AZ

Türk Dünyasının yeni geosiyasi mərhələsi başlayır » AzadMedia.az



Məşhur Məmmədov,
Milli Məclisin deputatı


Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü təkcə növbəti diplomatik tədbir deyil, həm də türk dünyasının yeni geosiyasi və texnoloji mərhələyə keçidinin siyasi manifesti kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşündə iştirakı və səsləndirdiyi mesajlar göstərdi ki, Azərbaycan artıq yalnız regional aktor deyil, türk inteqrasiyasının aparıcı siyasi və strateji mərkəzlərindən birinə çevrilir.

Türküstan şəhərinin seçilməsi də xüsusi siyasi və mənəvi məna daşıyır. Türk xalqlarının ortaq tarixi yaddaşının simvolu hesab olunan bu qədim şəhərdə keçirilən Zirvə görüşü ortaq kimlik, mədəniyyət və gələcək inkişaf modeli ətrafında yeni siyasi platformanın formalaşdığını nümayiş etdirdi.

Dövlət başçılarının “Həzrət Sultan” Muzey-Qoruğu və Xoca Əhməd Yasəvi məqbərəsini ziyarət etməsi türk dünyasının inteqrasiyasının yalnız iqtisadi və siyasi deyil, eyni zamanda mənəvi-sivilizasion əsaslar üzərində qurulduğunu göstərir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri TDT-nin artıq beynəlxalq münasibətlər sistemində artan çəkisi ilə bağlı idi. Dövlət başçısının vurğuladığı kimi, təşkilat qlobal proseslərdə daha fəal iştirak edən yeni güc mərkəzinə çevrilməkdədir. Bu baxımdan Azərbaycan son illərdə türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsində təşəbbüskar ölkə kimi çıxış edir.

Xüsusilə 2024-cü ildə Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə görüşünün artıq ənənəyə çevrilməsi Azərbaycanın təşkilat daxilində formalaşdırdığı siyasi gündəmin uğurudur.

Azərbaycan-Qazaxıstan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi də Zirvə görüşünün mühüm geosiyasi xəttlərindən biri oldu. Prezident İlham Əliyevin son beş ildə Qazaxıstana səkkiz, Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı səfər etməsi iki ölkə arasında münasibətlərin intensiv xarakter aldığını göstərir.

Bu əməkdaşlıq artıq yalnız diplomatik münasibətlər çərçivəsində deyil, enerji, logistika, rəqəmsallaşma və təhlükəsizlik sahələrində də yeni mərhələyə daxil olur.

Zirvə görüşündə rəqəmsal inkişaf və süni intellekt mövzusunun ön plana çıxarılması xüsusi diqqət çəkdi. Müasir dünyada texnologiya artıq dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas faktorlardan biridir.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın rəqəmsal suverenlik strategiyası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyasının yaradılması barədə məlumat verməsi ölkənin yeni iqtisadi modelə keçid istiqamətində ciddi siyasi iradə nümayiş etdirdiyini göstərir.
Bu kontekstdə Türk Dövlətləri Təşkilatının texnoloji əməkdaşlıq platformasına çevrilməsi ehtimalı da artır.

“Rəqəmsal İpək Yolu” layihəsi və Azərbaycan-Qazaxıstan Trans-Xəzər Fiber-Optik Kabel xətti türk dövlətlərini Avropa ilə Asiya arasında yeni rəqəmsal körpüyə çevirə bilər. Bu layihələr yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışında Orta Dəhliz və Zəngəzur dəhlizi ilə bağlı mesajları da xüsusi geosiyasi əhəmiyyətə malikdir. Mövcud qlobal geosiyasi şəraitdə alternativ nəqliyyat marşrutlarının aktuallaşması fonunda Türk Dövlətləri Təşkilatı üzv ölkələri Avrasiya məkanında mühüm tranzit gücə çevrilir.

Azərbaycan isə bu prosesdə əsas logistika və bağlantı mərkəzi rolunu oynayır. Zəngəzur dəhlizinin Orta Dəhlizin əsas seqmentlərindən biri kimi təqdim olunması Azərbaycanın regional kommunikasiya xəritəsində strateji mövqeyini daha da gücləndirir.

Türküstan Zirvəsinin yekununda imzalanan Türküstan Bəyannaməsi türk dövlətlərinin gələcək inkişaf prioritetlərini müəyyən edən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Bu sənəd təşkilat daxilində siyasi koordinasiyanın, iqtisadi inteqrasiyanın və texnoloji əməkdaşlığın daha da genişlənəcəyini göstərir.

Bütövlükdə Türküstan Zirvəsi göstərdi ki, türk dünyası artıq yalnız ortaq etnik və mədəni məkan deyil, həm də formalaşmaqda olan yeni geosiyasi və iqtisadi güc platformasıdır. Azərbaycan isə bu prosesdə təşəbbüskar, əlaqələndirici və strateji lider dövlətlərdən biri kimi çıxış edir.

Prezident İlham Əliyevin “Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” mesajı əslində qarşıdakı dövr üçün türk dövlətlərinin ortaq siyasi vizyonunun əsas istiqamətini müəyyənləşdirir.
Seçilən
0
1
azadmedia.az

2Mənbələr