AZ

“Eurovision”da bayraq qalmaqalı – ermənilər İsrail kanalına qarşı ayağa qalxdı

Xəbər verdiyimiz kimi, İsrailin dövlət televiziya kanalı “Kan 11” “Eurovision” mahnı müsabiqəsinin yarımfinal yayımı zamanı Ermənistan və Azərbaycan bayraqlarını səhv salıb.

Musavat.com xəbər verir ki, yayım zamanı hər iki ölkə üçün ekranda eyni üçrəngli bayraq – Azərbaycan bayrağı göstərilib.

Hadisə İsraildəki erməni icmasının və erməni sosial media istifadəçilərinin ciddi reaksiyasına səbəb olub.

Petah-Tikvada fəaliyyət göstərən İsrail Erməni Birliyi “Nairi”nin rəhbəri Artem Çernamoryan məsələ ilə bağlı açıqlama verərək bunu “böyük insident” adlandırıb.

Bundan sonra erməni mediasında və sosial şəbəkələrdə telekanala qarşı geniş narazılıq kampaniyası başlayıb.

Bununla belə, Çernamoryan sonradan yayımdakı səhvin böyük ehtimalla texniki diqqətsizlikdən qaynaqlandığını etiraf edib. Buna baxmayaraq, erməni icmasının “Kan 11” rəhbərliyinə rəsmi etiraz məktubu göndərməyə hazırlaşdığı bildirilir.

Erməni mediası xatırladır ki, bu, “Kan 11” ətrafında yaranan ilk qalmaqal deyil. 2025-ci ildə Ermənistan təmsilçisinin çıxışından sonra kanal aparıcısı efirdə mübahisəli zarafat etmişdi.

Həmin vaxt aparıcı “Bu uşaqlara Qüdsdə bütöv bir məhəllə verdiyimizə inana bilmirəm” ifadəsini işlətmiş, daha sonra isə “Bu mahnını dinləyəndən sonra özümüzü Survivor iştirakçısı kimi hiss edirik” demişdi.

Baş verən reaksiyalardan sonra “Kan 11” həmin açıqlamaya görə ictimai şəkildə üzr istəmək məcburiyyətində qalmışdı.

Musavat.com

Seçilən
61
musavat.com

1Mənbələr