AZ

İlhamiyyə Rza: Zəngilan şəhərinin ilk yaşayış kompleksi müasir şəhərsalma standartlarına uyğun tikilib

Zəngilan şəhərinin ilk yaşayış kompleksi müasir şəhərsalma standartlarına uyğun tikilib.

Bunu"Report"un Qarabağ bürosunun Zəngilana ezam olunan əməkdaşına Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlhamiyyə Rza deyib.

Onun sözlərinə görə, bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan yaşayış məhəlləsinin təməli 2022-ci ildə qoyulub, bu ilin 10 may tarixində isə istifadəyə verilib:

"Baş plana əsasən, 2 hektar ərazidə inşa olunan kompleks 12 binadan ibarətdir. Binaların 8-i iki, qalanları isə üçmərtəbəlidir. Müasir şəhərsalma standartlarına uyğun tikilən ərazidə uşaq oyun meydançası, idman zonası, söhbətgahlar, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb. Burada, həmçinin məktəb, uşaq bağçası və xəstəxana kimi sosial infrastruktur obyektlərinin inşası da nəzərdə tutulur. Yaşayış məhəlləsi Zəngilan Konqres Mərkəzi və rayon məscidinə yaxın ərazidə yerləşir".

Qeyd olunub ki, kompleksin tikintisi prosesi zamanı ölkə başçısı iki dəfə ərazidə olub, görülən işlərlə yerində tanış olub.

"Artıq 59 ailə Zəngilana köçürülərək mənzillərin açarlarını təhvil alıb. Bu gün isə daha 5 ailə doğma yurda qayıdıb", - deyə İ.Rza vurğulayıb.

Seçilən
1
1
far.az

10Mənbələr