərçivəsində süni intellekt gündəliyinin formalaşmasında Azərbaycanın rolu “təşəbbüsdən liderliyə doğru” baxımından diqqət çəkir.

Azərbaycan son illərdə rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi siyasətlə regionda ön mövqelərdən birini tutub.

İlk növbədə, ölkədə süni intellektin inkişafına yönəlmiş milli strategiyanın qəbul edilməsi və institusional bazanın yaradılması bu sahədə sistemli yanaşmanın mövcudluğunu göstərir. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron hökumət platformalarının inkişafı və innovasiya təşəbbüslərinin dəstəklənməsi Azərbaycanın TDT daxilində metodoloji və praktiki təcrübə ixrac edən ölkəyə çevrilməsinə şərait yaradır.

Növbəti mühüm amil Azərbaycanın rəqəmsal infrastruktur üstünlüyüdür. Genişzolaqlı internetin yüksək səviyyədə yayılması, regional fiber-optik layihələrdə iştirak və data tranziti imkanları ölkəni Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir.

Vacib aspekt kimi geostrateji mövqe qeyd edilməlidir. Azərbaycan artıq enerji və nəqliyyat layihələrində olduğu kimi, rəqəmsal sahədə də tranzit ölkə rolunu gücləndirir. Bu isə süni intellektin inkişafı üçün zəruri olan data axınlarının idarə olunmasında ölkəyə əlavə üstünlüklər qazandırır.

Süni İntellekt və iqtisadi sıçrayış

Süni intellekt sahəsində əməkdaşlıq yalnız texnoloji modernizasiya deyil, həm də konkret iqtisadi nəticələr, real dividendlər vəd edir. Burada qeyd edilməli olan əsas məqam, Sİ tətbiqlərinin məhsuldarlığın artmasına birbaşa təsir göstərməsidir. Məsələn, kənd təsərrüfatında ağıllı monitorinq sistemləri və proqnozlaşdırma alqoritmləri suvarma və gübrələmə proseslərini optimallaşdıraraq məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır. Azərbaycan üçün bu, xüsusilə aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Eləcə də, TDT məkanında ortaq texnoloji bazarın formalaşması startap ekosisteminin inkişafını sürətləndirir. Təsəvvür edək ki, Bakıda yaradılan bir süni intellekt startapı vahid platforma vasitəsilə Türkiyə, Qazaxıstan və Özbəkistan bazarlarına çıxış əldə edir. Bu, innovasiya məhsullarının miqyaslanmasını asanlaşdırır və investisiya cəlbediciliyini artırır.

Qeyd olunmalı digər məqam, rəqəmsal infrastrukturun inkişafının yaratdığı yeni gəlir mənbələridir. Data tranziti, bulud xidmətləri və regional server mərkəzləri Azərbaycanın qeyri-neft sektorunda gəlirlərinin diversifikasiyasına töhfə verə bilər.

Həmçinin, dövlət idarəçiliyində Sİ tətbiqləri büdcə xərclərinin optimallaşdırılmasına səbəb olur. Avtomatlaşdırılmış qərarvermə sistemləri və risk analizi modelləri həm vaxt itkisini azaldır, həm də korrupsiya risklərini minimuma endirir.

Türk dünyası yeni texnoloji qütbə çevrilir

Türküstan zirvəsində formalaşan yanaşmaların real nəticələr verməsi üçün onların praktiki icrası həlledici olacaq. Ortaq Sİ platformalarının yaradılması və tətbiqi, regional data bazarının formalaşdırılması, innovasiya fondlarının təsis edilməsi, təhsil və kadr hazırlığı sisteminin uyğunlaşdırılması istiqamətində koordinasiyanın təmin edilməsi yaxın illərdə TDT ölkələrinin ciddi nəticələr əldə etməsinə geniş qapılar açır. Bu halda TDT regionu yalnız enerji və nəqliyyat dəhlizləri ilə deyil, həm də rəqəmsal və texnoloji inteqrasiya modeli ilə seçilən yeni iqtisadi mərkəzə çevrilə bilər.

Beləliklə, Türküstan zirvəsi süni intellektin artıq gələcəyin deyil, bu günün əsas inkişaf amili olduğunu bir daha təsdiqlədi. TDT ölkələri bu reallığı düzgün qiymətləndirərək kollektiv texnoloji inkişaf modelinə keçid etməyə çalışırlar. Bu prosesdə Azərbaycan özünün strateji mövqeyi, institusional təcrübəsi və rəqəmsal infrastrukturu ilə önə çıxaraq yalnız iştirakçı deyil, həm də istiqamətverici aktor kimi çıxış edir. Süni intellekt sahəsində əməkdaşlıq TDT üçün yeni iqtisadi imkanlar açmaqla yanaşı, regionun qlobal texnoloji xəritədə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirə bilər.

Fərid Mehdiyev

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes, menecment və marketinq kafedrasının dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru

Seçilən
60
ucnoqta.az

1Mənbələr