AZ

Türkiyə Mərkəzi Bankı inflyasiya gözləntisini yüksəltdi

Türkiyə Mərkəzi Bankı Yaxın Şərqdəki gərginliyin enerji qiymətlərinə təsiri səbəbindən 2026-cı il üzrə inflyasiya proqnozunu artırıb. Bank ilin sonu üçün inflyasiya gözləntisini 18 faizdən 26 faizə qaldırıb.

“Deutsche Welle” telekanalının yaydığı məlumata görə, Mərkəzi Bankın rəhbəri Fatih Karahan bildirib ki, Yaxın Şərqdəki gərginlik, xüsusilə, neft və nəqliyyat xərclərini artırıb. Hörmüz boğazı ilə bağlı risklər enerji bazarında ciddi narahatlıq yaradıb.

Bank, həmçinin 2026 inflyasiya hədəfini 24 faizə, 2027 hədəfini 15 faizə, 2028 hədəfini isə 9 faizə yüksəldib. Bu qərar “doğru addım” kimi qiymətləndirilir.  Neft və qaz qiymətlərinin sürətlə bahalaşması inflyasiyanı artırır və buna görə Mərkəzi Bank sərt pul siyasətini davam etdirir.

İqtisadçı Cevat Giray Aksoy bildirib ki, hökumətin də Mərkəzi Bankla koordinasiyalı işləməsi vacibdir. O qeyd edib ki, sadəcə faiz siyasəti kifayət etmir, dövlət xərclərinə də nəzarət olunmalıdır.

Digər ekspert Caner Özdurak isə deyib ki, neft qiymətlərinin qeyri-sabit olması inflyasiya riskini artırır. Onun sözlərinə görə, hökumət büdcə xərclərində daha diqqətli olmalıdır.

Hazırda Türkiyədə əsas faiz dərəcəsi 37 faiz səviyyəsində saxlanılır. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
47
azerbaijan-news.az

1Mənbələr