AZ

ABŞ İran münasibətlərində kritik mərhələ: Danışıqlar davam edir, hərbi risk artır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ prezidenti Donald Trampın Çin səfərindən sonra Vaşinqton və Tehran arasında səslənən qarşılıqlı bəyanatlar Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşə biləcəyini göstərir. Tərəflər bir tərəfdən nüvə proqramı ilə bağlı danışıqları davam etdirməyə çalışsa da, digər tərəfdən mümkün hərbi qarşıdurma ehtimalı gündəmdə qalır.

Bizimyol.info xəbər verir ki, Vaşinqtondan yayılan məlumatlara görə, Donald Tramp İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı yeni təklif irəli sürüb. ABŞ prezidenti bildirib ki, Tehran nüvə imkanlarını 20 il müddətinə dondurmağa razılıq verərsə, tərəflər arasında razılaşma əldə oluna bilər. Halbuki bundan əvvəl müzakirələrdə daha qısa — təxminən 5 illik müddət nəzərdə tutulurdu. Bu səbəbdən ABŞ-ın yeni tələbi tərəflər arasında əsas fikir ayrılıqlarından biri hesab edilir.

Tramp eyni zamanda hərbi əməliyyatlarla bağlı da sərt açıqlamalar verib. O qeyd edib ki, müəyyən edilmiş hədəflərin böyük hissəsinə artıq nail olunub və zərurət yaranarsa, ABŞ yenidən hərbi hazırlıq mərhələsinə keçə bilər. Bu açıqlama regionda mümkün yeni hücum ehtimalları ilə bağlı narahatlıqları artırıb.

Çinin mümkün vasitəçilik rolu da diqqət mərkəzindədir. ABŞ prezidenti Pekindən xüsusi gözləntisinin olmadığını bildirsə də, beynəlxalq müşahidəçilər hesab edirlər ki, Çin xüsusilə Hörmüz boğazı məsələsində Tehrana təsir edə biləcək əsas güclərdən biridir. İran isə boğazın beynəlxalq ticarət üçün açıq qaldığını vurğulayaraq bölgədə nəzarətin öz əlində olduğunu bəyan edib.

Tehran rəhbərliyi ABŞ-ın təzyiqlərinə baxmayaraq, nüvə proqramından tam imtina etməyəcəyini açıqlayıb. İran rəsmiləri bildiriblər ki, nüvə obyektlərinin bağlanması mümkün deyil, lakin uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması müzakirə oluna bilər. Bununla yanaşı, Tehran sanksiyaların ləğvini, dondurulmuş aktivlərinin qaytarılmasını və İsrailin bölgədəki hərbi əməliyyatlarının dayandırılmasını tələb edir.

Analitiklər hesab edirlər ki, yaxın günlər ABŞ–İran münasibətlərinin gələcək istiqaməti baxımından həlledici olacaq. Danışıqlarda irəliləyiş əldə olunmasa, regionda hərbi gərginliyin daha da artacağı istisna edilmir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
bizimyol.info

1Mənbələr