AZ

Kainatın ən böyük yeni xəritəsi 

Astronomlar Arizona ştatındakı Mayall teleskopuna quraşdırılmış xüsusi cihaz vasitəsilə kainatın indiyə qədərki ən geniş və detallı xəritəsini hazırlayıblar. 

“BBC” xəbər verir ki, 5 min “fiber-optik gözü” olan bu cihaz 47 milyondan çox qalaktikanı və 20 milyondan çox ulduzu qeydə alaraq, elmi dünyanı heyrətləndirən nəticələr ortaya qoyub. Bu nəhəng xəritə 11 milyard işıq ili uzaqlıqdakı məsafəni əhatə edir. Bu isə o deməkdir ki, biz kainatın 13,7 milyard il əvvəlki başlanğıcına çox yaxın olan erkən dövrlərini görə bilirik.

Kainatın 70 faizini təşkil edən və onun sürətlə genişlənməsinə səbəb olan gücə qaranlıq enerji deyilir. İndiyə qədər alimlər (hətta Eynşteyn də daxil olmaqla) bu enerjinin sabit olduğunu düşünürdülər. Lakin xüsusi cihazın tapıntıları bu fikri alt-üst edə bilər. Yeni müşahidələr göstərir ki, qaranlıq enerjinin təsiri zamanla zəifləyir. Əgər qaranlıq enerji sabit deyilsə, bu, müasir kosmologiyanın bütün qaydalarının yenidən yazılması deməkdir.

Bəs kainatın sonu necə olacaq? Əgər qaranlıq enerji zəifləməyə davam edərsə, kainatın gələcəyi ilə bağlı proqnozlar tamamilə dəyişər. Genişlənmə sürəti azala bilər və cazibə qüvvəsi qalaktikaları yenidən bir araya gətirməyə başlaya bilər. Bu ssenari elmdə “Böyük Çöküş” adlanır, yəni kainatın genişlənməkdən vaz keçib öz daxilinə doğru sıxılması.

Alimlər xəritəni daha 20 faiz böyütməyi planlaşdırırlar. Məqsəd kainatın kütləsinin böyük hissəsini təşkil edən, lakin birbaşa görünməyən “qaranlıq maddə”ni daha yaxşı anlamaqdır. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
37
azerbaijan-news.az

1Mənbələr