AZ

Azərbaycan gəncliyinin vətənpərvərlik ruhu daha da yüksəlib

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vətənpərvərlik hissi hər bir insanda uşaq yaşlarından formalaşdırılmalıdır. Bu baxımdan, gənclərdə vətənpərvərlik hissinin aşılanması, formalaşdırılması məhz məktəblərin üzərinə düşən vəzifələrdəndir. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü məktəbli nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Milli dövlətçiliyin formalaşması, milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi kimi qlobal proseslərdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Qloballaşan dünyada mədəniyyətlərin inteqrasiyası fövqündə milli adət-ənənələrin qorunub saxlanması təhlükəsilə üz-üzə dayanmışıq. Belə bir şəraitdə milli mənlik şüurunun inkişaf etdirilməsi vacib məsələyə çevrilir. Odur ki, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir.

Heç şübhəsiz ki, uşaq və gənclərin tərbiyəsində, eləcə də mənəvi cəhətdən inkişafında ilk rol oynayan ailələrdir. Ona görə ki, uşaqlar ilk növbədə ailədə tərbiyələnirlər və sonra cəmiyyətə inteqrasiya olunurlar. Elə bu səbəbdən də uşaq və gənclərimizə ilk növbədə böyüyüb boya-başa çatdıqları ailədə doğru, düzgün tərbiyə verilməlidir. Sözsüz ki, bu mənada Azərbaycan ailəsi bütün dünyaya nümunə, örnək olacaq ailədir. Bizim ailə dəyərlərimiz, ailə institutlarımız, ali dəyərlər cəmiyyətimizdə hər şeydən üstün tutulur. Xalqımız milli dəyərlərə, ən ali dəyərlərə çox həssas yanaşır və tarix boyu bu dəyərlərin xalqımız tərəfindən qorunduğu və günümüzə daşındığı hər birimizə bəllidir. Bizim üçün ali dəyərlər canımızdan, qanımızdan daha üstündür və bunu xalqımız artıq dəfələrlə sübut edib.

Millət vəkili Ceyhun Məmmədov deyir ki, uşaq və gənclərin mənəvi cəhətdən inkişafı olduqca əhəmiyyətlidir və vacib şərtdir. Hər bir uşağın, hər bir gəncin gələcəkdə layiqli vətəndaş olması üçün onun məhz mənəvi cəhətdən inkişafına, milli ruhda, vətənpərvərlik ruhunda yetişməsinə xüsusi diqqət olmalıdır: "Sözsüz ki, ailələrin, valideynlərin öz övladlarına düzgün tərbiyə verməsi ilkin şərt olsa da, bunun ardınca gənclərin hər mənada sağlam yetişməsində təhsil ocaqlarının rolunu qətiyyən təkzib etmək olmaz. Çünki gənc nəslin mənəvi tərbiyəsində ailədən sonra ilk yeri məhz təhsil ocaqları, orta və ali məktəblər, universitetlər tutur. Həmin təhsil ocaqlarında uşaq və gənclərimizin layiqli vətəndaş olmaları üçün çalışan pedaqoji kollektivin, müəllimlərin xüsusi əməyinin olduğu da danılmazdır. Çünki tədris müəssisələrinin əsas vəzifəsi məhz gəncliyimizin milli ruhda, milli-mənəvi tərbiyədə yetişməsini təmin etməkdir və bu işdə ən böyük məsuliyyət də məhz müəllimlərin, pedaqoji kollektivin üzərinə düşür. Məhz bu baxımdan da həmin müəssisələrdə, tədris ocaqlarında çalışan müəllimlər də uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin formalaşmasına, milli ruhda böyümələrinə birbaşa cavabdehlik daşımalıdırlar və daşıyırlar".

Millət vəkilinin dediyinə görə, ölkədə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsinə, vətənpərvərlik hisslərinin tərbiyə edilməsinə, inkişafına, eləcə də milli maraqlarımıza xidmət edən gənclər siyasəti aparılır. Bu siyasətin də əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan, ictimaiyyətimizi bəlalardan qoruyan, təlatümləri adladan Ümummilli lider yenidən hakimiyyətə qayıtdıqdan sonra yeni gənc nəslin formalaşması istiqamətində mühüm tədbirlər görüb, ciddi addımlar atıb və bir sözlə, gənclər siyasətinin əsasını qoyub. Əsası Ulu öndər tərəfindən qoyulan həmin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı artıb. Bu da ondan xəbər verir ki, müasir Azərbaycan gəncliyinin vətənpərvərlik ruhu daha da yüksəlib, vətəndaşlıq mövqeyi xeyli möhkəmlənib. Bu isə təbii ki, gənclərin hərtərəfli inkişafına şərait yaradılması sayəsində olub. Həmin şəraitin yaradılmasında məqsəd isə gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda yetişməsi, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, ümumbəşəri və milli dəyərlərə hörmət prinsipləri, vətənpərvərlik ruhunda tərbiyəsinin aşılanması olub. Artıq dəfələrlə şahidi olmuşuq ki, bu məqsədə nail olunub və gəncliyimiz ən yüksək səviyyədə bu tərbiyəyə yiyələnib".

"Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər", - fikrini qətiyyətlə söyləyən Prezident İlham Əliyev gənclərin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsinə böyük önəm verir və diqqətlə yanaşır. Məhz buna görə də ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir və öz bəhrəsini göstərir. Gənclərimizin həqiqətən də milli ruhda tərbiyə aldığını, vətənpərvər olduğunu torpaqlarımızın işğaldan azad olunması zamanı gördük. Bunu tək biz yox, bütün dünya ictimaiyyəti gördü və şahid oldu ki, Azərbaycan gəncləri vətəni yolunda, hətta bir qarış torpağı uğrunda öz qanlarından, canlarından keçməyə hazırdırlar. Şəhid, qazi kimi yüksək ad qazanan gənlərimiz vətən üçün tərəddüd etmədən, qorxmadan, çəkinmədən ölümün gözünün içinə dik baxdıqlarını dünyaya bəyan etdilər.

Millət vəkili Fazil Mustafa bildirib ki, gənclərə ilk növbədə yüksək bilik verməliyik: "Bilik olandan sonra insan özü düşünən məxluqdur və düşünüb özü doğru yolu tapacaqdır. Fikrimcə, cahil, biliksiz insana vətənpərvərlik təbliğ etsən də, sonradan onu yaşam tərzində hansısa peşənin sağlam daşıyıcısı kimi ifadə etməyəcək. Ona görə də bu istiqamətdə təbliğatın daha böyük ziyanı var. Hamı vətənpərvər rolunu oynamağa daha çox üstünlük verəcək, nəinki vətənpərvər olmağa. Amma əsas vətənpərvərliyin mahiyyəti odur ki, insan düşüncəli, sağlam yaşam tərzinə malik, həm də bilikli olsun. Bunlar olandan sonra o insana dövlət üçün, cəmiyyət üçün, millət üçün faydalı olmağı aşılamaq çox rahatdır. Amma savadsız, biliksiz insana nəyisə robot kimi aşılayırsınızsa, bəzən bu, ziyana işləyir. Bilgiyə dayanan, dünyada hamının qəbul etdiyi əxlaq normativlərinə uyğun gələn insan obrazını yaratmaq üçün çalışmaq lazımdır".

Millət vəkili Günay Ağamalının sözlərinə görə, gənc nəslin milli mənlik şüurunun formalaşması və vətənpərvərlik ruhunda yetişməsi hər bir dövlətin gələcəyi üçün həlledici əhəmiyyət daşıyır. Bu məsələ bütövlükdə cəmiyyətin məsuliyyətidir: "Tariximizi, milli-mənəvi dəyərlərimizi, dövlətçilik ənənələrimizi gənclərə düzgün və ardıcıl şəkildə aşılamaq vacibdir. Bu istiqamətdə məktəbəqədər təhsil müəssisələrinin rolu xüsusi əhəmiyyət daşıyır. Uşaqlarda milli dəyərlərə bağlılıq və vətənə sevgi hissinin ilk təməli məhz erkən yaşlarda qoyulur. Məktəblərdə və ali təhsil müəssisələrində Azərbaycan tarixinin, milli qəhrəmanlarımızın və dövlətçilik irsimizin daha geniş formada tədrisi xüsusi əhəmiyyət kəsb edir. Gənclərin şəhid ailələri və qazilərlə görüşləri, Vətən müharibəsi ilə bağlı həqiqətlərin öyrənilməsi, tarixi məkanlara səfərlərin təşkili onların milli kimliyinin daha dərindən formalaşmasına xidmət edir. Bu cür tədbirlər gənclərdə Vətənə bağlılıq hissini gücləndirir və dövlətinə qarşı məsuliyyət duyğusunu artırır".

Millət vəkili vurğulayıb ki, gənclərin ictimai fəaliyyətə cəlb olunması, könüllülük hərəkatının genişləndirilməsi, mədəni və intellektual layihələrin həyata keçirilməsi də böyük əhəmiyyət daşıyır: "Gənclər mütaliə edən, düşünən, müzakirə edən və cəmiyyət həyatında aktiv mövqe tutan fərd kimi formalaşmalıdır. Bu prosesdə ailə institutu və medianın rolu da xüsusi qeyd olunmalıdır. Azərbaycanın müstəqilliyi və davamlı sabitliyi Ulu öndər Heydər Əliyevin sayəsində başladığı üçün ölkəmizdə həyata keçirilən gənclər siyasəti də məhz onun adı ilə bağlıdır. Bu gün Azərbaycan gəncliyi müstəqil və güclü dövlətin vətəndaşı kimi formalaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin milli ruhda tərbiyə olunmasına, onların potensialının üzə çıxarılmasına və dövlətimizin gələcəyinin etibarlı əllərdə olmasına xidmət edir".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
525.az

1Mənbələr