AZ

Tramp İranı BUNA görə qırılma nöqtəsinə gətirə bilmir 

ABŞ İranın münaqişənin nizamlanması ilə bağlı təqdim etdiyi 14 maddəlik planı tamamilə rədd edib. Bu barədə “Tehran Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Tehran Vaşinqtondan cavab alıb və həmin cavabda ABŞ tərəfi, xüsusilə İranın nüvə proqramı məsələsində əvvəlki təzyiq siyasətinə sadiq qalıb. Bildirilir ki, əgər ABŞ İslam Respublikasının təkliflərini qəbul etsəydi, Tehran nüvə dosyesini də əhatə edən danışıqların ikinci mərhələsinə başlamağa hazır idi.

Prezident Donald Tramp daha əvvəl bəyan etmişdi ki, İran Vaşinqtonla razılaşma əldə etməlidir, əks halda onu məhv gözləyir. Onun sözlərinə görə, bu, “yalnız zaman məsələsidir”. Bundan əvvəl İranın Belarusdakı səfiri Ali Reza Sanaeyi bildirmişdi ki, ABŞ və İsrail hakimiyyətləri İranla münaqişənin həllində diplomatik yanaşmalara getdikcə daha az diqqət yetirirlər.

Hikmət

Milli Məclisin üzvü Hikmət Babaoğlu hesab edir ki, ABŞ Prezidenti Donald Trampın Çinə səfəri zamanı İranla bağlı hər hansı həlledici qərarın verilməsi gözlənilən deyildi.

Musavat.com-a şərhində deputat bildirib ki, Çinin nə təkzib, nə də təsdiq etdiyi bir məsələ var:

“ABŞ tərəfi bəyan etdi ki, Çin İrana silah göndərməyəcək və ona dəstək verməyəcək. Hələlik rəsmi informasiya budur. Çin tərəfi bunu təsdiq etməsə də, güman etmək olar ki, bu mövzu iki lider arasında müzakirə olunub. Belə olan halda Çinin mövqeyinə diqqət yetirsək, razılaşdırılmış kimi görünən məsələlərdən biri də ondan ibarətdir ki, Hörmüz boğazından keçid üçün hər hansı rüsumun yaxud ödənişin olmasını Çin də istəmir.

Bu məntiqə uyğundur çünki boğazdan ən çox gəmi keçirən ölkələrdən biri Çindir. Son 8 aylıq müddətdə ilk dəfə Tramp diplomatiyası öz leyinə ağıllı addım atmış oldu – Çinin neytral qalması üçün zəmin yaratdı. Ancaq bundan sonra ABŞ diplomatiyası Avropadakı, xüsusilə NATO müttəfiqlərindən də dəstək alsa bilsə, yalnız o zaman Yaxın Şərqdə üstünlük əldə edə bilər. Hələlik Donald Tramp müharibənin davam edəcəyini bildirib. Bu, birbaşa mövqe bildirən cümlədir.

Düşünürəm ki, vəziyyət daha da gərginləşib. Tərəflərdən biri öz gücünün qırıldığını hiss etməyənə qədər gərginlik davam edəcək. Diplomatiyadan başqa bütün amillər ABŞ diplomatiyasının lehinədir. Ancaq ABŞ bu amilləri ümumiləşdirib, diplomatiya müstəvisində vahid gücə çevirə bilmədiyi üçün müharibədə İranı qırılma nöqtəsinə gətirə bilmir. Fikrimcə, önümüzdəki mərhələdə bu baş verməlidir”.

O ki qaldı Yaxın Şərqdəki gərginliyin ölkəmizə təsirlərinə, H.Babaoğlu qeyd edib ki, Azərbaycan çox dərin və ağıllı diplomatiya ilə özünü bu prosesdən kənarda saxlaya bilib:

“Müharibənin başladığı ilk günlərdə bir qədər həyəcan keçirsək də, İran raketləri Azərbaycan ərazisinə düşsə də, Azərbaycan bu gün “qızıl ortanı” tapmaqla özünü dağıdıcı proseslərdən qorumağı bacarıb. Bu da təhlükəsizlik baxımından olduqca əhəmiyyətlidir. Məncə, Azərbaycan bu siyasəti davam etdirəcək. Biz bu müharibənin bir parçası deyilik. Biz sabitlik adasıyıq və gələcəkdə də belə olacaq”.

Nigar Həsənli,
Musavat.com

Seçilən
48
musavat.com

1Mənbələr