AZ

Bakıda 18 ərazidə tunel tikintisi təklif olunur AÇIQLAMA

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Bakı şəhərində yol hərəkətinin təşkilinin yaxşılaşdırılmasında tunellərin və digər yeraltı keçidlərin rolu olduqca əhəmiyyətli ola bilər".

Bunu Redaktor.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bakıda tunellərin qurulmasından danışarkən bildirdi.

O qeyd etdi ki, ümumilikdə tunellər nəqliyyat infrastrukturunun əsas komponentlərindən biri hesab olunur:

"Mühəndis qurğusu kimi onlar bir sıra üstünlüklərə malikdir və xüsusilə yolun keçilməz nöqtələrinin aradan qaldırılmasına, nəqliyyat axınının optimallaşdırılmasına və tıxacların azaldılmasına mühüm təsir göstərir. Bu baxımdan şəhərin müxtəlif zonalarında, təxminən 18 ərazidə küçə və prospektlərdə tunellərin inşası məqsədəuyğun hesab olunur. Bu istiqamətdə müvafiq dövlət qurumlarına da müəyyən təkliflər təqdim olunub. Burada əsas məsələlərdən biri ondan ibarətdir ki, nəqliyyat infrastrukturunda həyata keçirilən dəyişikliklər və tətbiq olunan yeni yanaşmalar cəmiyyət tərəfindən düzgün qarşılanmalıdır. Vətəndaşlar başa düşməlidirlər ki, bu layihələr uzunmüddətli perspektivdə şəhərdə hərəkətin rahatlaşdırılmasına və vaxt itkisinin azalmasına xidmət edir".

Müsahibimiz əlavə etdi ki, tunel və digər mühəndis qurğularının tikintisi dövründə müəyyən küçələrin bağlanması və ya nəqliyyat sıxlığının yaranması qaçılmaz ola bilər:

"Bu səbəbdən sürücülərə alternativ marşrutlardan istifadə etmələri, yol hərəkəti qaydalarına ciddi əməl etmələri və yaranan müvəqqəti çətinliklərə anlayışla yanaşmaları tövsiyə olunur. Tunellərin istifadəyə verilməsi gələcəkdə hərəkət qrafikinin tənzimlənməsinə, ümumi nəqliyyat problemlərinin azaldılmasına və şəhərdə hərəkətin daha səmərəli təşkilinə ciddi töhfə verəcək. Bu baxımdan vətəndaşların səbirli və təmkinli olması vacibdir. İnfrastruktur layihələrinin icrası zamanı yarana biləcək sıxlıq və digər müvəqqəti narahatlıqlara qarşı daha dözümlü yanaşma nümayiş etdirmək ümumi nəticənin daha uğurlu olmasına kömək edəcək".

Xədicə BAXIŞLI

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
redaktor.az

2Mənbələr