AZ

Eldəniz Cəfərov: “Şəhərdə tikinti və şəhərsalmada özbaşınalıqlar var”

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Siyasi şərhçi Şahin Nəcəfov AYNA ilə bağlı fikirlərində bildirir ki, qurumun yol hərəkətinin təşkili və yeni sxemləri ictimai narazılığı artırıb. Onun fikrincə, tətbiq olunan qarışıq yol nişanları və xətlər sürücülər üçün əlavə çətinlik yaradır, nəticədə tıxac azalmaq əvəzinə bəzi ərazilərdə daha da intensivləşir.

O qeyd edir ki, AYNA hansı küçəyə daxil olursa, həmin ərazi tıxaca çevrilir və indiyə qədər tıxac probleminin həll olunduğu bir nümunə yoxdur. Şərhçi hesab edir ki, yol nişanları və hərəkət istiqamətləri aydın, görünən və başa düşülən olmalı, dəyişikliklər isə əvvəlcədən elan edilməlidir.

Şahin Nəcəfov həmçinin vurğulayır: “Ölkədə təxminən 1 milyon 738 min 940 avtomobil var, Bakı və Abşeronda isə bu rəqəm 780 min civarındadır, rayonlardan gələn nəqliyyatla birlikdə isə paytaxtda təxminən 1 milyona yaxın avtomobil hərəkət edir.

AYNA, bu yarıtmaz və vətəndaşa "tələ quran" fəaliyyəti ilə paytaxtda hərəkət edən bir milyona yaxın sürücünü hökumətdən narazı salır. Səbəbsiz yerə, tez-tez tətbiq olunan 40, 60, 80 manat cərimə və 2 bal tətbiq edilən heç bir sürücü hökumətin ölənlərinə rəhmət oxumur. Hələ ki, haramınız olsun deyib, keçir.

“Velosiped yolu düzəldirəm" deyib bir milyon sürücünü və on minlərlə sahibkarı çıxılmaz vəziyyətə salmağın adı "iş görmək" deyil.”

. AYNA-nın tətbiq etdiyi yeni yol sxemləri və cərimələr Bakıda tıxacları həll edir, yoxsa sadəcə problemi başqa ərazilərə ötürür?

Bu barədə Bizimyol.info xəbər portalına nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, sözügedən görüntü yolun xətlənmə prosesinə başlanıldığı vaxt çəkilib: “Hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Ancaq məlumat üçün deyim və bunu bilmək lazımdır ki, AYNA heç kimi 80 manat cərimələyib 2 bal da yazmır. Avtobus zolağına daxil olmağa görə də cəriməni AYNA yazmır. AYNA “AzParking” zonalarında avtomobili düzgün qaydada park etməyən sürücüləri 20 manat məbləğində cərimə edir. Həmçinin əlillər üçün nəzərdə tutulmuş parking yerində saxlayan sürücüləri cərimələyir. Bu əsas bilinməli məqamlardan biridir. Mən tez-tez sosial şəbəkədə də şahidi oluram ölkəmizin ictimai xadimlərinin, blogerlərin bununla bağlı çıxışlarını izləyirəm. Blogerlər də deyir ki, “avtobus zolağına girdim , AYNA məni cərimələdi”. AYNA avtobus zolağına görə sürücüləri cərimələmir, 2 bal da yazmır.

O ki qaldı xətlənmə məsələsinə, sözügedən görüntü yolun xətlənmə prosesinə başlanıldığı vaxt çəkilib. Daha sonra həmin ərazidə müəyyən dəyişikliklər edilib və infrastruktur yenilənib.

Yol infrastrukturu elə bir sahədir ki, burada hər hansı dəyişiklik - xətlənmə işləri, yol nişanlarının quraşdırılması və ya işıqforların yerləşdirilməsi tək bir qurum tərəfindən həyata keçirilmir. Bu proses bir neçə qurumun koordinasiyası və razılığı əsasında, mərhələli şəkildə icra olunur. Eyni anda həm yol xətlərinin çəkilməsi, həm yol nişanlarının quraşdırılması, həm də işıqforların yerləşdirilməsi texniki və təşkilati səbəblərdən mümkün deyil. Çünki şəhərdə tıxaclar var, insanların hərəkəti, avtomobillırin gediş-gəlişi nəzərə alınmalıdır. Buna görə də bütün işlər uyğun vaxt seçilərək mərhələlərlə həyata keçirilir. Hazırda həmin ərazidə infrastruktur işləri yenilənib və müsbət dəyişikliklər edilib. Yəni orda taksi sürücüləri üçün əlavə dayanacaq yeri yaradılıb və onların fəaliyyəti üçün daha əlverişli şərait yaradılıb”.

