Azvision saytına istinadən ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ailə institutunun qorunması və dövlət siyasətinin prioritetləri barədə mühüm məqamlara toxunub. Komitə sədri bildirib ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Ailə Gününün təsis edilməsi dünyada ailə dəyərlərini təhdid edən mənfi tendensiyalara qarşı beynəlxalq səyləri birləşdirmək məqsədi daşıyır. Onun sözlərinə görə, ailə quran cütlüklərin sayının azalması və demoqrafik proseslərdəki geriləmələr bu gün qlobal səviyyədə ciddi narahatlıq doğurur. Azərbaycanın bu məsələdə çox məsuliyyətli mövqe nümayiş etdirdiyini vurğulayan Bahar Muradova deyib: “Azərbaycan həm qanunvericilik bazası, həm də həyata keçirilən layihələr baxımından ailə dəyərlərinə və onun inkişafına ən çox diqqət yetirən ölkələrdən biridir. Xalqımızın ən güclü sütunu məhz onun ailə dəyərləridir. Təsadüfi deyil ki, bizim əsas şüarımız da elə "Ailəmiz – ən güclü dəyərimizdir" ifadəsidir.” Çıxışda həmçinin ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində formalaşmış güclü hüquqi bazadan bəhs edilib. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan “Uşaq hüquqları haqqında” qanun illər ərzində təkmilləşdirilərək, uşaqların hüquqlarının reallaşdırılması üçün mükəmməl mexanizmlər yaradıb. Sonda Bahar Muradova qeyd edib ki, ölkədə demoqrafik göstəricilər hələ ki stabil olsa da, mövcud qlobal meyillər rəsmi qurumların və yerli icmaların bu sahədə daha sıx əməkdaşlıq etməsini zəruri edir. Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.