Britaniya dövlət aparatının nümayəndələri hakimiyyət uğrunda daxili siyasi mübarizənin və baş nazir Kir Starmerin istefasını irəli sürmək cəhdlərinin hökumət strukturlarının işinin iflic olmasına gətirib çıxara biləcəyindən narahatlıqlarını bildirirlər.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hökumətin normal fəaliyyətinin dayandırılması Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma kursu da daxil olmaqla, bir sıra əsas təşəbbüslərin irəliləməsini bloklaya bilər. Bundan əlavə, müdafiə sahəsinə investisiya planının dərc edilməsi də təhlükə altında qalır.
Nazirlər Kabinetinin nümayəndələrindən biri jurnalistlərə bildirib ki, gündəlik fəaliyyət dayandırılacaq, dövlət qulluqçuları isə "qeyri-müəyyənlik vəziyyəti"nə düşəcəklər. FT qeyd edib ki, hazırda Hökumət Aparatı hökumət başçısının dəyişdirilməsi prosedurunun rəsmi olaraq başladılması halı üçün dövlət qulluqçularına dair təlimatların hazırlanması ilə məşğuldur.
Nəşr bildirib ki, hadisələrin bu cür inkişafı fonunda dövlət aparatı əməkdaşlarına uzunmüddətli perspektiv üçün nəzərdə tutulmuş qərarların qəbulunda təmkinli olmaq məsləhət görülür.