Eldəniz Cəfərov həmçinin vurğulayıb: “Velosiped yolu məsələsinə gəldikdə isə, velosiped zolaqlarının yaradılması dövlət proqramlarında təsbit olunub. Bakı şəhərində velosiped yollarının və zolaqlarının, eləcə də avtobus zolaqlarının olması nəzərdə tutulur. Cəmiyyət olaraq da bunun vacibliyini qəbul etmişik və bu istiqamətdə işlər aparılır. Bu, ümumilikdə müsbət yanaşmadır. Velosiped zolaqlarından həm velosipedlər, həm də mikromobillik vasitələri istifadə edir. Xüsusilə gənclər arasında skuter və digər mikromobillik vasitələrinə maraq kifayət qədər böyükdür. Avtobus zolaqlarının yaradılması isə insanların tədricən ictimai nəqliyyata geri dönüşünə şərait yaradır. Çünki xüsusi zolaqlar sayəsində vaxt itkisi azalır, bir nöqtədən digər nöqtəyə daha rahat və daha sürətli çatmaq mümkün olur. Bu da müsbət tendensiyadır. Burada mənfi bir məqam görmürəm. Mən məsələlərə obyektiv yanaşıram və obyektivlik naminə deyirəm: mənfi olana mənfi, müsbət olana isə müsbət deyirik”.

Eldəniz Cəfərov qeyd edib: “AYNA Bakıda tıxacları həll edən qurum deyil. Qurumun nizamnaməsində də Bakı şəhərindəki tıxaclarla mübarizənin yalnız AYNA tərəfindən həyata keçirilməsi nəzərdə tutulmur. Bu, bir neçə dövlət qurumunun koordinasiyası ilə həll olunmalı olan bir məsələdir.

Bakıdakı tıxacların yaranma səbəbləri isə kifayət qədər çoxdur - həm obyektiv, həm də subyektiv amillər mövcuddur. Birinci səbəbi- Bakı şəhərində tikinti özbaşınalığıdır. İctimai xadimlər də bu məsələləri açıq şəkildə dilə gətirsinlər. Kim harda istəyir, yolun ortasında avtomobil yolunu zəbt eləyir. Piyada yolu zəbt olunur, üzərində yaşayış binaları tikilir. Əgər problemin kökünə enmək istəyiriksə, qəbul etməliyik ki, şəhərdə tikinti və şəhərsalma sahəsində müəyyən özbaşınalıqlar mövcuddur.

Təsəvvür edin, bu gün bir sahibkar klinika açır, amma həmin klinikanın parklanma məntəqəsini təşkil etmir. Əgər klinika fəaliyyət göstərirsə, avtomobillər üçün meydança ayrılmırsa, yeraltı qaraj yoxdursa, bəs ora gələn insanlar avtomobillərini harada saxlamalıdır?

Nəticədə insanlar avtomobillərini avtomobil yolunun üzərində, ikinci, üçüncü, hətta birinci cərgədə və ya piyada səkilərində saxlamağa məcbur olurlar. Əgər biz tıxacların olmasını istəmiriksə, niyə məsələyə məhz buradan başlamırıq? Niyə tikilən obyektlər qarşısında tələblərə əməl olunmur? Halbuki bu tələblər normativ sənədlərdə var.

Niyə nəzarət edilmir ki, obyekt tikiləndə plana uyğun şəkildə parklanma yeri də təşkil olunmalı idi? Hanı həmin parklanma yerləri?

Demək ki, bir çox obyektlər öz parklanma yerlərini təşkil etmir, sonra isə həmin müəssisələrin müdiriyyəti və ya əməkdaşları çıxıb deyirlər ki, “maşını yolun ortasında saxlamışdıq, cərimə etdilər”. Əlbəttə ki, cərimə etməlidirlər. Dövlət niyə sənin üçün ayrıca parklanma yeri təşkil etməlidir?”

Eldəniz Cəfərov əlavə edib: “Dövlət öz balansında olan avtomobil yollarının kənarında müəyyən parklanma yerləri təşkil edib. Amma sahibkar olaraq sən tikdiyin alış-veriş mərkəzinin də, klinikanın da, yaşayış binasının da parklanmasını təşkil etməlisən.

Bu gün Bakı şəhərində bununla bağlı normativlər mövcuddur. Sadəcə həmin qaydalara əməl olunmalıdır. Bu tələblərə axı əməl olunmur”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
icma.az

1Mənbələr