AZ

BMT rəsmisi Françeska Albanese İsraili sərt tənqid edib

BMT-nin xüsusi məruzəçisi İsrail həbsxanalarında fələstinlilərə qarşı cinsi zorakılıq iddiaları ilə bağlı açıqlama verib...

BMT-nin işğal olunmuş Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Francesca Albanese İsrail Xarici İşlər Nazirliyini sərt tənqid edib.

Poliqon xəbər verir ki, buna səbəb “The New York Times” qəzetində İsrail həbsxanalarında saxlanılan fələstinlilərə qarşı seksual zorakılıq hallarını əks etdirən məqalənin dərc olunmasından sonra rəsmi Təl-Əvivin verdiyi reaksiya olub.

İsrail Xarici İşlər Nazirliyi sözügedən məqaləni “iyrənc və təhrif olunmuş yalan” adlandırıb və nəşrə qarşı böhtan işi qaldırıldığını açıqlayıb. Françeska Albanese isə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada məqalənin “dəqiq olsa da, problemin yalnız səthinə toxunduğunu” bildirib.

O qeyd edib ki, məqalənin İsrail hökumətində “isterik reaksiya” yaratmasının səbəbi faktların özü deyil, bu məlumatların geniş beynəlxalq auditoriyaya çatmasıdır.

“İsrail, aparteid siyasəti yürüdən dövlət kimi, qorxur ki, ‘The New York Times’ın oxucuları nəhayət baş verənləri görəcək və artıq buna göz yummayacaqlar”, deyə Albanese yazıb.

BMT rəsmisi 22 paylaşımadan ibarət silsilə açıqlamasında müxtəlif hesabat və araşdırmalara istinad edib. Həmin sənədlərdə İsrail tərəfindən saxlanılan fələstinlilərə qarşı seksual zorakılıq və digər hüquq pozuntularının qeydə alındığı vurğulanıb.

Françeska Albanese bildirib ki, təqdim olunan faktlar əsasən 2023-cü ilin oktyabr ayından sonra sənədləşdirilmiş halları əhatə edir, lakin problemin tarixi daha qədimdir.

“Seksual zorakılıq halları İsrail dövlətinin yaranmasından bəri sənədləşdirilib, lakin ‘The New York Times’ indiyədək bu barədə belə material hazırlamamışdı”, deyə o əlavə edib.

Qeyd olunur ki, son aylarda beynəlxalq insan haqları təşkilatları və BMT strukturları İsrail həbsxanalarında saxlanılan fələstinlilərlə rəftar məsələsini daha fəal şəkildə gündəmə gətirirlər. İsrail tərəfi isə bu ittihamları rədd edir və onları siyasi motivli kampaniya adlandırır.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr