AZ

ABŞ-nin saxladığı gəmilərdəki Pakistan və İran vətəndaşları geri qaytarıldılar

ABŞ tərəfindən saxlanılan gəmilərdə olan 11 Pakistan və 20 İran vətəndaşı Sinqapurdan öz ölkələrinə göndərilib.

Oxu.Az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar “X” sosial şəbəkəsində paylaşım edib.

“Bildirməkdən məmnunam ki, açıq dənizdə Birləşmiş Ştatlar tərəfindən saxlanılan gəmilərdəki 11 Pakistan və qardaş ölkəmiz İranın 20 vətəndaşının Sinqapur vasitəsilə repatriasiyası uğurla həyata keçirilib. Həmin şəxslərin hamısının səhhəti və əhvali-ruhiyyəsi yaxşıdır”, – deyə XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, dənizçilər əvvəlcə Sinqapurdan Banqkoka aparılıb, daha sonra isə İslamabada yola salınıblar. Onların mayın 15-i axşam saatlarında Pakistan paytaxtına çatacağı gözlənilir.

İshaq Dar əlavə edib ki, Pakistan İran vətəndaşlarının da öz ölkələrinə qayıtmasına kömək göstərəcək.

Xatırladaq ki, mayın 4-də Pakistan Xarici İşlər Nazirliyi ABŞ tərəfindən Oman körfəzində müsadirə olunan İrana məxsus “Touska” yük gəmisinin 20-dən çox heyət üzvünün repatriasiyası barədə məlumat yaymışdı. Bildirilirdi ki, bu addımlar Vaşinqton və Tehranla koordinasiyalı şəkildə həyata keçirilib.

Seçilən
20
editor.az

1Mənbələr