"Putin üçün təhlükə o biznes elitası deyil. Putin üçün təhlükə özünün də yetişdirdiyi, özünün də belə qaza gətirdiyi 'Z-vətənpərvərlər' (Z-patriotlar) dəstəsidir, generallar dəstəsidir ki, onlar Putinə artıq zəif lider olduğunu düşünürlər. Düşünməyə başlayırlar ki, dörd ildir biz heç nəyə nail ola bilmirik, həm də ona görə ki, sənin liderliyin zəifdir. Bax bu, onun üçün, bəli, ciddi təhdid ola bilər."
Onun sözlərinə görə, Rusiya rəhbərliyinə əsl təhlükə ideoloji kəsimdən gəlir: "O 'Z-vətənpərvərlər' dəstəsi, rus millətçiləri, rus şovinistləri — yəni ideoloji olanlar... O ideologiyanı biz bəyənmirik, biz nifrət eləyirik, inkar eləyirik — o başqa məsələ. Amma ideoloji insanlar daha təhlükəlidirlər də. Onlar, bəli, Putin üçün bugün daha böyük təhlükədir. Çünki liberallar yoxdur artıq, demokratlar yoxdur artıq. Ölkədən qaçan qaçdı, öldürəni öldürdü — Navalnıya qədər öldürdü, ondan qabaq Nemtsovu öldürdülər və s. və s. Bunlar yoxdurlar."
Partiya sədri qeyd edib ki, ölkənin tarixi keçmişi orada fərqli bir sistemin bərqərar olmasına imkan vermir: "Və Rusiya zatən tarixən klassik liberal bir ölkə ola bilməz. Onun altyapısında, o xalqın genində yoxdur. 1861-ci ildə təhkimçilik hüququ ləğv olunan ölkədir — dünən yox, srağagün. Tarixi nöqteyi-nəzərdən nədir ki? 150-200 il nədir ki? Heç nə. Yəni bu ölkədə liberalizmin qalib gəlməsi mümkün deyil. Hə, daha ultra sağçıların, millətçilərin, daha şovinistlərin...
Məsələn, son vaxtlar Roqozinin adı hallanır, hətta Şoyqunun adı hallanır ki, Şoyqu çevriliş eləyə bilər, halbuki Şoyqu da etnik olaraq heç rus da deyil belə baxanda. Amma bu təhlükə var. Amma mən düşünmürəm açığı ki, bu çox yaxın perspektivdə həyata keçiriləcək bir işdir."
Natiq Cəfərli vurğulayıb ki, Rusiyadakı fərqli elit qruplar artıq gələcək planlar üzərində işləyirlər: "Amma mən nəyi dəqiq hiss eləyirəm və analiz eləyəndə görürəm: hər iki qanad — qanadların sayı çox ola bilər, amma şərti olaraq iqtisadi və təhlükəsizlik qanadı — 'post-Putin' dövrünə hazırlıq görür. Artıq başlayıblar. Hərəsi özünün içində lider axtarışına keçib. Hərəsi özünün içində konsepsiya axtarışına keçib. Konseptual olaraq hansı ölkə görmək istədiklərini düşünürlər. Təbii ki, iqtisadi komanda (belə deyək), qanad dünyaya açılmağın tərəfdarıdır. Ki dünyaya açılaq, yenə gedək kef eləyək, Komo gölündə yenə villalar olaq. Solovyovun da evi var orda, bir anasının adınadır... Yəni belə, onlar onun tərəfdarıdır, bəli. Və orda da Kiril Dmitriyev çox önəmli rol oynayır bugün. Putinin qızının rəfiqəsinin həyat yoldaşı, Putinin şəxsi nümayəndəsi və Amerika ilə 11 trilyon dollarlıq böyük bir layihələri həyata keçirməyə can atan bir xəttin nümayəndəsidir."
Siyasi xadim güclü qanadın təmsilçiləri olan hərbçilərin mövqeyinin tam fərqli olduğunu diqqətə çatdırıb: "Amma generallar elə düşünmür. Şərti adıdır da general — ola bilsin heç rütbəsi də yoxdur, amma o çevrədədir. Onlar elə düşünmür. Onlar düşünür ki, başlamışıqsa bu məsələni, bunu bitirmək lazımdır. Bitirməsək Rusiya çökəcək. 'Rossiya-matuşka'... yəni 'biz çökəcəyik, parçalanacağıq'. Doğrudan da elədir də, yəni zəif düşsə Rusiyanın parçalanma ehtimalı kifayət qədər yüksəlir. Ona görə də onlar daha sərt bir rejimin tərəfdarıdırlar, daha sərt bir mövqeyin tərəfdarıdırlar."
Partiya rəhbəri əlavə edib ki, Kremlin beynəlxalq müstəvidə mövqelərinin zəifləməsi daxildə ciddi şəkildə izlənilir: "Və son zamanlarda Putin də belə bir çıxılmaz vəziyyətdə qalıb. O parad biabırçılığı oldu, onun nüfuzuna ciddi zərbə dəydi. Əlindən çıxan təsir nöqtələri var. Təsəvvür eləyin ki, Venesuela çıxıb, ondan əvvəl Suriya çıxdı. Afrikada iki ölkədən çıxmaq... Görün vəziyyət nə yerə çatıb ki, Ermənistanın Rusiyanın yanında olub-olmayacağı artıq müzakirə mövzusuna çevrilib. Dünənə qədər bu ağlagəlməz bir şey idi. Yəni bu zəiflikləri görürlər. Qazaxıstanın atdığı addımları görürlər. Orta Asiyadan belə əlləri yanıqlıdır o həmin millətçi-şovinist rusların ki, Qazaxıstan referendum keçirtdi, rus dilinin statusunu aşağı saldı və s. və s."
Natiq Cəfərli sonda Rusiyanı qarşıda ciddi siyasi proseslərin gözlədiyini bəyan edib: "Bütün bunlar Rusiyada gələcəkdə çox böyük silkələnmələrə, zəlzələlərə hamilə olduğu bir şərait yaradır. Yəni tutalım heç nə olmadı, amma yaş məsələsi də var da, Putin 300 il yaşayası deyil yəqin ki. Yəni bu yaş da gedir. Noyabrda parlament seçkiləridir (payızda), bir neçə ildən sonra prezident seçkilədir. Yəni bütün bunlar seçki dövründə aktivliyin artmasından xəbər verəcək. Hə, hələ də Putin güclü nəzarət eləyir Rusiyaya. Amma heç kim xulyalara qapılmasın."
Musavat.com